«Müvafiq icra strukturları prosesə nəzarət etməlidirlər»

 

Çingiz Qənizadə: «Polis orqanları nikah yaşına çatmayanlar arasında qurulan toy mərasimlərindən də xəbərdar olmalıdırlar”

 

Nikah1Erkən nikahın bir çox fəsadları var. Onlardan biri tibbi fəsadlardır. Bir çox valideynlər öz qız övladlarını erkən nikahlara təhrik edərkən onların yalnız insan hüquqlarını, təhsil hüquqlarını, uşaq hüquqlarını pozmurlar. Belə valideynlər həmçinin “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının qanununu da pozmuş olurlar. Unutmaq olmaz ki, yetkinlik yaşına çatmamış qızların orqanizmləri uşaq dünyaya gətirmək üçün fiziki cəhətdən tam inkişaf etmiş olmur. Dünyaya uşaq gətirən zaman qızın çanağı tam ölçüdə olmadığı üçün uşağın çanaq daxilində yaxşı inkişaf etməməsi, dölün asfiksiyası, kəllədaxili təzyiqlə doğulması və sair kimi fəsadlar baş verir. Bəzi qızlarda cinsi yetkinlik dövrü gecikir, qızlarda aybaşı sikli öz normal halına düşməmiş erkən ailə qururlar. Bu gələcəkdə bir çox fəsadlarla, ilk növbədə sonsuzluqla nəticələnir. Erkən yaşlarda, xüsusilə qızların yaş həddinin keçid dövründə onların psixoloji durumları tam formalaşmadığı üçün erkən nikahlara cəlb edilən qızlar həm də psixoloji cəhətdən ailəyə və onun idarə edilməsinə hazır deyillər. Bu da gələcəkdə onların bir sıra psixiki xəstəliklərə düçar olmasına gətirib çıxarır. Bütün dünyada 15-19 yaşlı qızlar arasında ölüm hallarının əksəriyyəti hamiləliklə bağ¬lıdır (ərdə və ərdə olmayan). Bu yaşda olan qadınların 20-24 yaşda olan qadınlarla müqayisədə hamiləlikdən ölmək ehtimalı dəfələrlə çoxdur. Yaşı 15-dən az olan qadınlar isə 20 yaşlarında olan qadınlara nisbətən 5 dəfə daha çox ölüm ehtimalı ilə üzləşirlər. Aparılmış araşdırmalar göstərir ki, Azərbaycanda çox gənc anaların körpələri arasında ölüm səviyyəsi onların bir qədər daha çox yaşı olan həmcinslərinə nisbətən bəzən iki dəfə daha çox olur. Yeniyetmə analarda daha yaşlı analardan fərqli olaraq, körpələrin az çəkili olma ehtimalı daha yüksəkdir. Az çəkili körpələrin ölüm ehtimalı normal çəkili körpələrə nisbətən 5-30 dəfə çoxdur. Əgər ananın yaşı 18-dən azdırsa, onun uşağının ilk il ərzində ölmə ehtimalı yaşı 19-dan çox olan ananın doğduğu uşaqla müqayisədə 60 faiz çoxdur.

Erkən nikaha cəlb edilən qızlar hamiləlik dövründə də ciddi problemlərlə üzləşirlər. Hamiləlik zamanı qaydalara riayət edilmir, nəticədə doğuş zamanı eklampsiyaya düşür, düşüklər baş verir, doğulan uşaqların çəkisi az oluronlar anemiya olurlar. Erkən nikahlarda doğulan uşaqların ölüm halları faizi də yüksək olur. Nəzərə alsaq ki, kənd yerlərində bəzən doğuşlar evlərdə həyata keçirilir, gənc analar baş verə biləcək faciələrdən sığortalana bilmirlər.

Sağlamlığa mənfi təsir edən amillərdən biriabortdur. Məhz abortla bağlı ağırlaşma hallarının çox hissəsi gənc anaların payına düşür. Onu da qeyd etmək yerinə düşərdi ki, abort qanunla qadağandır, xüsusilə də yetkinlik yaşına çatmayan qızların qanunsuz aborta getmələri cinayət hesab edilir. Erkən nikahlardan dünyaya gələn körpələrin səhhətləri yetkin qadınların dünyaya gətirdikləri körpələrin səhhətinə nisbətən daha çox risklə üzləşirlər. Gənc anaların körpələri doğularkən az çəkili olma ehtimalları daha çoxdur, onların yarımçıq doğulma riski daha da yüksəkdir və onların doğumdan qabaq ölüm faizi daha da artıqdır. Əsas problem isə “Uşaqdan uşağın dünyaya gəlməsidir“. Belə ki, hələ özü uşaq olan və yetkinləşməmiş yeniyetmə ana uşaq dünyaya gətirmək üçün lazım olan valideynlik bacarıqlarına da malik ola bilməz.

Erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər. Bütün ailələrin – istər hər iki valideyni, istərsə də tək valideynli olsun, iqtisadi cəhətdən dəyişkən olmaları cəmiyyətin marağındadır. Erkən nikahlar və erkən hamiləlik isə bunun belə olmasına nəinki kömək edir, əksinə mane olur. Aydındır ki, erkən nikaha yalnız qızlar daxil olmur, həm də oğlanlar daxil olur. Belə hallara da rast gəlinir. Maraqlıdır ki, onlar nikahı yaşları qanunda göstərilən həddə çatdıqda rəsmiləşdirirlər.BÖu kimi halların da qarşısı vaxtında alınmalıdır.

Yuxarıda sadalanan problemlərin həlli üçün isə cəmiyyət birlikdə çalışmalıdır. Təkcə qadınlar deyil, kişilər də paralel olaraq maarifləndirilməlidirlər, nəticədə isə problem öz həllini tapa bilər. Son dövrdə erkən nikahın qarşısını almaq üçün atılmış addımlar bəhrəsini verir. «Azərbaycanda qanunvericiliyə müvafiq dəyişiklik ediləndən sonra erkən nikahların qarşısı maksimum dərəcədə alınıb». Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. O qeyd edib ki, əvvəllər erkən nikahlara görə inzibatı məsuliyyət var idi. Ancaq sonradan qanunvericilik bir qədər sərtləşdirildi. Mövcud qanunvericiliyə əsasən, erkən nikahlara, qadını nikaha məcbur etməyə görə valideynlərin də məsuliyyəti var. Bu hal həm cərimənin ödənilməsini tələb edir, həm də cinayət məsuliyyəti yaradır. Bu isə erkən nikahların sayına xeyli təsir edib: “Bununla bağlı həm maarifləndirici işlər aparıldı, həm də qanunvericilikdə dəyişikliklər etdik. Hesab edirəm ki, hələlik bunun kifayət qədər təsiri var və belə halların maksimum qarşısını ala bilmişik. Belə hallara görə məsuliyyət yarandığı üçün artıq heç kim -nə icra nümayəndəsi, nə də din xadimi bunun məsuliyyətini öz üzərinə götürmək istəmir”.

C.Qənizadə bildirib ki, əgər qanunvericilik bu gün tələblərə cavab verməsə, onu daha da sərtləşdirə bilərlər. Ancaq onun fikrincə, birdən-birə daha yüksək məbləğdə cərimələrin tətbiqi və daha çox cəzaların təyin olunması məqsədəuyğun deyil.

Qeyd edək ki, Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddə əlavə olunub. Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

O qeyd edib ki, Azərbaycanda erkən yaşlarından evləndirilən şəxslər barədə yerli polis orqanları məlumatlı olmalı, müvafiq tədbirlər görməli və bu məsələdə məsuliyyəti hiss eləməlidirlər. “Əgər yerli polis orqanları, sahə müvəkkilləri kənddə hər hansı bir oğurluq hadisəsini araşdıra bilirlərsə, nikah yaşına çatmayanlar arasında qurulan toy mərasimlərindən də xəbərdar olmalıdırlar” – deyə deputat vurğulayıb. Ç.Qənizadə deyir ki, eyni zamanda müvafiq icra strukturları da bu prosesə nəzarət etməlidirlər.

İnsanlarda həddi-buluğa çatmamış yaşda ailə həyatı qurmaq, onların valideynlərində bu addıma yol verilməməsi məsələsində qorxu olmalıdır”, – millət vəkili deyib.

Həmçinin, Qənizadə könüllü şəkildə olsa elə, nikah yaşına çatmayan şəxslərin evlənməsinə qadağa qoyulmasının zəruri olduğunu hesab edir.

 

Üç nöqtə.-2014.-19 fevral.-S.-9.