«Heç
nəyə görə ailəni qurban vermək
olmaz»
Almaz Mustafayeva: «Çətinlik
zamanı heç kimə ağız açmamışam, hətta
öz qohumlarıma da»
Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayevadır. O deyir ki, Gənc Tamaşaçılar Teatrının kollektivi ailə kimidir: «İki ailəm var, biri öz ailəm, biri də teatr. Teatrsız yaşaya bilmərəm. Evdə iki gün olanda belə az qalır bağrım çatlasın. Tamaşa da olmayanda teatra gedirəm. Vaxtımı iş yoldaşalarımla keçirirəm. Özümü teatrsız təssəvvür edə bilmirəm. Ruhumla teatra, kollektivimizə bağlıyam» deyir. «Şənbə qonağı»mız olan Almaz Mustafayevanın müsahibəsini təqdim edirik.
- «Üç bacı» serialında haker Kübra obrazını canlandırısınız. Bu serial həyatınızda nələri dəyişdi?
- Serialdan sonra mənim həyatımda başqa bir dövr başladı. Mən çox vaxt oğlan obrazları canlandırmışam. Yaradıcılığımda qadın obrazları da olub, amma belə obraz olmamışdı. Bu obrazda sanki özümü kəşf elədim ki, komik obrazda da oynaya bilərəm. Klassik və ciddi obrazlarım da olub. «Soy» production rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onlar məni bu obraza dəvət etdilər və başqa bir Almaz oldum. İndi məni şəhərdə görəndə Kübra deyə müraciət edirlər. O obraz çox xoşlarına gəlib. Hətta mənə deyirlər ki, Maarifi öldürə bilmirsən? Səni bezdirib (gülür). Obraz haqqında öz fikirlərini söyləyirlər. 45 ildə yaratdığım obrazlarda heç vaxt mənfi fikirlər olmayıb.
- Teatrda və seriallarda çəkilməyin oxşar və fərqli tərəfləri hansılardır?
- Teartda sərhəd var. Tamaşaçı, aktyor və səhnə. Filmdə bir neçə dəfə oynayırsan, rejissor ən yaxşı çəkilən kadrı verir. Bu, ömürlük olur. Amma teatrda əhval-ruhiyyəndən asılı olaraq dəyişir. Bu dəfə yaxşı, gələn dəfə zəif oynaya bilərsən. Amma filmdə heç nəyi dəyişmək olmur. Hərdən fikirləşirsən ki, o rolda başqa cür oynaya bilərdim.
– Üç il “Azərbaycanfilm” Kinostudiyasında rejissor köməkçisi işləmisiniz. Bəs, teatra gəlişiniz necə olub?
- Uşaqlıqdan Əfşər Cavanşirovun xorunda çıxış edirdim. Azərbaycan Televiziyasında uşaq redaksiyası var idi. “Tonqal”, “Qaranquş”, “Gecəniz xeyrə qalsın, balalar” kimi verilişlər vardı. Mən “Gecəniz xeyrə qalsın balalar”da oynayırdım. Xorda oxuyan zaman uşaq redaksiyasının rejissoru Nazim Zeynalov dedi ki, televiziyaya çıxmaq istəyirsən? Dedim, hə, amma valideynlərimdən icazə almaq lazımdı. Nazim müəllim anamdan icazə aldıqdan sonra mətni verdi və öyrəndim. Ondan sonra başqa uşaq verilişlərinə də dəvət aldım. İllər keçəndən sonra “Azərbaycanfilm” Kinostudiyasında kursa qəbul oldum. Müəllimim Cənnət Səlimova, kurs rəhbərim Ədil İsgəndərov olub. Orada oxuyanda “Şərikli çörək” filmində rejissor köməkçisi işlədim. 1963-64-cü ildə “Sehrli xalat” filminə çəkildim. Orada danışığım, diksiyam Əli Səttar Atakişiyevin xoşuna gəldiyi üçün məni dublyaja apardı və yaxşı səsim olduğunu dedi. 1964-cu ildən kinostudiyanın dubliyaj şöbəsinə getdim. “Yeddi oğul istərəm” filmində rejissor köməkçisi işlədim. Əkrəm Əylisli ilə Cənnət Səlimova “Mənim nəğməkar bibim” povesti üzərində işləyirdilər. Məni Sadıq obrazına dəvət etdilər. Amma teatrda bədii şura əsəri qəbul etmədi və dəyişiklər etməyi tövsiyyə etdilər. Amma mən teatrda qaldım. Hüseyn ağa Sadıqov, Süleyman Ələsgərov, Yusif Vəliyev dublyajda mənə teatra gəlməyi təklif etdilər. Dedilər ki, sənin fakturanda uşaq rollarını oynayan aktrisa yoxdur. Teatra getmək istəmirdim. Kinostudiya məni daha çox cəlb edirdi. Gənc Tamaşaçılar Teatrının direktoru Balağa Qasımov teatra dəvət etdi. Beləliklə də, teatra işə düzəldim.
- Daha çox qız deyil, oğlan obrazlarını canlandırmısınız. Buna səbəb nə idi?
- Kişi aktyorların səsləri tez dəyişir. Onların səsləri, fakturaları dəyişdiyinə görə oğlan və qızları canlandıran xanım aktrisalara “Travesti” ampula aktyorları deyirlər. Bəlkə də səbəb bu idi. Yaşlandıqca sakit olmuşam. Amma həyatda çox çevik, pozitiv, oğlan kimi böyümüşəm. Məndə uşaq fakturası var idi. Oynadığım obrazlar hamının xoşuna gəlirdi. İnsan daxilən uşaq kimi olmalıdır. Hətta indi nəvələrimlə oynayanda, mənə nənə kimi baxmırlar, yaşlı qəbul etmirlər. Hərdən nənə olduğumu unuduram. Artıq oktyabrda 65 yaşım tamam olacaq. Hər yaşın öz tələbi var.
– Bəs, 65 yaşın tələbi nədir?
- Xarakterik obraz oynamaq istəyirəm. Aktrisa özünə uyğun rol canlandırmalıdır. “Mən səni sevirəm” tamaşasında baş qəhrəmanın anası Zümrüd, “Qırmızı papaq”da nənə, “Üç bacı”da Kübra kimi qadın obrazları oynamışam. Mənim səhnədəki fəaliyyətimi, bacarığımı düşünən bir rejissor olmağını və mənə aid bir tamaşa götürməsini istəyirəm.
– Hansı obrazınız sizin aktrisa kimi tanınmağınızda mühüm rol oynadı?
- Mən teatra gələndə Qeybulla Rəsulovun “Əlvida Hindistan” tamaşasında Ramo obrazını Əminə Yusifqızı oynayırdı. Artıq o, Akademik Milli Dram Teatrına işləməyə getmişdi. Mənə teatrda sınaq kimi o obrazı tapşırdılar. Azər Paşa Nemətovla bu əsər üzərində çox işlədim. Əsərin rejissoru onun atası Zəfər müəllim olmuşdu. Tamaşa çox uğurlu alındı. Amma mənim teatrda bir asktrisa kimi tanınmağımda iki obrazım olub. “Mənim mehriban balam” və “Qaraca qız” tamaşalarında “Balaca” və “Qaraca qız”obrazları ilə tanındım. Oynadığım bütün obrazları çox sevirəm. “Mənim mehriban balam” tamaşasında altı yaşı tamam olmayan uşağı oynayırdım. Tamaşada obrazın dilindən “Dilli bobbi-bobbi bom” deyilirdi. Mən küçəyə çıxanda uşaqlar mənim dalımca düşüb o sözü təkrar edirdilər. Teatrdan çıxanda məktəblilər dalımca gələrək, əllərinə qol çəkməyimi istəyirdilər. Mənim sevdiyim müğənni İlqar Xəyal deyir ki, «biz məktəbdə oxuyurduq. Siz teatrda işləyirdiniz. tamaşalarınıza gələndə elə bilirdik ki, bizim həmyaşıdımızsınız, sizə vurulmuşduq. Həmişə gözləyirdik ki, siz teatrdan çıxasınız və biz də sizin arxasınca gələk.
- Yoldaşınız rəssam, siz aktrisasınız. Həyat yoldaşınızla tanışlığınız necə başladı?
- Bir gün
təsadüfən küçədə tanış rəssama
rast gəldim. Onunla
söhbət edən zaman mənim həyat
yoldaşım gəldi. Bizi tanış
etdilər, dost olduq. O
dövrdə həyat yoldaşım Azərbaycanda yeganə və
geyim üzrə rəssam-modelyer idi. O Rusiyada universitet
bitirmişdi. Biz onunla dost olmuşduq, hərdən teatra gedirdik. Beləliklə tanışlığımız
başladı, bir-birimizi
sevdik və evləndik.
- İki oğlunuz
var. Biri rəssam, biri rejissor. Biri yoldaşınızın
davamçısı, biri
isə incəsənət
sahəsindədir. Bu seçimi özləri ediblər?
- Böyük oğlum 3 yaşından şəkil
çəkir. 1995-ci ildən teatrda işləyir. 30-a qədər tamaşaya quruluş verib. “Xanuma”, “Şah
və şair”, “Dədə qorqud” tamaşalarına rəssam
kimi quruluş verib. Həm də dizayner
kimi fəaliyyət göstərir. Oğlum Tural
isə məktəbdə
yaxşı oxuyurdu.
Texniki fənləri yaxşı
bilirdi. Onun tibb sahəsinə
getməsini istəyirdik.
Tibb Universitetinə balı çatmadığına
görə qəbul olunmadı. Sənədlərini Tibb Texnikomuna
keçirdik. Oranı
bitirdikdən sonra bu sahədə işləməyəcəyini dedi.
Texnikomda
oxuya-oxuya Vaqif İbrahimoğlunun teatrında
texniki işlərdə
işləyirdi. Vaqif İbrahimoğlu
ilə qonşu idik. Həm də ailəvi
dostluğumuz vardı.
Tural hər kəsi təbliğ edə bilirdi. Gözəl musiqi duyumu var idi. Bu sahəyə gəlməsinə
razı deyildim. Vaqif müəllim məni razı saldı. Ona görə qoymurdum ki, incəsənətdə
cuzi maaşla ailə dolandırmaq olmur. İncəsənət Universitetinə daxil
oldu. Universiteti bitirdikdən sonra
magistraturanı qırmızı
diplomla başa vurdu. Gənc Tamaşaçılar Teatrında aktyor işlədi. Amma aktyor
olmaq istəmirdi.
Prezidentimizin qərarı ilə
gənc kadrların təkmilləşdirilməsi məqsədi
ilə xaricə göndərildi və Polşaya getdi. Oradan gəldikdən sonra Lənkəran Dövlət
Teatrına baş rejissor kimi təyinat
aldı. Hazırda orada
işləyir. Çox müvəffəqiyyətli
tamaşaları var. Gəlinim
Eleonora Mustafayeva Opera və Balet Teatrının
solistidir.
- Yoldaşınız dünyasını
dəyişdikdən sonra
ailənizi necə dolandırdınız və
çətinlik zamanı
nə etdiniz?
- Yoldaşım vəfat edəndə uşaqlarım
balaca idi. Çətinlik zamanı heç
kimə ağız açmamışam, hətta
öz qohumlarıma da. Baldızım müəllimə idi. O uşaqlarıma
kömək edirdi. Heç kimə ağız açmadım
ki, sabah
«Vaqifin uşaqlarını
biz böyütdük» deməsinlər.
Yoldaşım mənə çoxlu
ətirlər alırdı.
Bilirdi ki, ətirləri xoşlayıram. Çoxlu ətirlərim
vardı. Bir gün
qəzetdə elan gördüm ki, filan firmanın ətirlərini alırıq.
Dəyər- dəyməzə ətirləri satdım.
Qızılllarımı və qədimi
xalçalarımı satdım.
Övladlarım məndən heç
nə tələb etmirdilər. Adi çay
ilə çörək
yeyəndə belə
«sağ ol, ana, dadlı idi» deyirdilər (kövrəlir).
- Almaz xanım xoşbəxtliyi nədə görür?
- Bir çox insanlar xoşbəxtliyi pulda, var-dövlətdə görür. Amma mənim üçün xoşbəxtlik anlayışı fərqlidir. Mən xoşbəxtliyi yaxşı ailədə, düzgün tərbiyə almış övladları böyütməkdə görürürəm. Bəzi aktrisalar deyirlər ki, ailəmizi sənətə qurban vermişik. Mən bununla razı deyiləm. Ailə müqəddəsdi, heç nəyə görə ailəni qurban vermək olmaz. Cəmiyyətə lazımlı, layiqli övlad böyütmək çox vacibdi. Uşaqlarımın işlərinin olması, saf, düzgün insan olmaqları mənim üçün xoşbəxtlik deməkdi. 1993-cü ildə yoldaşım dünyasını dəyişdi. Namuslu, ləyaqətli oğullar böyütdüm. Bunlarla yanaşı, sənətimdə də yaxşı rollarımın olması istəyirəm.
Rəqsanə
Üç nöqtə.-2014.- 30 avqust.- S. 13.