“Məni yaşadan
xalqımızın sevgisidir”
“Yaşadığım
həyat ömrümü qısaldır”
Azərbaycanın
xalq artisti Nuriyyə Əhmədovanın 64 yaşı tamam
oldu. Xalq artisti 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. M.A.Əliyev
adına Dövlət İncəsətən İnstitutunda
aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə
Musiqili Teatrda başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə
“Mozalan” süjetlərinə çəkilməklə
başlayıb və bir çox filmlərlə davam edib.
“Şənbə qonağı”mız
olan xalq artisti doğum günü ilə bağlı təəssüratlarını,
yaşadığı həyatının faciələrini və
çətinliklərini bizimlə bölüşdü.
Sevimli aktrisamızı qəzetimiz adından təbrik edib
söhbətə başladıq:
- Dekabrın 26-da doğum
gününüz oldu. Bununla bağlı təəssüratlarınızı
eşitmək istərdik...
- Bəli,
dekabrın 26-da 64 yaşım oldu. Bu il
çox böyük bir faciə ilə rastlaşdım və
doğum günüm heç yadıma da düşmür. Yaşadığım həyatın çətinliklərindən
çıxa bilmirəm. Neynəmək olar... İstəsən
də, istəməsən də, yaş öz işini görür. Konkret,
ad günümü haradasa keçirmək kimi fikir ola bilməz. Oğlumun ili
tamam olmamış heç yerə gedə bilmərəm. Zəng edib tədbirlərə dəvət edirlər,
amma bu əhval-ruhiyyə ilə hansısa tədbirdə
iştirak etməyim heç cür mümkün deyil. Dərd, xəstəlik və ürək
ağrılarım buna imkan vermir. Mənimlə
mətbuat da çox maraqlanır. Çox sağ olsunlar, hər kəsə təşəkkürümü
bildirirəm.
- Yaşın üstünə
yaş gəldikcə hansı hissləri keçirisiniz?
- Hər
bir insan yaşlı vaxtını da görməyi
arzulayır. Çünki hər yaşın
öz gözəlliyi, yaşam tərzi var. Uşaqlıq, gənclik
illərini və orta yaş dövrünü yaşadıq,
indi də qocalığın dadını hiss eləmək
istəyirik. Amma əfsuslar olsun ki, xəstəliklər,
faciələr bəzən insanları qocalmağa da qoymur.
Həmkarlarım həmişə deyirlər ki,
50 yaşı keçdik, şükür Allaha,
yaşayacağıq. 60 yaşa
çatanda yenə eyni sözü səsləndiririk. Hazırda mən görün necə faciələrlə
64 yaşı keçdim. Allahın
işidir, heç nə demək olmaz. Belə bir söz
var: “Sən saydığını say,
gör fələk nə sayır”. Bu
günümüzə min şükür. Əminamanlıq, sakitlik və gənc nəslin
inkişaf etməsini görürük və bu bizi sevindirir.
Fəxr edirik ki, belə gəncliyimiz var. Ətrafımızda
yaxşı insanlar var. Eləcə də, evində
yaşadığım, uşaqlıq illərindən rəfiqəlik
etdiyim Tamilla xanım çox gözəl insandır. Burada bağ evində yaşayıram. İnsan
üçün ən gözəl şey can
sağlığıdır. Məni bu kimi
çətinliklərlə Allah saxlayır. Yəqin ki, Faiq oğluma görədir. Allah onu mənə çox görməsin. O,
bu il 11-ci sinfi bitirir, universitetə
hazırlaşır. Onun ali məktəbə
qəbul olmasını arzu edirəm. Yaşadığım
həyat ömrümü qısaldır, amma Faiq
ömrümü uzadır. Ağrılara
dözürəm, qəlbim dərdlə dolanda isə ürəyimi
kiməsə boşaltmaq istəyirəm.
- Sənət dostlarınız sizi
axtarırlar?
- Hə,
zəng edirlər, hal-əhval tuturlar. Bir
çoxumuz yaralıyıq və biri-birimizlə
maraqlanmalıyıq. Həmyaşıdlarımla
yanaşı, gənc nəsil də axtarır, maraqlanır, hətta
tamaşaçılar da zəng edirlər. Hər kəsdən çox razıyam. Məni yaşadan xalqımızın sevgisidir.
Teatr və kino
aləmində də bütün aktyor və aktrisalar hörmətimi
saxlayırlar. Bir-birimizi yaxşı başa
düşürük. Bilirik ki, hansı
çətinliklərlə, əziyyətlərlə bu səviyyəyə
gəlmişik, sənətkar olmuşuq. Hazırda sənətkarlarımız
az qalıb, bir çoxu rəhmətə
gedib. Qalanlara can sağlığı, dünyasını dəyişənlərə
Allahdan rəhmət diləyirəm.
- Rəfiqənizgildə
yaşayırsınız. Ev məsələsi
nə yerdədir?
- Hələ
ki, cavab gözləyirik. Nazirimiz Əbülfəz
Qarayev cənab Prezidentimiz İlham Əliyevə məktub
yazıb. Yaxşı olar, inşallah.
Hələ ki, rəfiqəmgildə
yaşayıram. Prezidentimiz bütün
insanlara, eləcə də sənət adamlarına
qayğı ilə yanaşır. Rəfael
və Coşqunun əməkdar artist adı almasıına,
Ramiz Əzizbəylinin təqaüd almasına çox
sevindim. Prezidentimiz çox sağ
olsun.
- Çoxlu filmə çəkilmisiniz
və bir çox sənətkarlarla tərəf müqabili
olmusunuz. Hansı tərəf müqabilinizlə
işləmək asan olub və dəfələrlə onunla
çəkilmək istəmisiniz?
- Mənim
üçün bütün tərəf müqabillərim əzizdir.
Hətta hər biri ilə işləməkdən
doymamışam. Hazırda aktyorlardan Hacı
İsmayılov, Ramiz Əzizbəyli, Fəxrəddin Manafov,
İlham Namiq Kamal, Cəfər Namiq Kamal və başqaları
ilə filmə çəkilmək istərdim. Onlar
çiyin-çiyinə işlədiyimiz, bir qabdan
çörək yediyimiz həmkarlarımdır. Xanımlardan da çoxdur, hamısını
çox istəyirəm. Xalidə Quliyeva, Səidə
Quliyeva, Həmidə Ömərova serillara çəkilirlər
və buna çox sevinirəm. İnsan
içindəki istedadını, enerjini işinə, sənətinə
sərf etmək istəyir. Amma
düçar olduğumuz xəstəlik
qol-qanadımızı sındırır. Mən hər kəsə o qol-qanadın
sınmamasını arzu edirəm. Ən azından cavan
və orta nəslin nümayəndələri ilə ortaya bir
iş qoyaq. Çünki sənətimizə
yaxşı aktyor və aktrisalar da gəlirlər. Aktirsa Rada Nəsibovadan çox xoşum gəlir.
Eləcə də Nahidə Orucovanın müvəffəqiyyəti
məni çox sevindirir.
- Nuriyyə xanım hazırda necə
obraz canlandırmaq istəyir?
- Mənim
üçün obrazın fərqi yoxdur. Amma
indi içimdə dərd var, övladımı itirdim.
İnsan yaşlandıqca məntiqli, sanballı iş görmək
istəyir. Ona görə də kinomuzun
inkişaf etməsini, yüksəlməsini istəyirəm.
Bir çox sənətkarlarımızı
itirdik və itirə-itirə də gedirik. Amma bu sahədə
az da olsa irəliləyiş var. Filmlərimiz
festivallarda iştirak edir. İnanıram ki, yeni,
müasir filmlərimiz olacaq.
- Siz görkəmli rejissorlarla işləmisiniz.
Bu haqda danışardınız...
- Rasim
Ocaqov, Tofiq Kazımov, Vaqif Mustafayevin filmlərində və
Fikrət Əliyevin "Yuxu" filminə çəkilmişəm.
Mən 1982-ci ildə kinostudiyaya gəldim və
o rejissorlarla işlədim. Çoxlu sayda
filmə çəkilmişəm. Əvvəllər
ekran əsərləri bir kamerada çəkilirdi, indi 7-8
kamerada çəkilir. Amma yenə də
kino sahəsində zəiflik var, filmlər əvvəlki kimi
alınmır. Yəqin ki, bu texnika, maddiyyat
və başqa amillərlə bağlıdır. Vaxt gələcək kinomuz yenə qalxacaq,
inkişaf edəcək. Məsələn,
bizdə film çəkilən vaxt Türkiyədə kino sahəsində
böhran idi. İndi onlar yüksək səviyyədə
filmlər, seriallar çəkirlər. Bizdə
indi böhrandır, amma yavaş-yavaş düzələcək.
- Həyatınızın hansı
illərinə qayıtmaq istərdiniz?
- Hər
yaş dövrünün öz gözəlliyi var. Amma mənim
üçün tələbəlik, teatr və sənət
aləmində olduğum illər ən gözəl
anlarımdır. Tələbəlik illərim
çox gözəl keçib. Çox
işləyirdik, kitablar oxuyurduq, filmə çəkilirdik, əməyi
sevirdik.
- Həyatınızda çox
çətinliklər yaşadınız. Bu həyatın
öhdəsindən necə gəldiniz?
- Bilmirəm.
Hər şey Allahın əlindədir. Onları dilə gətirmək mənim
üçün çox çətindir. Ona görə, hərdən deyirəm ki, Allahım,
sən mənə nə qədər güc, inam veririrsən.
Yəqin ki, məni ayaqda saxlayan nikbinliyimdir, bədbin
insan deyiləm. İndi
yaşadığım həyata görə nə qədər
bədbin olsam da, o hislərdən qaçmağa
çalışıram. Allahım mənə
iradə, güc verir. Ətrafımdakı
insanlar və xalqımız mənə dəstək olurlar.
Xalqımızın içinə
çıxanda dərdimə şərik
çıxırlar, sanki öz əzizlərini itiriblər.
Onların dəstəyi yaşamağıma təkan
verir. İnsan səmimi və inamlı
olmalıdır. Arada inamsız olmuşdum,
amma daxili dünyam inamsızlığın çox çəkməsinə
icazə vermədi. Çünki Faiq var.
Ona dəstək olmalıyam.
- Faiqi hansı sahədə görməyi
arzulayırsınız?
- Hazırda Faiq istedadlı aktyor Elşad Eyvazovla “Lider”
telekanalında çalışır. Ssenari
yazırlar. Faiq istedadlıdır. İkinci qrupa hazırlaşırdı, amma deyəsən
indi fikrini dəyişib, incəsənətə meylli
olmağa başlayıb. Sənət aləmi
çətindir. Pillə-pillə qalxmaq
lazımdır. 64 yaşım oldu, amma gənclik
illərimdən kirayələrdə qalmışam. Kirayə yaşamaq çox çətindir. Yəqin ki, canımı bundan qurtararam, inşallah.
- Aktrisa üçün bu sənətin
çətinlikləri nələrdir?
- Sənətdə
və həyatda da müəyyən çətinlikləri
var. Amma deyərdim ki, həyatda aktrisanın çətinlikləri
daha çoxdur. Mən sənətə gələndə
heç vaxt ailə qurmaq istəmirdim. Amma
çox sevən var idi. Hər şey Allahın
əlindədir. İki övladım
dünyasını dəyişdi, yoldaşım xəstədir.
Qohumugildə yaşayır. Mən
də belə. Ailəni saxlamaq çətindir.
Ailəmi saxladım, amma iki uşağım rəhmətə
getdi. Sənət aləmində
sözün yaxşı mənasında ailəsinə həsəd
apardığım insanlar var. Məsələn, Leyla və Nəsibənin
ailəsinə həsəd aparmışam. Eləcə də Ofeliyanın yaxşı ailəsi
vardı. Onun ailəsini
dağıtdılar. Arzu edirəm ki, indiki
gənclər ailə quranda fikirləşsinlər. Son zamanlar ayrılan insanların həyatlarının
efirdə yayımlanmasına yaxşı baxmıram. Çünki cavanlar onlardan ibrət
götürmürlər, əksinə onlar üçün
sanki təkan olur. Bu mənim fikrimdir.
Azərbaycan qadınlarının bir üzü kişi, bir üzü qadındır. Hər şey kişilərdən
asılıdır. Bəzən deyirlər ki, qadın
evin ev tikənidir. Bu, yalan
söhbətdir. Kişi qadına hörmət
etsə, mehriban yaşasalar, o ailədəki uşaqlar da
yaxşı böyüyəcəklər və xoşbəxt
ailə olacaq.
-
2015-ci ildən nə gözləyirsiniz?
- Sakitlik, əminamanlıq gözləyirəm. İnşallah Qarabağımız azad olar. Xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Onlara bol ruzi-bərəkət və can sağlığı arzu edirəm.
Rəqsanə
Üç
nöqtə.- 2014.- 27 dekabr.- S.13.