Uşaq əməyindən istifadə
halları azalır
Azərbaycanda uşaqlarla
bağlı vəziyyət inkişaf etmiş və qonşu
dövlətlərdən qat-qat
yaxşıdır
Respublikamızda əsaslı iqtisadi və hüquqi islahatlar həyata keçirilməkdədir. Bu sahədə xeyli qanunlar qəbul edilibir. Qəbul edilən qanunların əsas mahiyyəti bilavasitə Azərbaycan vətəndaşlarının mənafeyinə, onların hüquq və azadlıqlarının müdafiəsinə yönəldilib. Hər bir əmək qabiliyyətli Azərbaycan vətəndaşı faydalı əməklə məşğul olmalıdır. Belə ki, bu onun
bilavasitə konstitusion hüququdur. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə
özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Heç kəs zorla işlədilə bilməz. Cəmiyyətin ümumi mənafeyini nəzərə almaqla iş yerini və növünü könüllü surətdə seçməkdə vətəndaş müstəqildir. İşə qəbul məsələsi «Nümunəvi daxili əmək intizamı qaydaları» Azərbaycan respublikasının Əmək Qanunvericiliyi ilə nizama salınır. Burada göstərilir ki, işə qəbul müəssisəsinin, idarə və təşkilatın rəhbərliyinin əmri, yaxud sərəncamı ilə rəsmiləşdirilir.
Qeyd edək ki, Azərbaycanın Əmək Məcəlləsinin III bölməsi əmək müqaviləsinə həsr edilib. Əmək Məcəlləsinin 43-cü maddəsinin məzmunundan aydın olur ki, əmək müqaviləsinin məzmunu
və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Orada əmək müqaviləsi bağlanarkən konkret olaraq tərəflərin yaş həddinin müəyyən edilməsi nəzərdə tutulub. Müqavilə 15 yaşından 18 yaşadək olan şəxslərlə bağlanarkən onların valideynlərinin, onları övladlığa götürənlərdən birinin və ya qanundla onları əvəz edən şəxslərini yazılı razılığı alınmalıdır. Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var. Unutmayaq ki, uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. Bizneslər öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərinin nəzərə almalıdırlar.
Əmək Məcəlləsinin 249-cu maddəsində göstərildiyi kimi, 15 yaşından aşağı olan uşaqlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir. İstisna var – 14 yaşı tamam olmuş liseylərin şagirdləri istehsal müəssisələrində təlim keçmək üçün yüngül işlərə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 9-cu və 10-cu bəndinə əsasən 15 yaşdan aşağı uşağı işə cəlb edən hüquqi şəxslər 3-5 min manatadək, 18 yaşı tamam olmamışları sağlamlığını və mənəviyyatını təhlükə altına qoyan işə cəlb edənlər isə 10-13 min manat məbləğində cərimə oluna bilər.
Qanunda uşaqlarını işləməyə məcbur edən və ya buna göz yuman valideynlər üçün də cəza tədbirləri nəzərdə tutulub. Təbii ki, bu məsələdə valideyn məsuliyyəti və mənəvi öhdəliyi, insanı insan edən vicdan da rol oynamalıdır. Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə görə, valideyn uşağın tərbiyəsinə və təliminə lazımi diqqət ayırmırsa ona qarşı xəbərdarlıq və ya 40 manatadək cərimə oluna bilər: «Hüquqi tərəfi bir kənara qoysaq, valideyn böyük bir fərd kimi azyaşlı övladının ağır işlərə cəlb olunmasının fəsadlarını göz önünə gətirməlidir».
Komitə sədrinin sözlərinə görə, uşaqlığını uşaq kimi keçirmək hüququndan məhrum olan azyaşlı zaman keçdikcə, cəmiyyəti və valideynlərini günahlandırmağa başlayır, atası və ya anası ilə münasibətlərin soyuq olması onların gələcəkdə normal valideyn olmasını da əngəlləyir: «Ümumiyyətlə, küçəyə düşmüş uşaqların çoxu boşanmış ailələrin uşaqlarıdır. Bütün bunlar onların psixologiyasına çox pis təsir edir».
Millət vəkili bildirir ki, uşağa biganə yanaşılanda həmişə özünü cəmiyyətdən kənar, lazım olmayan şəxs kimi hiss edir: «Belə bir fikir yaranmamalıdır ki, uşaq 15 yaşadək əlini ağdan-qaraya vura bilməz. Biz deyirik istismar eləməsinlər. İstismar nədir? Uşağı işə götürürlər, 4 saat əvəzinə 14 saat işləyir və ya ağır işə cəlb edirlər. Bu istismardır. 15 yaşınadək işə götürüləndə bu da əmək qanunvericiliyinin pozulmasına gətirir. Amma bütün hallarda uşağı əməyə cəlb eləməmək fikrinin əleyhinəyəm. Uşaq əməyə alışmalıdır. Eyni zamanda valideyn öz uşağının sağlamlığı ilə məşğul olmalıdır».
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, uşaqların əməyə cəlb olunmaması ilə bağlı layihə hazırlanır, eləcə də valideyn məsuliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik gündəmdədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən həm də bildirilib ki, qurum uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqda önəmli rol oynayır. Qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində prioritet əhəmiyyət daşıyan məsələləri nəzərdə saxlayaraq onların aradan qaldırılması istiqamətində məlumatlandırıcı və maarifləndirici tədbirlər həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı (2013-2015-cı illər)”nı imzalayıb.
Uşaq əməyindən istifadə edilməsinə nəzarət etməli olan orqan Dövlət Əmək Müfəttişliyindən isə bütün imkanlardan istifadə edərək müəyyən təbliğat işlərinin aparıldığı qeyd edilir.
Aidiyyəti qurumlardan bildirilir ki, bəzi istirahət məkanlarında bu və ya digər yolla uşaq əməyindən istifadə olunur. Xüsusilə yay mövsümündə uşaq əməyindən istifadə artır. Məktəblərdə dərslərin bitməsi buna imkan verir. Bir də, qazanc əldə etmək burada vacib rol oynayır. Lakin qış mövsümündə uşan əməyindən istifadə minimuma enir. Ümumiyyətlə hər il iqtisadiyyatda məşğul olan uşaqların sayı hər il azalır.
Statistik məlumatlara əsasən, 15 yaşa qədər iqtisadiyyatda məşğul olan uşaqların sayı əgər 2008-ci ildə 10 100 nəfər idisə, 2010-cu ildə 6200 nəfərə enib. Uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı ilbəil azalaraq, 2012-ci ildə 5 hal, ötən il isə təqribən eyni göstərici qeydə alınıb.
Milli Məclisin deputatı Bahar Muradova da uşaq əməyindən istifadə hallarının Azərbaycanda hər il azaldığını qeyd edir. Onun sözlərinə görə, Azərbaycan o dövlətlərdəndir ki, uşaqlarla bağlı vəziyyət inkişaf etmiş və inkişaf etməkdə olan qonşu dövlətlərdən qat-qat yaxşıdır. «Amma, heç kim deyə bilməz ki, problemlər yoxdur. Uşaq əməyindən istifadə hələ də qalır. Bu da daha çox sosial vəziyyəti yaxşı olmayan valideynlərindən məhrum olan uşaqların daha çoxdur. Halbuki, bu uşaqlaırn valideynləri Biznes qurumlarında işçi kimi işləyir, dövlət bu istiqamətdə proqramlar hazırlayır. Biznes qurumlarının hədəfləri ondan ibarət olmalıdır ki, dövlətə dəstək versin”.-deyə o vurğulayıb.
Ümumiyyətlə, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının təmin olunmasında iştirak edək.
Göründüyü kimi uşaq əməyindən
istifadə günümüzün aktual problemlərindəndir. Beynəlxalq
Əmək Təşkilatının məlumatına görə,
indi bütün dünyada 250 milyondan çox 5-14 yaşlı uşaq
işləməyə məcburdur. BMT 1989-cu ildə Uşaq Hüquqları üzrə Konvensiya qəbul edib.
2005-ci ildə Azərbaycan da bu konvensiyaya qoşulub.
Üç nöqtə.-2014.- 4 fevral.-
S.9.