Ailə cəmiyyətin əsasını
təşkil edir
Erkən nikahlar isə dağıdıcı təsirə
malik sosial fenomendir
Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və sair kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Amma əlbəttə ki, zaman, inkişaf da müasir ailə modelinə öz təsirini göstərir. Bu inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı halları da mövcuddur. Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da təəssüflər olsun ağrılı problem kimi qalır. Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma biz bilirik ki, ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər.
Praktika göstərir ki, erkən nikaha girənlərin bəziləri borşanmalı olur. Boşanmış gənc qızlar insan alverinə daha həssas olur. “Ən yaxşı” halda, onlar həyatları boyu psixoloji sarsıntı və əzab keçirirlər, bu isə ümumi əhalinin rifahı üzərinə bərpası mümkün olmayan mənfi təsiri şərtləndir. Beləliklə, erkən nikahlar baş verdikdə yeniyetmə qızlar ailə qurduqdan sonra təhsili atmağa sövq edildikdə onların təhsil almaq hüquqları pozulur. Vəziyyəti daha da ağırlaşdıran amil ondan ibarətdir ki, onlar öz həyatları ilə bağlı qərarları qəbul etmək hüququndan da məhrum olunurlar. Stastik məlumatlar göstərir ki, nikaha daxil olan qadınların yalnız 20 faizi öz sağlamlıqları ilə bağlı qərar qəbul etmək iqtidarındadır, 52 faizi isə ərləri ilə birgə qərar qəbul edir, 28 faizində isə digərləri onların əvəzinə qərar qəbul edir. Bir sözlə, erkən nikahlar dağıdıcı təsirə malik sosial fenomendir. Lakin müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsindən başlayaraq qadınlara geniş səlahiyyətlərin verilməsinədək müxtəlif çeşidli əks tədbirlər həyata keçirildiyi təqdirdə erkən nikahların qarşısının alınması mümkündür. Beləliklə, həyata keçirilməli tədbirlər qanunvericilik bazasına müvafiq düzəlişlərin edilməsi, erkən nikahların qarşısının alınması məqsədilə hökumət təşkilatlarının səfərbər edilməsi və erkən nikahların mənfi nəticələri ilə bağlı ictimaiyyətin məlumatlandırılma-sından ibarətdir ki, UNICEF-in Azərbaycan nümayəndəliyi də bu sahələri təkidlə təşviq edir.
Erkən nikahların yayılması haqda məlumatları toplamaq çətindir. Belə ki, bəzi nikahlar kəbin əsasında qurulmuşdur, onları yerli mollalar kəsmiş və rəsmi olaraq qeydiyyatdan keçməmişlər. Baxmayaraq ki, dövlətlə məscid arasında əldə olunmuş razılaşmaya əsasən mollalar kəbini kəsməmişdən əvvəl bəylə gəlindən rəsmi nikah şəhadətnaməsini və ya yaşlarını təsdiq edən sənədləri tələb etməlidirlər, adətən dini nikah mərasimində nişanlanan şəxslərin yaşlarının sənədləşdirilməsi həyata keçirilmir. Bu cür hallarda tədqiqat zamanı müsahibələrdən məlum olmuşdur ki, nikah qızların istəkləri olmadan və ya valideynlərin təzyiqi nəticəsində həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, valideynlərin qızlarının yeniyetmə yaşlarında ərə getmə istəklərinə nadir hallarda qarşı çıxırlar. Valideynlərin istəklərinə qarşı olaraq nikahların bağlanması halları azlıq təşkil edir. Adətən, valideynlər qızlarının qərarlarını dəstəkləyirlər və qızın erkən ərə getməsini onun taleyi və ya qisməti kimi hesab edirlər. Buna baxmayaraq, araşdırılmış halların böyük əksəriyyətində yeniyetmə qızın nikaha daxil olması barədə qərarı onun valideynləri və ya yaxın qohumları verir. Müəyyən edilmişdir ki, Azərbaycan cəmiyyətində erkən nikahların yayılmasına təkan verən amillər, baxmayaraq ki, onlar müxtəlif mənşəlidirlər və fərqli əhəmiyyətə malikdirlər, bir-biri ilə sıx əlaqəli və bir-birindən qaynaqlanırlar. Bu amillər iki qrupa bölünə bilər: mədəni-psixoloji və sosial-iqtisadi. Birinci qrup amillər ailə institutu və gender məsələlərinə aşağıdakı ənənəvi yanaşmalardan ibarətdir: qadının evliliyinin, qızın bakirəliyinin və ailənin şərəfinin vacibliyi. İnsanlar yanlış başa düşülən dini normalara və güclü patriarxal ailə modelinə əməl etməyə məcburdurlar. Evlilik və uşaq doğurma yenidən qadının öz həyatında əldə edə biləcəyi ən vacib nailiyyətlər kimi qəbul edilir. İnsanları öz övladlarını mümkün qədər erkən evləndirməyə və ya hətta buna can atmağa məcbur edən amilləri öyrənərkən, tam və kompleks sosial və iqtisadi səbəblər ortaya çıxmışdır.
Ölkədə hal-hazırda baş verən iqtisadi və sosial keçid prosesləri, eləcə də Ermənistanla olan müharibə göstərilə bilər. Erkən nikah vasitəsilə insanlar öz yoxsulluqlarına son qoymaq və ya daha yaxşı iqtisadi və sosial status əldə etməyə çalışırlar. İqtisadi qeyri-müəyyənlik, qohumbazlıq və hörmət (ənənəvi rüşvət sistemi) insanları yaxın qohumlarında və keçmişə xas olan sosial normalarda dəstək aramağa vadar edir. Gender bərabərliyinə nail olmaq birbaşa nikah münasibətlərinin nizamlanmasının strategiyasından asılıdır. Ailələrin sosial institut kimi fəaliyyət göstərməsi Azərbaycanın inkişafında həssas indikator rolunu oynayır. Tarixən sərt gender qayda-qanunlarının mövcudluğuna görə qadınlar ailədən kənarda ola bilməzdilər, əvvəl ata evində (qohum), nikah yaşı çatdıqda isə – yoldaşının (ər evində) olmalı idi. Məhz bu səbəbə görə Azərbaycanın qadın əhalisinin yüksək səviyyəli, praktiki olaraq yüz faizlik nikahlı olmaqları şərtlənmişdir. Madam ki, qadınlar praktiki olaraq heç bir şeyə malik deyildilər, evlilik onlar üçün yeganə vəsait mənbəyidir. Ailə qurmaq qadınların evlə təmin olunmasına şərait yaradır, onlara mülk, sosial-iqtisadi müdafiə verir, dünyaya uşaq gətirmək üçün vasitə rolunu oynayırdı. Sovet hakimiyyəti dövründə erkən nikah qəti qadağan olunsa da, bu onun tam aradan qaldırılmasına yox, sadəcə ailə-nikah münasibətlərinin formasının dəyişilməsinə səbəb oldu. Bundan əlavə, azərbaycanlı qadınların sosial-əmək aktivliyi və sovet dövründə onların təhsil səviyyəsinin artması ənənəvi sayılan erkən ailə-nikah münasibətlərinin zəifləməsində katalizator rolunu oynadı. Lakin, hətta bu şəraitdə də ölkənin cənub bölgələrinin kəndlərində erkən nikah, islam dininin normaları ilə uzlaşaraq kifayət qədər ənənəvi sosial institut kimi fəaliyyət göstərirdi.
UNİSEF-in Azərbaycandakı nümayəndəliyin məlumatına əsasən, sovet hakimiyyəti dövrü ilə müqayisədə indi Azərbaycanda erkən nikahların sayı artmışdır. Azərbaycan mentalitetində ailə iqtisadi, siyasi, hüquqi, dini və mədəni faktorların təsiri altında əsas rollardan birini oynamaqda davam edir. Azərbaycan ailələrinin fərqləndirici xüsusiyyətlərindən biri də onun qapalı olmasıdır. Ailə daxilində baş verən hadisələr, hətta yaxın tanışlarla da müzakirə edilmir. Erkən nikah problemi də kifayət qədər qapalıdır, onu ancaq ailə üzvləri arasında müzakirə etmək mümkündür.
Üç nöqtə.-2014.- 18 fevral.- S.9.