“Teatra gələnlər
daha çox gənclərdir”
Elçin Cəfərov: “Tamaşa
hazırlayanda elə bir əsər
seçilməlidir ki, müxtəlif yaş qrupunun
tamaşaçılarına uyğun gəlsin”
Tamaşalar insanların biliyinin, intellektual səviyyəsinin inkişafına, zövqünün formalaşmasına təsir edəcək amillərdən hesab olunur. Tamaşalar eyni zamanda insanların mənəvi cəhətdən istirahətinə kömək edir. Bu gün teatra marağın az olduğunu desələr də hər bir teatrın müəyyən qədər öz tamaşaçı auditoriyası var. Bu dəfə “Üç nöqtə” olaraq teatrlar arasında sorğu keçirdik. Tamaşalara hansı yaş qrupdan olan insanlar gəlir? Onlar daha çox hansı mövzularda olan tamaşala baxmağa üstünlük verirlər? Mövzu ilə bağlı danışan Azərbaycan Dövlət Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov bildirdi ki, teatrda çoxlu sayda tamaşalar səhnələşdirilir: “Teatrlarda birinci günü istirahət günüdür. Həftənin digər günlərinin hamısında tamaşa oynanılır. Həftədə orta hesabla 7-8 tamaşa göstərilir. Ayda 28-30 tamaşa səhnələşdirilir. Teatrın repertuarında klassika, müasir və bir çox əsərlərə müraciət edilir. Yerli və xarici əsərlərə hər ikisinə eyni formada müraciət edilir. Bir dəfə yerli tamaşa oynanılırsa, bir də xarici tamaşa oynanılır. Tamaşaçıların daha çox hansı tipli tamaşalara gəlməsi, xarici yaxud yerli dramaturqun əsərlərinin olmasına o qədər də ciddi fərq eləmir. Burda əsas mövzudur. Elə əsər var ki, bu həftə tamaşaçı baxır. Gələn həftə yenə qoyulsa, yenə də həmin tamaşaya baxacaq. Hər bir teatrın öz tamaşaçısı var. Konkret predmet deyil. Bakıda yaşayan hər kəs gəlib, potensial tamaşaçı hesab oluna bilər. Teatrda tamaşa hazırlayanda elə bir əsər seçilməlidir ki, müxtəlif yaş qrupunun tamaşaçılarına, sosial durumuna uyğun gəlsin. Bir tamaşada nə qədər tamaşaçı iştirak edirsə, tamaşaya hərəsi müxtəlif cür yanaşırlar. Tamaşada elə məsələlər olmalıdır ki, müxtəlif yanaşmalı tamaşaçıları, zövq sahiblərini təmin edə bilsin. Müəyyən mənada tamaşaçıların zövqünü formalaşdıra bilsin. Teatra gələnlər daha çox gənclərdir. Məktəb şagirdləri, universitet tələbələri müxtəlif müəssisələrdə işləyən insanlar da var. Yaşlı insanlar da tamaşalara gəlirlər. Amma Azərbaycanda tamaşaçılar arasında gənclər çoxluq təşkil edir”.
“Yuğ” teatrının direktoru Tərlan Rəsulov bu teatrın öz tamaşaçıları olduğunu bildirdi: “Yuğ teatrının öz tamaşaçısı var. Teatrda biletlənin qiyməti 5 manatdır. Həftədə dörd-beş tamaşa oynanılır. “Yuğ” teatrının öz proyekti var. Burda uşaq tamaşaları yoxdur. Teatr kiçikdir. Buna görə də tamaşaçı bir az azdır. Əsasən tamaşaçısı ziyalılar, tələbələr və sənət adamlarıdır. Bu teatrda fərqli forma var. Rejissorlar daha çox özləri səhnələşdirirlər. Digər teatrlarda deyək ki, bir tamaşa var. O əsəri səhnələşdirirlər. Amma bu teatrda Mirzə Fətəli Axundzadənin komediyaları və digər əsrlərinin hamısından bir tamaşada oynamaq olur. Rejissor o tamaşalara söz yazır. Rejissor Gümrah Ömər tamaşalarımızın əksəriyyətinə söz yazır. Amma başqa teatrlarda hansısa müəlifin bir hekayəsi, ya da hansısa əsəri konkret pyesləri olduğu kimi tamaşaya qoyulur. “Yuğ” teatrında dramaturgiya baxımından digər teatrlara baxanda daha sərbəstdir. Burada konkret pyesləri olduğu kimi tamaşaya qoymurlar. Sözləri rejissorlar yazırlar. Bu da imkan verir ki, teatrda rejissorun öz hazırladığı materialı səhnələşdirmək daha asan olur”.
Lənkaran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev teatrda bütün repertualardan istifadə olunduğunu bildirdi: “Bizim teatrda müxtəlif növlü repertuarlara müraciət olunur. Ayda 15-16 tamaşa oynanılır. Biletlərin qiyməti üç manatdır. Repertuarımız genişdir. Həm dünya, həm də yerli klassika var. Tamaşalara bütün təbəqələrdən insanlar gəlirlər. Universitet tələbələri də gəlirlər. Tamaşadan da aslılıdır. Bizim teatrda uşaqlar üçün də tamaşalar var”.
Gənc tamaşaçılar teatrının mətbuat xidmətindən Hüsniyyə Mursaquliyeva teatrda bir çox əsərlərin səhnələşdirildiyini bildirdi: “Müraicət olunan Azərbaycan dramaturqlarından Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı və dünya dramaturqlarından Perro, E.T.Hofman, Panço Pançev kimi yazarların bir çox əsərləri səhnələşdirilir. Tamaşaçı kateqoriyasına gəldikdə isə, bütün yaş dövrlərini əhatə edir. Baxça yaşından tutmuş bütün uşaqlar gəlirlər. Teatrmızda bütün tamaşaçıların zövqünü oxşamağa çalışırıq”.
Rəqsanə Həsənova
Üç nöqtə.-2014.-12 fevral.- S.13.