“Xalça
ayı, ulduzu, səmanı görsə arzular yerinə yetir”
Təranə Məlikova: “Lətif
Kərimov hətta maşın getməyən
ən ucqar yerlərdən belə evlərdən xalçaları
toplayıb muzeyi formalaşdırıb”
Rusiyalı Janna Robertovna:
“Xalçalardakı gözəl ornamentlər mənim diqqətimi
cəlb etdi”
Azərbaycan dünyada mədəni tarixi ilə öz sözünü deyən ölkələrdəndir. Hər zaman xarici ölkələrdə çıxış edən həmvətənlərimiz xoş münasibət gördüklərini, mədəniyyətimizin diqqət çəkən olduğunu, xaricilərin Azərbaycan haqda bir çox məlumat almaq istədiklərini deyirlər. Çünki qədim tarixi mədəniyyət hər bir xalqı maraqlandırır. Azərbaycanı dünyada tanıdan, bir çox xalqların diqqət mərkəzində olan və bir çox insanlara möcüzə kimi gələn mədəni nümunələrimizdən biri də xalçalarımızdır. 2010-cu ildə xalça sənətimiz YUNESKO-nun bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edildi. Artıq xalçaya və xalçaçılığa maraq artmağa başlayıb. Azərbaycanda tarixi və müasir xalçalarımızla tanış ola və məlumat ala biləcəyimiz ən yaxşı ünvan isə Azərbaycan Xalça Muzeyidir. Bu dəfə üz tutduğumuz ünvan da məhz bu muzey oldu. Elə muzeyə daxil olan anda məlumat aldıq ki, o artıq yeni binaya köçürülür və bununla bağlı əsaslı işlər aparılır. Belə ki, yeni mövsümdə muzey yeni binada və bir çox yenilikləri ilə istifadəyə veriləcək. Lakin hələ də fəaliyyətini davam etdirən binaya gələn qonaqların sayı hesabı yox idi. Gələnlər arasında xaricilər daha çox idi desək, yanılmarıq və muzeyin bələdçiləri gələn qonaqlara xalçalar haqda məlumat verirdirlər. Bizə isə bələdçiliyi muzeyin əməkdaşı Təranə Məlikova etdi. Bildirdi ki, muzeydə XVII əsdən başlayaraq müxtəlif dövrlərə aid xalçalar var. XIX-XX əsrə aid xalçalar muzeydə üstünlük təşkil edir. Xalçalarla yanaşı, muzeydə xalça məmulatları, milli geyimlər də var. Muzey yaranan vaxtlarda Lətif Kərimov hətta maşın getməyən ən ucqar yerlərdən belə evlərdən xalçaları toplayıb muzeyi formalaşdırıb. Açılışdan sonra muzeyin fondları daha da zənginləşdirilib.
Naxışların inteqrasiyası
Təranə xanım bildirdi ki, muzeydə daha çox əjdaha motivli xalçalar üstünlük təşkil edir. Əjdaha isə Şərqdə gücün, qüvvətin simvolu hesab olunur: “Xalça üzərində istifadə olunan əjdaha və bulud elementləri Çin mədəniyyətindən götürülmədir. İncəsənətdə, mədəniyyətdə elementlər bir-birindən götürülə bilər. Qarabağın “Baxçada güllər” adlanan xalçasında xaxlama elementləri var. XIX əsrin əvvəllərində Azərbaycanda neft sənayesi yüksək inkişaf etdiyi üçün ölkəmizdən Rusiyaya neft daşınırdı. Oradan da bizə yaylıqlar, konfet kağızları gətirilirdi. Onların üzərindən götürülmüş xaxlama elementləri Qarabağ xalçalarının üzərini bəzəyir. Qarabağ xalçaçıları həmin naxışları xalça üzərinə köçürüblər. Buna naxışların inteqrasiyası da deyə bilərik.
Amerikalı xanımın muzeyə hədiyyələri
T.Məlikova bildirdi ki, dünyanın bir çox muzeylərində, şəxsi kolleksiyalarında Azərbaycan xalçaları qorunub saxlanılır, nümayiş olunur. Ötən il amerikalı xanım Beverli Şilts həyat yoldaşı ABŞ-ın Şərq Xalçası və Tekstili üzrə Çikaqo Cəmiyyətinin sabiq üzvü Qrover Şilts dünyasını dəyişəndən sonra onun kolleksiyasında olan iki xalçanı muzeyə hədiyyə edib. Onlardan biri daha qədim xalçadır. Belə ki həmin xalça XVII əsrə aid Qarabağ xalçasıdır. Üzərində əjdaha elementləri əks olunub.
Amerika şagirdlərinin marağı
Təranə xanım deyir ki, yay ayları olduğu üçün məktəblilər az gəlir: “Amma sentyabr ayından başlayaraq məktəblilər hədsiz çox olur. Xaricilər hər gün gəlir və onlar xalçalarımız haqda daha çox məlumat almaq istəyirlər. Ən çox gələnlər ingilislər, yaponlar, çinlilər və.s-lərdir. Xalçaların gözəlliyi onları heyran edir. Muzeydə nümayiş olunan hər bir xalça haqda məlumat alırlar. Simvollar, xalçadakı ornamentlərlə çox maraqlanırlar. Muzeyə məktəb vaxtları amerikalı məktəblilər gəlirlər. Onlar bizim xalçalarla çox dərindən maraqlanırlar. Xalçalar onlara çox maraqlı gəlir. Hər bir xalça haqda məlumatlı olmağa çalışırlar. Sentyabr ayından yəqin yenə gələcəklər”.
“Xalça ayı, ulduzu, səmanı görsə arzular yerinə yetir”
Muzeyin ən diqqət çəkən xalçalarından biri də “Vərni” xalçasıdır. Təranə xanımın sözlərinə görə xovsuz xalçanın bir növü olan “Vərni”nin üzərindəki elementlər əjdahanın simvoludur. Muzeydəki “Vərni” xalçası XIX əsrə aid Qarabağ xalçasıdır: “Bu xalça bəzən iki hissədən toxunub sonra tikiş vasitəsilə birləşdirilirib, ya da bütöv şəkildə toxunub. Muzeydə kər iki növü var. Bildiyimə görə, “Vərni” xalçasını Azərbaycanın bəzi bölgələrində hədiyyə vermirlər. Ümumiyyətlə, xalçalar inanclarla çox bağlı olur. Maraqlı xalça növlərindən biri də “Şəddə” xalçasıdır. Bu xalçanın üzərində dəvə, bəzən də at təsvirləri verilirdi. İnsanlarda elə bir inanc olub ki, bu hansısa mistika ilə bağlı xalça olub. Hər hansı bir xəstə şəxs həmin xalçanın mərkəzində otururmuşsa, həmin insan sağalırdı. Yaxud da bayram ərəfələrində qız gəlinlər bu xalçanın üzərində oturub arzu tuturdular. Sonra həmin xalçanı 7 gün çöldə çəpərlərin üstünə atırmışlar. Belə inam var imiş ki, xalça ayı, ulduzu, səmanı görsə arzular yerinə yetir. Xalçanın üzərində 106 dəvə təsvir olunurdu. Bu da o deməkdir ki, insanın dünyaya gəlişi bir dəvə karvanına bənzəyir”.
Rus rəssamının eskizləri Azərbaycan xalçalarında…
Təranə xanım məlumat verərkən onu da dedi ki, rus rəssamı İqor Burqanov eskizlər hazırlayır və onun əsasında Azərbaycan xalçaçıları toxuyurlar. Muzeydə İqor Burqanovun eskizləri əsasında hazırlanan xalçalardan ibarət sərgi də keçirilib.
“Yaponlar Azərbaycan xalçalarına hədsiz maraq göstərirlər”
Daha sonra muzeyə gələnlərin yanına baş çəkmədən, onunla söhbət etmədən, hətta bir iki ilmə öyrət demədən getmədikləri xalça toxuyan xanım Məlahət Əliyevaya baş çəkdik. Məlahət xanım deyir ki, gələnlərin çoxu xalçalar haqda məlumat toplayırlar: “Hətta toxumağı öyrənmək istəyənlər də olur. Bu işin çətin olub-olmaması ilə maraqlanırlar. Yaponlar Azərbaycan xalçalarına hədsiz maraq göstərirlər. Xalçaçılıq çətin sənət deyil. Heç yorulmuram, işimdən həzz alıram. Lətif Kərimov kimi məşhur xalçaçının tələbəsi olmuşam. Özümün də saysız hesabsız tələbələrim olub. İlk sənətim musiqi müəlliməliyi olub. Uşaqları ekskursiyaya aparanda xalça işini görüb sevmişəm. Artıq xalça mənim həyatımdır”.
“Rusiyalı olaraq xalça mədəniyyətiniz mənim üçün maraqlıdır”
Daha sonra muzeyə gələnlərin təəssüratlarını öyrəndik. Rusiyanın Kalininqrad şəhərindən Azərbaycana istirahətə gələn Janna Robertovna Bakının bir çox gəzməli-görməli, mədəni, tarixi yerlərində oduğunu dedi: “İçəri şəhərdə, Qız Qalasında, Şəhidlər Xiyabanında və bir neçə yerlərdə olmuşam. Hazırda isə xalçalarınızla tanış oldum. Rusiyalı olaraq xalça mədəniyyətiniz mənim üçün maraqlıdır. Xalçalardakı gözəl ornamentlər mənim diqqətimi cəlb etdi. Atəşpərəstliklə bağlı aldığım məlumatlar mənim üçün çox maraqlı oldu. Muzeydən gözəl təəssüratla ayrılıram. Xalça Azərbaycanın maraqlı mədəniyyət nümunəsidir”.
Diqqətimizi çəkən daha bir məqam Gözəl Həsənovanın xalçalar haqda öyrənmək istədiyi məlumatlar oldu. Bələdçilərin verdiyi məlumatların yetərli olduğunu deyən Gözəl xanım onu da bildirdi ki, muzeyə getmək onun üçün fərqli bir əhval yaradır: “Bəzən bələdçi ilə, bəzən də bələdçisiz muzeyləri gəzirəm. Marağım var. Bəzən heç bir məlumat almadan baxmaqla öz biliklərimi təkmilləşdirirəm. Çünki mədəni nümunələrimizi dünyaya biz tanıtmalıyıq”.
Yeni muzeydə yeni xalçalar…
Sonda Təranə xanım bildirdi ki, muzeyin yeni binası hazırdır və köçürülmə işləri aparılır. Həmin binada xalçalar mövzuya uyğun olaraq nümayiş olunacaq. Muzeydə mövzuya uyğun yeni xalçalar da görə biləcəyik. Yeni muzey bir çox yenilikləri ilə istifadəyə veriləcək.
Aygün Asimqızı
Üç nöqtə.-2014.- 23 avqust.-
S. 10.