«Kilosu çox
olan tanınmış insan
yaxşı görsənmir»
Səlim
Abbasov: «Şou-biznesdə müğənillərin
hamısı ideal ifa etmir»
«Zeynəb xanımla işləməkdən
zövq alıram və gənc yaşımda onunla işləyirəm»
Əməkdar artist Səlim Abbasov “Şənbə
qonağı” rubrikasının qonağıdır.
Səlim musiqiçi ailəsində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə, sonra Milli Konservatoriyanın kamança sinfinə daxil olub və burada kamança ilə yanaşı, skripka dərsləri alıb. Bu gün Səlim Abbasov skripkada peşəkar ifası ilə yanaşı, müğənni kimi də fəaliyyət göstərir. Eləcə də, xalq artisti, dünya şöhrətli Zeynəb Xanlarovanın ansamblında çalışır. Əməkdar artstin müsahibəsini təqdim edirik.
- «Qarabağ» futbol klubunu dəstəkləyirsiniz. Son zamanlar bir çox müğənnilər də bu klubu dəstəkləməyə başlayıblar. Bu nə ilə əlaqədardır?
- Futbolumuzun inkişaf etməsi və gözəl nəticələr əldə etməsi üçün dəstək olmaq lazımdır. Dostluq etdiyim futbolçular var - Vüqar Nadirov, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Fərhad Vəliyev, Corc Leroy. Futbol oynamağı çox sevirəm. Elə gün olur ki, gün ərzində üç dəfə futbol oynayıram. Həmişə də maşınımda futbol paltarları var. Futbol insana formada qalmağa kömək edir. Səhnə də formada qalmağı sevir. Kilosu çox olan tanınmış insan yaxşı görsənmir. Xarici şou-biznes nümayəndələri arasında kilolu olan məşhurlar çox azdır. Amma bizdə bəzi müğənnilər kiloludur və efirdə deyirlər ki, 5 kilo kök görsənirik. Yaxşı ki, o söz var, efir göstərməsəydi, görəsən, başqa nə bəhanə tapacaqdılar? Formada qalmaq üçün demirəm ki, 100 kq ştanq qaldır və bütün günü məşqə get. Sadəcə, tənbəllik etmək lazım deyil, hərəkətdə olmaq lazımdı.
- Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bayramı harada qeyd etməyi düşünürsünüz?
- İlk öncə qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə cənab Prezidentimiz başda olmaqla, xalqımızı təbrik edirəm. Allahdan hamıya sağlıq və bol-bol uğurlar arzu edirəm. İnşallah, 2015-ci ildə Qarabağımız işğaldan azad olar. Hələ ki, 31 dekabrı harada keçirəcəyimi planlaşdırmamışam. Dəvətlər çoxdur. Moskvadan və Amerikadan da dəvət almışam. Hamımız 3-5 manatımızın arxasınca qaçırıq. İki manat az olsun, amma ailənin içində olsun.
- Amerikaya getməyə cəhd etmədiniz?
- Getmək istəmədim. Yaxşı pul da təklif etdilər.
Burada dünya şöhrətli sənətkarımız Zeynəb
Xanlarovanın yeni il konserti olacaq. Ona görə Amerikaya getməyə
söz verə bilmədim. Eləcə də, burada işlərimiz
var. Bölgələrimizdən də dəvətlər gəlir.
Baxaq görək harada yaxşı olacaq ora gedəcəyik.
- Səlim bəy üçün skripka və müğənnilik
nə deməkdir?
- Skripka ifaçısı kimi özümü tanıtmışam.
İstedad varsa bütün sahələrdə
özünü göstərəcək və gec də olsa,
üzə çıxacaq. Mən fəaliyyətimə
müğənni kimi də başlasaydım, yenə də
tanınacaqdım. Özümü tərifləmirəm. Hər
bir yazdığım musiqiyə çox ürəklə və
ciddi yanaşıram. Mən mahnılarımla öz səhnəmizdə,
Avropa ölkələrində çıxış edirəm.
Ona görə də, hər bir işimdə diqqətliyəm.
Bizi professional müğənnilərimiz, vokal, muğam
ifaçılarımız var. Mən də bayağı, ara
mahnıları oxumamağa çalışıram və
özümə yaxın musiqilər ifa edirəm.
Şou-biznesdə müğənillərin hamısı ideal
ifa etmirlər. Müğənni üçün səs
vacibdir, amma hazırkı vəziyyətdə bir o qədər
də vacib deyil. Hansı müğənninin maddi imkanları
daha çoxdursa göz önündə olmağı
bacarır və hər gün də efirlərdədir. Təbii
ki, insanlarımız səsi olan ifaçıları
seçməyi bacarır. Dünən dünya şöhrətli
Zeynəb Xanlarovanın Yeni il çəkilişində idik.
Zeynəb xanımda səhnəni yaşamaq, duymaq hissi və səhnə
hərəkətləri bizi valeh elədi. Mənim fikrimcə,
səhnəyə musiqi ilə rəqs etməyi, insanlarla
ünsiyyətdə olmağı Zeynəb Xanlarova gətirib.
Üç gün əvvə l5 saat studiyada işlədik və
Zeynəb xanım dayanmadan 8 mahnı oxudu. Bu, balaca iş deyil.
Müğənni var, iki mahnı oxuyur və səsi yorulur,
yaxud da 25 yaşı var, oxuya bilmir. Zeynəb xanım
dünyanı üç dəfə gəzən sənətkardır.
Bu, hər adama qismət olmur. Zeynəb xanımla işləməkdən
zövq alıram və gənc yaşımda onunla işləyirəm.
Burada maddi məqsəd yoxdur. Zeynəb Xanlarovanı
bütün dünyada tanıyırlar.
- Zeynəb Xanlarova
sizin ifaçılığınızla
bağlı fikirlərini bildirir?
- Zeynəb xanımın nəvəsinin ad günündə Maykl
Ceksonun “Smile” mahnısını ifa etdim. Səhəri gün
məşqə gedəndə Zeynəb xanım dedi ki, Səlimin
yaxşı musiqi duyumu və ürəklə oxumağı
da varmış. Yazdığım mahnılarım var və
onları da oxuyuram. Keçən il Yeni il ərəfəsində
mahnı yazdırmışdım, amma oxumağı
hazırlaya bilməmişdik. Bu dəfə Yeni ilə tam
hazır etmişik. “Happy-new”, “Yoluçka”, “Cingil bens” kimi
mahnıları Azərbaycan melodiyası ilə bir yerdə
sintez eləmişəm. Aranjimana şərq üslubu
qatmışam.
- Bəs, oxumağınıza
irad tutanlar olur?
- Təbii ki, olur. Uzun müddət müğənni
kimi fəaliyyət göstərənlərə irad
tutaraq, yaxşı və pis oxuduqlarını
deyirlər. Zövqlər müxtəlifdir. Mahnı
oxuyuram, adam
var deyir ki, xoşuma gəlmədi, bəm oxumusan. Amma bilirəm ki,
yaxşı oxumuşam.
Sadəcə olaraq, o adam yaxşı
demək istəmir, paxıllıq edir. Mən “Gangnam style” mahnısını
oxuyanda iradlar tutdular. Bütün dünyada o mahnını
ifa ediblər. Mənfur düşmənlərimizin mahnısını
oxumamışam ki.
Mahnının Koreya dilində
oxumaq heç də asan deyildi.
O mahnı "YouTube"da
izləmə rekordunu keçib. Mahnı maraqlı idi,
amma qeyri-adi bir şey yox
idi, adi mövzu idi. Amma “Youtube” da baxırsan
ki, muğam və başqa əsərləri 300 nəfər
izləyib. Bəzən elə
mahnılar tanınır
ki, orada maraqlı bir mövzu olmur.
- Əməkdar
artist adını alanda
qeyd etmisiniz ki, çox az müğənni
sizi təbrik edib. Bu da paxıllıqla əlaqədardır?
- Bilmirəm... Məni görəndə bəzi müğənnilər
deyirdilər ki, eşitmişik əməkdar
artist adını almısan.
«Almamışam, veriblər» deyə, cavab verirdim. Almaq bir az pis çıxır.
Ətrafdan baxan deyir ki, az yaşı var,
amma əməkdar artistdir. Mən 12-13 ildir ki, hörmətli
Prezidentimizin və Mədəniyyət və Turizm Nazirliyinin
dövlət tədbirlərində iştirak edirəm.
Amerikada, Fransada, Almaniyada, Cənubi Koreyada ölkəmizi təmsil
etmişəm. Küveytdə festivalfa iştirak etmişəm
və qalib olmuşam. Efirdə və konsertdə oxumaq o demək
deyil ki, hər müğənni ad almalıdır. Mədəniyyətimizə
xidmət göstərmək, musiqimizi təmsil edərək,
ölkəmiz adından tədbirlərdə iştirak etmək
lazımdır.
- İki ildir ki, əməkdar artist adını
almısınız. Yəqin ki, xalq artisti adını da gözləyirsiniz…
- İnşallah, qismət
olsun. Təbii ki, ada görə
çalışmırıq. Deyim ki, əməkdar artist
olandan sonra da xasiyyətim dəyişmədi. Dostlarıma və
ətrafımdakı insanlara
münasibətim eynidir. Hərdən dostlarım deyirlər
ki, əməkdar artistsən, bir az ağır gəl.
«Uşaqlar, gələn dəfə qalstuk taxacam və
çox ciddi gələcəm deyirəm (gülür). Təbii
ki, elə yer var, orada ciddi olmalısan. Yerinə görə hərəkət
edirəm. Ən əsası, sadəliyə önəm verirəm.
- Tanınmaq, şöhrət
sizi dəyişmədi?
- Xeyr. dəyişmədi. Adlarını
çəkmək istəmirəm, bəzi müğənnilər
var ki, çox dəyişiblər. Baxıram ki, əvvəllər
qabağıma qaçanlar, mənim yanımda deyil,
başqalarının yanında özlərini çox
yuxarıdan aparırlar. Sanki 5 il bundan əvvəlki
müğənni deyil. Efirdə iki mahnı oxuyur, dəyişir.
Mənim üçün birinci insanlıq, sonra sənət gəlir.
Ona görə də dəyişməmişəm. Kiçikdən
tutmuş böyüklərə qədər hörmətlə
yanaşıram. Sadəlik gözəllikdir və bu, mənim
içimdən gəlir. Məni metroda, avtobusda da görə
bilərsiniz.
- Bəzi şou-biznes nümayəndələri qeyd edirlər ki, bu
sahədə yaxın münasibətdə olduğumuz insanlar
var, amma dostluq etmirik. Sizin necə,
əsl dost deyə biləcəyiniz müğənni
varmı?
- Bütün müğənnilərlə
münasibətim yaxşıdır,
bir-iki nəfəri çıxmaq şərtilə.
- Sosial şəbəkələrdə
aktivsinizmi?
- Facebooka neçə vaxtdır ki, rahat daxil ola
bilmirəm. Yazırlar ki, artıq ulduzluq xəstəliyinə
tutulmusunuz, cavab yazmırsınız. Pis çıxmasın,
mənə yazanların
çoxu qızlardı.
- Bəs sevgi təklifləri olur?
- Çox olur (gülür). Qızlar qollarına adımı
yazdırıb, ürək
işarəsi qoyurlar.
- Niyə evlənmirsiniz?
- Əslində, hər
gün evdə evlənmək haqqında söhbət gedir. Təbii ki,
artıq evlənmək
vaxtıdır. Çox gecikmək
də olmaz. Başım karyera qurmağa qarışmışdı. Hazırda şükür Allaha, karyeramı qurdum, adım-sanım, hörmətim,
evim-eşiyim var. Qismət,
inşallah.
- Müğənni xanımla
evlənərsinizmi?
- Desəm ki, evlənmərəm, hörmətsizlik
çıxar. Bu, qismətlə bağlıdır.
Yaxşı müğənni xanımlarımız var və gözəl də ailələri var. Bilmək olmaz, gözləmədiyin halda
vurula bilərsən.
Ona görə də, dəqiq heç nə deyə bilmərəm.
- Necə bir xanımla
ailə qurmaq istərsiniz. Görünüş önəmlidirmi?
- Yox. Təbii ki, demirəm
dünya gözəli
ilə evlənəcəm.
Hər gözəlin bir eybi var. Deyə bilmərəm, simaca necə xanım olmalıdır. Ən əsası
səni başa düşən olsun.
Mən gecə saat 4-də də gələ, 10 gün evdə olmaya da bilərəm.
İşimlə əlaqədar səfərlərə
gedərəm. Buna görə məni başa düşəcək
bir xanım olmalıdır.
Rəqsanə
Üç nöqtə.- 2014.- 20
dekabr.- S.13.