“Mən oğlansayağı qız olmuşam”

 

Aşıq Zülfiyyə: “Qadından aşıq olmasaydı, folklorumuz yer üzündən silinərdi”

 

Azərbaycan aşıq yaradıcılığında tarixən çox istedadlı aşıq qadınlar olub. Oxuduğu ifalarla, səsi ilə geniş tamaşaçı auditoriyası qazanan belə qadın aşıqlardan biri də Aşıq Zülfiyyədir. Azərbaycanda ilk dəfə olaraq oğlu ilə duet oxuyan aşıq xanım bu dəfə “Şənbə qonağı”mızdır. Ənənəmizə sadiq qalaraq Zülfiyyə xanımın redaksiyamıza gələcəyi vaxtı öncədən müəyyən edib internetdə elan verdik. Tamaşaçılar da qonağımıza olan sualları “Ucnoqta.az şənbə qonağı” səhifəsinə ünvanladılar. Aşıq Zülfiyyə və oğlunun onlara yazılan sualları cavablandırdığı müsahibəsini sizlərə təqdim edirik.

Gülnarə Hüseynova: Aşıq sənətinə həvəs sizdə necə yaranıb?

Aşıq Zülfiyyə: Mənim ana tərəfdə nəslimizdə aşıqlar olduğu üçün, üzünü görməsəmdə, nənəmgil deyirdi ki, babam Aşıq Məhəmməd zəmanəsinin tanınmış aşıqlarından olub. Yəqin ki, ondan irəli gəlib. Mən deyərdim ki, bu irsi keçmədir. Həm də ki, Tovuz bölgəsi sənətkarlar yetirən bir bölgədir. Gözəl sənətkarlar yetişdirib.

Əfsanə Məmmədova: Bu sənətdə Zülfiyyə xanıma kim dəstək olub?

Aşıq Zülfiyyə: Cəmi ustadları özümə ustad hesab edirəm. Əgər kiməsə qulaq asıramsa, bir şey götürürəmsə onu özümə ustad hesab edirəm. Ümumiyyətlə, uşaq vaxtları Aşıq Əvəzin yanında olmuşam. Düzdü toy məclislərinə onunla gedəndə saz çalmırdım. Onun sənətindən, toy aparmağından, danışıq tərzindən xoşum gəlirdi. Görünür hardasa onun da mənə təsiri var idi.

Könül Əzimova: Aşıq kimi ilk dəfə harada və neçə yaşınızda çıxış etmisiz?

Aşıq Zülfiyyə: Tovuz rayonunda keçirilən məhsul bayramında 14 yaşımda çıxış etmişəm.

Aybəniz Xəlilova: Aşıq Zülfiyyənin uşaqlıq illəri necə keçib?

Aşıq Zülfiyyə: Uşaqlıq illərim çox dəcəl keçib. Deyilənə görə, sakit uşaq olmamışam. Uşaqlarla dalaşmışam. Moteskl sürürdüm. Bir az bu şeylər qadına uyğun deyildi. Mənim ailəmdə dörd qızdan sonra bir qardaşım var. Sonra deyiblər ki, mən də ona tay olaram. Amma mən qız olmuşam. Sonra atam rəhmətlik deyib ki, mən onu oğlan kimi böyüdəcəm. Oğlan sayağı şeylərin hamısını mənə öryədirlər. Bax belə, oğlan sayağı böyümüşəm.

Gülnar Həmidova: Aşıq Zülfiyyə həyat yoldaşı ilə nə vaxt və harada tanış olub?

DSC04343Aşıq Zülfiyyə: İlk dəfə həyat yoldaşım 16 yaşım olanda Bakıda “Aşıq pəri” məclisində konsetdə olanda görübdür. Yoldaşım öz rayonumuzdandır. Mənə elçi gəldilər. 18 yaşa çatanda da evləndik.

Aynurə Mahmudova: Aşıq Zülfiyyə üçün Babək necə oğuldur?

Aşıq Zülfiyyə: Mənim üçün ərkəsöyünlüyü olmasa da bir az dəcəl oğlandır.

Pərvanə Qasımova: Babək bəy anası ilə oxuması haqqında danışsın və Zülfiyyə xanım babək bəyə ifa zamanı hansı məsləhətləri verir?

Quluzadə Babək: Biz oxuyarkən birinci növbədə səhnə görnüşünü, səhnə mədəniyyətini mənə öyrədib. İkimizin bir yerdə oxuması bir çox duet oxuyanlar var idi. Amma ana-oğul duetini heç kəs oxumamışdı. Bir yenilik oldu. Sağ olsun tamaşaçılar sevdilər, qəbul etdilər. Necə ki, bu gündə sevirlər.

Aytən Kərimova: Babək bəyin şəxsi həyatına Zülfiyyə xanım dost kimi, yoxsa ana kimi məsləhət verir?

Q. Babək: Anam mənə dost kimi məsləhət verir.

Aşıq Zülfiyyə: Ana kimi məsləhət verəndə Babəkdə hardasa bir az ərköyünlük yaranır. Hansısa fikrimi ya yola verəcək, ya başımı sığalayaraq yaxşı “əzizim” deyir. Belə şıltaqlıqları var. Deyirəm səninlə bir dost kimi danışıram. Bu yolu belə getsən səni bu şeylər gözləyir. Biz istər- istəməz bu yolları çəkə-çəkə gəlmişik. Biliriki ki, hansı ağızdan a deyəndə bu nə demək istəyir. Biz bunu bilirik. Rəhmətlik Bəhman Vətənoğlu deyirdi ki, “Hər baxışın mənasını duymuşam; Ağrın alım demə Bəhman naşıdır” İndi biz bir məclisə də gedəndə bütün baxışın mənasını bilirik. Ona görə də, mən Babəkə deyirəm ki, hər danışılan sözə inanma. Hər gördüyün şey gördüyün kimi görmək istəyirsən. Ancaq bilmirsən ki, onun arxasında nələr dayanır. Bəzən belə şeylər insanı aldada bilər. Pis yola sala bilər. Sağ olsun o da məni eşidir. Eşitmədiyi də olur.

Nuran Hümmbətova: Zülfiyyə xanımın sənətdə yaxın dostları varmı? Və kimlərdir?

Aşıq Zülfiyyə: Ümumiyyətlə sənətdə heç kimlə pis münasibətim yoxdu. Demək olar ki, sənətçilərin əksəriyyəti mənimlə qonşudular. Xatirə İslam, Rəqqasə Fatimə, Rəqsanə, Mətanət Əsədova qonşudur. Hamısı ilə də münasibətim yaxşıdır.

Nərmin Qədimova: Babək bəy mümkünsə gələcək karyerası haqqında məlumat versin. Gələcəkdə hansı işləri görmək istəyir?

Q. Babək: Gələcək karyera barədə hazırda yeni duet haqqında düşünürük. Şəxsi həyat haqqında heç nə deyə bilmirəm. Biz özümüzdə gələcəkdə nə olacağını bilmirəm. Gələcək karyera haqqında düşündüyüm ya tək ifalar və anamla bir yerdə duetlərimizdir.

Nailə Hüseynzadə: Zülfiyyə xanıma sənətdə daha çox kim dəstək olur. Çətin anlarında kiminlə məsləhətləşir?

Aşıq Zülfiyyə: Mən ancaq həyat yoldaşımla məsləhətləşirəm. Onun icazəsi olmadan bu gün burada gələ bilməzdim. Mən hər şeyi ona deyirəm. Ondan hə cavabı almamış heç yerə getmirəm.

Gülnar Aşırova: Babək bəy şəxsi həyatını və hansısa problemlərini daha çox kiminlə bölüşür? Zülfiyyə xanımla, yoxsa atası ilə?

DSC04356Q. Babək: Anamla bölüşürəm.

Aşıq Zülfiyyə: Bəzən elə anlar olur ki, mən də, yoldaşımda Babəklə məsləhətləşirik. Babək belə bir şey etmək istəyirik. Babəkin fikri ilə razılaşıram. Görəndə ki, ağıllı fikir onunkudur.

Ramilə Paşayeva: Bu sənətdə tanınmanız sizə nələri qazandırdı?

Aşıq Zülfiyyə: Çoxlu dost, saf sevgi qazandırdı. Demək olar ki, biz həyatda nəylərə nail olmuşuqsa, hazırda nəyimiz varsa, tamaşaçı sevgisindən əlavə göydə Allah, yerdə allahın bəxş elədiyiyidir.

Aişə Xudiyeva: Zülfiyyə xanımın oğlu bir neçə duetini dinlədik və sevdik. Yenə duet oxumaları gözlənilir?

Aşıq Zülfiyyə: Mütləq olacaq biz elə bir şeylər hazırlamaq istəyirik ki, olmayan, qeyri-adi bir mövzu olsun. Maraqlı bir şey ortaya çıxsın. İstəyirik ki, “Elçi gedək” mahnısı mövzusunda maraqlı olsun. Hərçənd ki, Babək mənə deyir ki, sən o mahnıyı oxuyandan elə bilirlər elə bir şey var. Mənim bazarımı bağlayırsan deyir. Həmişə belə zarafat edir. Yəni ki, maraq doğuran mövzular axtarırıq. Mahnıların əksəriyyətini özüm yazmışam.

Günay Qədirova: Zülfiyyə xanım daha çox hansı xarici ölkələrə toya gedir?

Aşıq Zülfiyyə: Ən çox Rusiyada oluram. Xarici ölkələrə daha çox konsertlərə gedirik. İrana da toya çox dəvət edirlər. Türkiyədən də dəvət alıram. Sadəcə olaraq, hara gedirəmsə darıxıram bir həftədən artıq qala bilmirəm. Birdən ailəliklə üçümüzdə gəzməyə gedirik. Hansı ki, heç kəs yoxdur. Ailəmlə bir yerdəyik. Amma yenə də mən darıxıram.

Nuranə Hüseynli: Zülfiyyə xanımı həyat yoldaşı qısqanırmı? Yaxud da əksinə Zülfiyyə xanım həyat yoldaşını qısqanırmı?

Aşıq Zülfiyyə: Heç vaxt qısqanmamışam. Qısqanclığa yaxşı baxmamışam. Əvvəllər elə şeylər tez-tez olurdu. Babək böyüyüb. Həm də qısaqanclığa gərək yoxdu. Yoldaşım qısqanclığı biruzə vermir. Sadəcə ondan nəisə soruşanda acıqlı cavab verir. Ondan bilirəm ki, nəisə düzgün etməmişəm. Nəyəsə acığı tutub. Sadəcə dilinə alıb danışmır. Bəzən analar da var oğlunu da qısqanırlar. Amma mən əksinə elə şeyə pis baxıram ki, nəyə görə qısqanırlar.

Əfruzə Məmmədova: Zülfiyyə xanımın oğluna arzusu nədir? Babək bəyi necə görmək nistəyir?

Aşıq Zülfiyyə: Oğlumu birinci növbədə ağıllı dostların əhatəsində görmək istəyirəm. Bir ana kimi Babəkin sənətkar olmağını arzulayıram. İlk növbədə gözəl insan olmağı ona arzulayıram. Özünə həyatda gözəl bir yol seçsin. Gözəl bir insan olsun. Hamının hörmətini qazansın. Sənətkar, hansısa peşə sahibi olmaq asandı, nəinki insan olmaq. Birinci növbədə səmimi olsun.

Əminə Həmidova: Məşhur olmaq Babək bəyə asan oldumu?

DSC04355Q. Babək: Bir də gözümü açdım ki, ekranlardayam.

Nərgiz Həsənova: Müğənni xanımdan aşıq olmaz deyirlər. Bununla bağlı fikirlərinizi bilmək istəyiririk.

Aşıq Zülfiyyə: Qadından aşıq olmasaydı bizim folklorumuz yer üzündən silinərdi. Onda gərək məhəbbət dastanlarımız da yaranmazdı. Adi qəhrəmanlıq dastanlarının içində belə məhəbbət mövzusuna toxunulub. Bizim elə qadın aşıqlarımız olub ki, “Aşıq pəri”, “Aşıq Nabat”, “Aşıq Həmayıl, “Aşıq Əskinaz”. Bunları danmaq olmaz.

Tahirə Qafarlı: Aşıq xanımlara qarşı münasibət bir qədər dəyişib. Aşıq xanımlara qeyri-ciddi yanaşılır? Demək olarmı ki, bu aşıq xanımların aşıqlığa şou kimi yanaşmasından irəli gəlir?

Aşıq Zülfiyyə: Baxır kimə qeyri-ciddi yanaşırlar. Kimə ciddi yanaşırlar. Hər şey insanın özündən asılıdır. Elə şey olar ki, məclisə gedərsən səni hörmətlə, izzətlə qarşılayarlar, elə məclislərə gedərsən ki, səni lağlağı ilə ağızlarına gələni deyə-deyə qarşılayarlar. Gözümüzün qabağında çox şey olur. Şükür Allaha ki, bizim başımıza elə şeylər gəlməyib.

Arzu Zeynallı: Niyə oğlunu müğənni görmək istədi?

Aşıq Zülfiyyə: Bu sənətə Babəkin həvəsi olduğu üçün həvəsini qırmaq istəməmişəm. Görmüşəm ki, bu sənətə nə lazımdırsa, oğlumda var. Sənətçi olmaq üçün birinci növbədə ritmdir. Amma bizim elə sənət nümayəndələri var ki, ritmdən onun xəbəri yoxdur. Hətta birinci dəfə mən ritmlə oxuyanda aşıq dostlarımızda da deyirdilər ki, ritm nədir a bala biz ritmlə oxumamışıq. Mən dedim ki, ürək ritmlə vurmayanda xəstə sayılır. Ritmi bütün dünya qəbul edir. Biz niyə qəbul etməməliyik. Amma bizim əfsuslar olsun ki, aşıqlarımızın bəzilərində ritm yoxdur.

Qurban Ələddinoğlu: Aşıq kimi deyil müğənni kimi toylara gedər?

Aşıq Zülfiyyə: Mən özüm toylara gedəndə aşıq mahnıları az oxuyuram. Toylara hansı mahnılar lazımdırsa, onları ifa edirəm. Toylara tək də gedirəm. Bəzən oğlumla da gedirəm.

Sevinc Məmmədzadə: Aşıq Zülfiyyə gələcək planlarından danışa bilər?

DSC04344Aşıq Zülfiyyə: Bir ana kim mənimdə bir arzum var ki, Babəkin mürvətini görmək. Sənətdə isə inşallah yeni mahnılar haqqında fikirləşirik. Yəqin ki, onları yazdırıb ifa edəcəyik.

 

Rəqsanə  Həsənova

Üç nöqtə.-2014.- 15 fevral.- S.13.