“Mahnının müəllif
hüququ qorunmalıdır”
Faiq Sücəddinov: “Bir xalqın mədəniyyəti olmayanda, başqa xalqın mədəniyyətini mənimsəyir”
Vüqar Camalzadə: “Bizim
müğənnilər də xarici
mahnıları oxuyan zaman
bəstəkarı qeyd etmirlər”
Bu gün bir çox mahnılarımız oğurlanmaqla yanaşı, həm də anonim qeyd edilir. Mədəniyyət nümunələrimiz ermənilər tərəfindən oğurlanır, Azərbaycan müəlliflərinin hüquqları qonşu ölkələrdə pozulur. Bu barədə “Üç nöqtə”yə danışan əməkdar incəsənət xadimi Faiq Sücəddinov belə halların mövcud olduğunu və yenə də davam edəcəyini bildirdi: “Dahi bəstəkar Fikrət Əmirovun “Reyhan” mahnısını türk ifaçıları oxuyurlar və anonim qeyd edirlər. Mənim “Neylərsən” mahnımı anonim kimi təqdim edirlər. Mahnının müəllifi qorunmalıdır. Hətta mən Müəllif Hüquqları Agentliyinə müraciət də etmişdim. Yenə ölçü götürmədilər, nəticəsi olmadı. Müəllif Hüquqları Agentliyi bu kimi hallara fikir verməlidir. Bu gün bizim bir çox xalq mahnılarımızı anonim oxuyurlar. Bu, böyük problemdir”.
Faiq Sücəddinov onu da qeyd edti ki, bizim ifaçılar da türk mahnılarını icazəsiz oxumamalıdırlar: “Hər şey qayda-qanunla olmaldır”.
Bəstəkar dedi ki, Qafqaz xalqları, xüsusən də ermənilər mahnılarımızı oğurlayırlar: “Burada söhbət musiqimizlə yanaşı, milli mətbəximizdən, söz mədəniyyətimizdən də gedir. Mədəniyyətimizi mənimsəməyə çalışırlar. Bir xalqın mədəniyyəti olmayanda başqa xalqın mədəniyyətini mənimsəyir”.
Əməkadar incəsənət xadiminin sözlərinə görə, mahnıların anonim təqdim edilməsi ona pis təsir edir: “Hər bir vətəndaş öz vətənini, öz şəxsiyyətini istəyirsə, ona pis təsir edir. Adam özünü təhqir olunmuş hiss edir. Nəyə görə belə olmalıdır? Bir veriliş var idi, orada 100-dən artıq mahnımızı mənimsəyiblər. Çox mahnılarımız “KRAL TV”də anonim gedir. Bəlkə də mahnının bəstəkarının kim olduğunu bilirlər, amma anonim yazırlar. Bu kimi hallar çox baş verir. Mən xaricdə işləyəndə bizim mahnılarımızın oğurlandığını eşidirdim. Moskvada da bizim xalq mahnılarımızı oğurlayırlar. Öz adlarına keçirirlər. O məsələ çox ağrıdıcı mövzudur. Bu sahədə çox danışılıb, amma heç bir dəyişiklik olmur. Bu gün də mahnılarımz anonim qeyd olunur”.
Bəstəkar Vüqar Camalzadə bəstəkar mahnılarının anonim göstərilməsinə mənfi yanaşır: «Bizim müğənnilər də bir çox xarici mahnıları oxuyan zaman bəstəkarı qeyd etmirlər. Məsələn, İbrahim Tatlısəsin, Adriana Çelantanonun mahnısını qeyd etmək olar. Heç vaxt mahnının müəllifini axtarıb, onu bildirmirik. Demək olar ki, mahnıları anonim təqdim edirik. Yalnız türk, italyan mahnısı olduğunu yazırıq. Amma qayda-qanunla bəstəkarın adı yazılmalıdır. Mahnı müğənnilərin xoşuna gəlirsə, onu ifa edirlər. Amma mahnının bəstəkarını çox vaxt axtarmırlar. İfaçılar çox dərininə getmək istəmirlər”.
Bəstəkar onu da əlavə etdi ki, mahnıların anonim kimi yazılmasına böyük problem kimi yanaşmır: “Əsasən, musiqi gözəl səslənməlidir. İfa səsləndikdən və tanındıqdan sonra müəllifi axtarıb tapacaqlar, onun kim olduğunu biləcəklər. Təbii ki, hansısa bir türk müğənnisinin Azərbaycan mahnısı oxuyan zaman bəstəkarın adını qeyd etməsi yaxşı olar. Yazmasa da, bu, dünya dağıdacaq problem deyil. Əsas odur ki, mənim əsərim səslənsin. Görsünlər, dinləsinlər. Mahnı haqqında maraqlananda, müəllifi tapacaqlar. Çünki bu kimi hallar həmişə olub”.
Rəqsanə
Üç nöqtə.-2014.- 13 avqust.-
S. 13.