Uşaqların hüquq və mənafeləri daha üstün qorunmalıdır

 

Onların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır

 

Nikahların ləğv edilməsindən bütün hallarda daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət çəkir. Boşanma nəinki ər-arvad cütlüyü, onların uşaqları üçünçox güclü bir stressdir. Məsələ ilə bağlı Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, valideynlər arasındakı problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür: Hesab edirik ki, ərlə arvad arasında nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri daha üstün qorunmalı, uşağın hansı valideynin yanında qalması məsələsinə baxılarkən əvvəlcə uşağın mənafeyi, onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə və s. hallara necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır. Elə bu səbəbdəndir ki, boşanmalar zamanı uşaqların kimin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir”.

Göründüyü kimi ailə çəkişmə məngənəsində boğularkən, uşaqlar kənarda qalmır. İradəsinə zidd olaraq, uşaqlar çox zaman valideynlərin birinin xeyrinə seçim etmək məcburiyyətində qalırlar, bu isə, onlarda qüssə, çaşqınlıq, çarəsizlik, tənhalıq və hətta amansızlıq hissi yaradır. Uşaqlara elə gəlir ki, valideynləri onları atmış və onlara xəyanət etmişdir. Valideynlərinin boşanmasından sonra onların həyatı kökündən dəyişir. Hətta boşanma həll olunmaz vəziyyətdən yeganə və ən xeyirli çıxış yolu olsa belə, uşaqlar onu tamamilə başqa cür qəbul edir. Ümumiyyətlə, uşaqların boşanma prosesinə qarşı reaksiyası çox gözlənilməz ola bilər. Depressiya, özünə qapılma, kədər və yuxusuzluq boşanmanın uşaqlara təsir edə biləcəyi bəzi nəticələridir. Uşaqlarda səksəkə və lazımsızlıq hissi yaranır. Valideynlərdən birinin uzun müddət olmaması, uşaqda kədər və düşkünlük hissi yarada bilər. Bir sözlə, uşağın boşanmaya qarşı reaksiyasını əvvəlcədən bilmək çətindir.

Hüquqşünasın sözlərinə görə, qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən ər və arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqların kimin yanında qalması barədə ərlə arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir: Bu halda əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclası zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər”.

Hüquq məsləhətçisi hesab edir ki, məhkəmələr bu tipli mübahisələri həll edərkən hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır.

Uşaq hüquqları haqqında Konvensiya müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyir, lakin bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.

P.Zamanlının sözlərinə görə, ərlə arvad arasında nikah ləğv edilərkən və valideynlər ayrı yaşamağa qərar verərkən həm məhkəmələr, həm də valideynlər özlərinin hüquq və mənafelərindən əvvəl uşaqların mənafelərini, onların gələcək inkişafını düşünməlidirlər: “Çünki hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ var. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən biridir”.

Bəzi ataana ayrılıqdan sonra ailə qururlar. Valideynlərin ikinci nigahı əlavə çətinliklər törədir, çünki uşaqlar valideynlərinin ikinci həyat yoldaşlarını heç də həmişə qəbul etmirlər. Onlar evi tərk edir, küçədə qalmağa üstünlük verirlər. Uşaq evlərinə verilən uşaqlar da az olmur. Bir sözlə bu uşaqlar valideyn şimayəsindən məhrum olurlar. Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi aktual məsələ olaraq qalır. Bu sahədə dövlətin üzərinə götürdüyü öhdəliklərin qaynağı qanunvericilikdə əksini tapıb. Azərbaycan Respublikasının Ailə Məcəlləsində sözügedən məsələ ilə bağlı müddəaları oxuculara təqdim edirik. Qanunvericilikdə valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və yerləşdirilməsi ilə bağlı aşağıdakı məsələlər hüquqi izahını tapır və “Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi” adlanır. Qanunvericilikdə göstərilir ki, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən doğum evlərindən, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verirvalideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanından başqa digər hüquqifiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. Qanunvericilikdə valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu məsələsi aşağıdakı kimi göstərilir: Uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

 

Üç nöqtə.-2014.- 11 fevral.- S.9.