Bir uşağı iki şəxs
övladlığa götürə bilməz
Belə uşaqların mərkəzləşdirilmiş
uçotunun aparılması
qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən
edir
Qanunvericilikdə valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotunun aparılması üçün həmin uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə, uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə 7 gün müddətində müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı bu məcəllənin 115.1 və 115.2-ci maddələrində göstərilmiş məlumatları aldıqdan sonra bir ay ərzində uşağın yerləşdirilməsini təmin edir, bu, mümkün olmadıqda isə həmin uşaq haqqında sənədləri bu məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş uçota alınmaq üçün göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir. Valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçotunun aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Ailə Məcəlləsi”nin 115.2-115.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə görə, eləcə də uşağı ailə tərbiyəsinə verməməyə yönəldilmiş digər hərəkətlərə görə bu Məcəllənin 115.3-cü maddəsində göstərilmiş müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər». Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə), bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər. Uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu məcəllənin 116.1-ci maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir. Bu gün övladlığa götürmə ilə bağlı cəmiyyətdə müəyyən anlaşılmazlıqlar, mübahisələr meydana çıxır. Qanunvericilikdə övladlığa götürmə ilə bağlı maddə 117-də («Övladlığa götürülməsinə yol verilən uşaqlar») bildirilir ki, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.
Qeyd edək ki, bəzi aildələrin uşaqları olmur. Hamı ailə qurduqdan sonra övlad arzusu ilə yaşayır, onun dünyaya gəlməsini, ilk addımlarını, ilk sözlərini xəyal edir. Lakin hamıya valideyn olmaq qismət olmur. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma ilə nəticələnir. Bəzi insanlar isə ailənin dağılmaması üçün müxtəlif yollara əl atır. Bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edir. Ekspert Nazir Quliyevin sözlərinə görə, övladlığa götürmə bütün dünyada ən məsuliyyətli və çətin məsələlərdən biridir. Elə məhz bu səbəbdən bu proses məhkəmə yolu ilə həyata keçirilir. Dünya təcrübəsində uşaqların ailə mühitinə yaxın bir mühitdə yaşaması üçün onların övladlığa və qəyyumluğa verilməsi önəmli məsələlərdən biridir. Araşdırmalar nəticəsində məlum olub ki, övladlığa, qəyyumluğa və himayəyə verilməyən uşaqlar müəssisələrə düşür və ailə mühitindən kənar yaşayırlar. “Azərbaycanda övladlığa götürmə üçün öncə valideynlər yaşadığı ərazi üzrə icra hakimiyyətinə müraciət edərək özü haqqında, sağlamlığı, gəlirləri haqqında məlumat verməlidir. Bütün sənədlər təqdim olunduqdan sonra icra orqanı ailənin qiymətləndirməsini aparır və ilkin rəy təqdim edir. 3 yaşına kimi uşaqlar Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar isə Təhsil Nazirliyi tərəfindən ailələrə təklif edilir. Ailə uşaqla ünsiyyət qurur, problem yaranmadığı təqdirdə məhkəməyə müraciət edilir. Məhkəmə tərəflərin hüquqlarını nəzərə alaraq, övladlığa götürmə haqqında qərar qəbul edir”.
N.Quliyev bildirir ki, ölkədə uşaqların övladlığa verilməsi məhkəmə ilə uşaq övladlığa verildikdən sonra başa çatır. Övladlığa verilən uşağın sonrakı taleyi qiymətləndirilmir, yəni uşağın ailədəki vəziyyəti monitorinq edilmir. Müsahibim isə hesab edir ki, övladlığa verilən uşaqların sonrakı taleyinin monitorinqinin aparılmaması onun həyatını risk altında buraxır. “İnkişaf etmiş ölkələrdə övladlığa verilən uşaqların taleyi hər zaman monitoriq edilir. Bu monitorinq sistemi uşağın həyatı üzərində nəzarət mexanizmi formalaşdırır. Azərbaycanda isə uşaq müdafiə sistemində böyük problemlər var. Hesab edirəm ki, övladlığa götürülən uşaqların həyatına monitorinq sistemi yaradılmalıdır”.
Azərbaycanda ailələr azyaşlı uşaqları övladlığa götürmək istəyirlər ki, bu da öz növbəsində müəyyən problemlərə yol açır. N.Quliyevin sözlərinə görə, valideynlər 3 yaşına qədər uşaqları övladlığa götürmək istəyirlər və bu yaşda uşaqların sayı çox azdır. “Bəzən deyirlər ki, internatlar azyaşlı uşaqlarla doludur, niyə bu uşaqlar övladlığa verilmir. Çünki bu uşaqların bir çoxunun sənəd üzərində valideynləri var. İnternat evlərinin nümunəvi əsasnaməsinə əsasən valideynlər həmin uşaqlarla 6 ay müddətində ünsiyyətdə olmursa, onların təlim-tərbiyəsində iştirak etmirsə, internat müəssisələri məhkəmələrdə həmin valideynlərin valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra bilər. Çox zaman internat evlərində bu baş vermədiyi üçün kiçikyaşlı uşaqların sənəd üzərində valideyni olmuş olur. Böyük uşaqları isə ailələr övladlığa götürmək istəmirlər”.
Əcnəbilərə uşaq verilməsi ilə Ailə, Qadın və Uşaq komitəsi məşğul olur. N.Quliyevin sözlərinə görə, son dövrlərdə əcnəbilərə övladlığa uşaq verilmir. “Əcnəbilərə ancaq sağlamlıq problemləri olan, əlil, ailələrin götürmək istəmədikləri uşaqlar verilir. Bu uşaqların da sonrakı taleyi ilə maraqlanma mexanizmi yoxdur”.
Onu da qeyd edək ki, bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.
Üç nöqtə.-2014.- 12 fevral.-
S.9.