“Atam deyir ki, sən olmasaydın sənəti çoxdan tərk eləmişdim”

 

Fərqanə Qasımova: “Alim Qasımovun övladı olduğum, onun musiqisi, yaradıcılığı, əzəməti ilə böyüdüyüm üçün hər zaman fəxr edirəm”

 

Hər insan öz sənəti və insanlığı ilə yüksəlir. Bunların hər ikisini özündə təcəssüm etdirmək hər insana sahib olmur. Amma Fərqanə Qasımova sənəti, mənəviyyatının zənginliyi, insanlığı və sadəliyi ilə bunları fəth etməyi bacardı. Azərbaycan muğamını ustadı Alim Qasımovla dünyaya tanıdan, istedadlı və tanınmış xanəndə Fərqanə Qasımova “Şənbə qonağım”ızdır. Muğam ifaçısının səmimi müsahibəsini sizlərə təqdim edirik.

- Fərqanə xanım sənət yolunuz necə keçib?

 - Muğamı Alim müəllimlə bərabər oxumağımız böyük yenilik oldu. İnanmıram ki, bizdən sonra kimsə muğamı belə oxusun. Onun üçün ata-bala, iki ürəkdə bir qəlb, dost olmaq, uşaqlıqdan əlinə dəf almaq, layla və tar ilə böyümək lazımdı. Muğam çox çətin sənətdir. Atam balaca vaxtı bardaş qurdurub və əlimə tar verib. Beləliklə mənə muğam öyrətməyə başlayıb. Nə dərəcədə onun öhdəsindən gəlmişəmsə, onu tamaşaçılar deyə bilər. Ancaq Alim müəllimin öyrətdikləri və çəkdiyi əziyyətlər hamısı qəlbimdə və oxuduğum muğamlardadı. Atam 35 ildir sənətdə olsa da, deyir ki, mən 100 illik oxumuşam. Həqiqətən də atam əziyyətli bir sənət yolu keçib. Ona görə bəzən yorulur. Buna görə də biz efirlərdə və ya başqa tədbirlərdə tək-tək də görünürük. Bu ayrılıqlar yalnız vəziyyətdən çıxmaq üçündür, heç vaxt fikir ayrılığı ola bilməz. Alim Qasımovun övladı olduğum, onun musiqisi, yaradıcılığı, əzəməti ilə böyüdüyüm üçün hər zaman fəxr edirəm. Göydə Allah, yerdə atamın razılığı mənim üçün böyük önəm daşıyır. Həmişə yaxşı mənada bu insanın qoruması altında olmuşam. Sevinirəm ki, mənəviyyatı, daxili gözəl insanın sayəsində öz həyatımı tapmışam.

- Uşaqlıqdan tanınmış xanəndə olacağınızı düşünürdünüzmü?

- Həyata hər zaman sadə baxmışam. Əlimdə elə bir imkan var ki, qısa vaxtda şöhrət tapa bilərəm. Ancaq daxili aləmimi sındıra bilmərəm və mənim üçün şöhrət, madiyyat vacib deyil. Daxilimdəki səs pozulsa, depressiyaya düşə bilərəm. Daxilimdən gələn səsə qulaq asıram. Populyarlaşmağımı bu cür izah edə bilərəm. Heç vaxt nəyəsə görə tələşməmişəm və cəhd etməmişəm. Ancaq muğamı düzgün və yaxşı oxumağı fikirləşirəm. Muğamı atamın oxuduğu kimi ifa etməyə çalışıram. Tez populyar olmağı, tanınmağı düşünməmişəm. Özüm üçün sənətdə qadağa qoymasam da, hərəkətlərimə nəzarət edirəm. Təbii ki, bayıra çıxıramsa, geydiyim paltara, davranışıma, hərəkətimə fikir verməliyəm. Bu hər insanda olmalıdır. Böyük qadağalarım yoxdur. Mən çox sadə geyinirəm. Bəzən mənə deyirlər siz Fərqanə Qasımovaya oxşayırsınız. Deyirəm ki, bəli Fərqanə xanımam. Tanıyanda çox hörmət edirlər.

- Alim Qasımovla duet oxumağa necə başladınız?

- Uşaqikən atam deyirdi ki, qızım sən böyüyəcəksən və mənimlə konsertlərdə oxuyacaqsan. Sən oxuyanda insanlar dəsmal götürüb ağlayacaq. Ay camaat dəsmallarınızı hazırlayın Fərqanə oxuyacaq. Bu sözü dedikdən sonra “Segah” oxuyurdu. 1996-cı ildə ailəliklə atamla Fransaya, Türkiyəyə səfərə getdik. 16 yaşım var idi. Orada mənə dedi ki, qızım səni səhnəyə dəvət edəcəm. Dedim ki, yox qorxuram. Konsertin axırında məni çağırdı, mahnı oxudum və alqışla qarşılandı. Atam da qeyd etdi ki, elə bir konsertə yeni güc gəldi. O vaxtdan bizi bərabər çağırdılar. İki diskimiz çıxdı. Beləcə 17 ildir ki, bir yerdə fəaliyyət göstəririk. Uşaqlıqdan çox çalışqan olmuşam. Atamın verdiyi bütün tapşırıqları öyrənmişəm, tənbəl olmamışam. Dəfimi çalmışam, qəzəllərimi öyrənmişəm. Sadəcə sənətdə mənə bir şey ağır gəlib ki, mən atam kimi toyları, səhnələri paylaşa bilmədim. O imtahanları ürəyim istəyən kimi verə bilmədim. Gərək kişi olardım ki, çağrılan hər bir yerə, toylara gedə bilərdim. Heyif ki, qadın oldum. Amma atamın verdiyi bütün tapşırılqları yerinə yetirməyə çalışmışam.

- Alim Qasımov niyə məhz övladlarından sənəti davam etdirmək üçün sizi seçdi?

- Atam ailəlikcə musiqiçi olmağımızı istəyirdi. Bacım və qardaşımı tara və kamaçaya qoymuşdu. Onlar davam etmədilər, çünki bunun üçün həvəs, eşq lazımdır. İçimdəki həvəs, məsuliyyət mənə kömək etdi. Heç nədən geri qalmamağa, bacardığım qədər atamın dalınca getməyə çalışırdım.

- Hər zaman qeyd edirsiniz ki, həyatda və sənətdə ən böyük dəstəkçim atamdır. Bəs siz Alim Qasımova necə dəstək olursunuz?

- Atam deyir ki, sən olmasaydın sənəti çoxdan tərk eləmişdim. Sənə görə davam edirəm. Atam hərdən yorulur və deyirdi ki, Allah uzaq eləsin səsim batsaydı, musiqidən uzaqlaşardım. Deyirdim ata yalan deyirsən. Səs insanın övladı kimidir. Əgər o insandan qopsa, ağır bir stress yaşaya bilər. Arada atamın səsində problem oldu və bu zaman o çox əziyyətlər çəkdi, xüsusi idmanlar etdi. Dedim ata gördün səsindən ayrıla bilmirsən, səsin, istedadın səndən ayrılmadı. İndi Allaha şükür hər şey yaxşıdı. Bizi konsertlərə dəvət edəndə mən geridə qalmayım deyə atam səhnələri bölüşürdü. Atamın mənim üzərimdə çox əziyyyəti var və o boşa getmədi. Onun səhnədə qalmağına stimul verdi. Muğam ifa etmək çox gözəl hisdi. Oxuya-oxuya başqa aləmə, oxuduğun muğamın təsirinə düşürsən. Muğam bir aləmdi və o aləmə tamaşaçıları da aparırırsan.

- Ailə və sənət ikisi bir arada sizə çətin olurmu?

- Həmişə səfərlərə gedəndə uşaqları anamın yanında qoyuram. Xoşbəxtəm ki, onları ən etibarlı əllərə tapşırıb gedirəm. Bu baxımdan çox rahatam. Bakıda olanda isə özüm baxıram. Anama əziyyət verməməyə çalışıram. Vaxtımın çoxunu övladlarımla keçirirəm. İndiyə qədər dayələri olub, amma bu ildən özüm baxıram.Bəzən güzgüdə baxanda görürəm ki, üzümdə illərin yorğunluğu, əziyyəti var. Bu hallarda həmişə fikirləşirəm ki, sən güclü olmalısan, səsin, sənətin var, cavan, gözəl görsənməlisən. İnsanın içində olan Allah eşqi var ki, o adamı ayaqda saxlayır.

- Yoldaşınız sənət aləmindəndir?

- Yoldaşım sənət aləmindən deyil. Amma sənəti sevən insandı. Hər zaman mənə dəstək olur. Özü tar çalır.

- Övladlarınızın bu sənəti davam etdirməsini istəyirsiniz?

- 3 qızım, 1 oğlum var, çox istedadlıdırlar. Qızlarımın musiqi sahəsində olmasını istəyirəm. Amma ifaçı kimi yox, bəstəkar və ya alət ifaçısı olmalarını istəyirəm. Qızımı skripkaya qoymuşdum, hazırda dayandırıb. İndi xarici mahnıları oxuyur. Qadın üçün oxumaq çətindi. Qadının isməti, həyası hər şeydən önəmlidir. Allah atamın canını sağ eləsin o mənim qapılarımı açıb. Amma oğlumun ifaçı olmasını çox istəyirəm. O bir az tənbəldi, amma səsi çox gözəldi.

- Sənətinizdə Alim Qasımovdan bəhrələnmisiniz . Başqa kimləri dinləyirsiniz?

- Alim Qasımov kimlərdən bəhrələnibsə, mən də onlardan bəhrələnmişəm. Atam konsertlərə necə diqqətlə hazırlaşırsa, kimə qulaq asırsa mən də onları atam kimi etmişəm. Kimə qulaq asıb onu dinləmişəm, hansı qəzəlləri oxuyur onları öyrənmişəm. Axır vaxtlarda yaradıclığımda bir az dəyişiklik edərək başqa janrlara müraciət etdim. “Durnalar”, “Ayrılıq olmayadı”, “Qəbahətim böyükdür” kimi mahnıları ifa etdim.

- Atanızın sizə həyatda və sənətdə iradları və tövsiyyələri nələrdir?

- Sənətimlə bağlı tövsiyyələri çoxdu. Ancaq indiyə qədər də sənətdə irad tutur. Bəzən çox razı qalır və deyir ki, indi bildim sən mənim qızımsan. Bəzən isə həvəssiz oxuduğumu deyir. Mən də deyirəm ki, sən nə qəribə adamsan heç nəyi bəyənmirsən? Yox mən istəyirəm ki, sən mən deyən kimi olasan deyir. O məndə arxayınçılıq yaratmır. Uşaqlıqdan onunla yol yoldaşı olmuşam. Mənə görə Bakıya köçdük. Musiqi məktəbinə qoyub, məşqlərə aparıb, maşın sürmək öyrədib. Məni hərtərəfli böyütmək üçün əlindən gələni edib. Magistraturanı oxudum, indi aspiranturada oxuyuram. Məni uşaq vaxtı dizinin üstündə oturdaraq maşın sürmək öyrədirdi. Maşın alanda sürməyə icazə vermirdi ki, birdən adam vurarsan. Biz artıq onunla dostuq. Onun baxışından bilirəm ki, nə demək istəyir. Mənim üçün həyatda ən böyük dərd atamın məndən küsməyi olar. Şükür elə bir hal olmayıb. Atam məndən küssə bəlkdə də ölərəm, dözə bilmərəm. Ona o qədər böyük bir insan kimi baxıram.

- Bir çox xarici ölkələrdə ölkəmizi təmsil etmisiniz. Yenə səfərlər gözlənilirmi?

10620671_1502830206628145_5263980215984472444_n- Bu yaxınlarda Polşaya, Sloveniyaya çağırdılar. Yenə inşallah Alim müəllimlə səfərlərimiz var. Sentyabrın 19-da Almaniyaya gedəcəyik. Orada biz özümüzü çox rahat hiss edirik, bizi görən kimi salam verirlər. Oktyabrda isə Meksikaya səfərimiz var. Səfərlərə biz çörək ağacı kim baxırıq. Səfərlər gələndə düşünürük ki, balalarımız ac qalmayacaq. Pul toy şənliklərdən qazanılır, amma mən şənliklərə getmirəm. Yaradıcılığımda çox planlarım var. İnşallah yenə solo konsert vermək istəyirəm. Yeni disklər çıxaracam. Bunun üçün çoxlu maliyyə tələb olunur. Biz o maliyyəni əldə edə bilmirik. Amma yenə də arzular var.

 

Rəqsanə Həsənova

Üç nöqtə.-2014.- 23 avqust.- S. 13.