Baba Vəziroğlu: “Xocalı soyqırımıAzərbaycan
xalqı üçün ağır dərddir”
Canəli Əkbərov: “Xocalı
soyqrımı hamımızın
həyatında bir yara oldu”
1992-ci ilin bu günü fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərini işğal edilərək, etnik azərbaycanlılara qarşı soyqırım törədilib. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Fevralın 26-sı səhər saat 5-də Xocalı alova qərq oldu. 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinindən 613-ü düşmən gülləsinə tutularaq, qətliamın qurbanı oldu. Xocalı sakinləri, uşaqlar, qocalar, hamilə qadınlar amansızlıqla qətlə yetirildilər. 1275 xocalılı əsir, 150-si itkin düşdü. Mədəniyyət insanları soyqırım hadisələri haqqında düşündüklərini və Azərbaycan xalqının ağrılı günü olduğunu bildirdilər. Mövzu ilə bağlı “Üç nöqtə” yə danışan xalq artisti Canəli Əkbərov soyqırımın hər bir insanın ürəyini qırdığını bildirdi: “Xocalı soyqırımı hər bir insanın ürəyini qırdı. Soyqırım baş verən günü mənim konsertim təyin olunmuşdu. Biz bu hadisənin baş verəcəyini bilmirdik. Mən kosertdən yığılan pulları Xocalı sakinlərinə verdim. Xocalı soyqrımı hamımızın həyatında yara kimi iz qoydu. Bu faciə xalqımızın ümumi sağalmayan yarasına çevrildi”. Müğənni Nadir Bayramlı Xocalı soyqırımın ağrılı yerimiz olduğunu dedi: “Xocalı soyqırımı ümumi Azərbaycanımızın ağrılı bir yeridir. Əslində bu hadisələr bizə bir ibrətdir ki, bundan sonra da gərək belə şeylərə imkan verilməsin. Millətimizin başına belə hadisələr bir daha gətirilməsin. Mən həmişə düşünmüşəm ki, Azərbaycanın çəkdiyi bu ağrı-acıların bir səbəbi var. O da torpaqlarımızın çox gözəl olmasıdır. Gərək hər zaman ayıq-sayıq olaq. İnşallah dövlətimizin gücü, qüdrəti ilə bu gözəl məmləkətimizi, Azərbaycanımızı qoruyarıq. Mən dünyasının dəyişmiş şəhidlərimizə, vətənimiz yolunda canlarından keçmiş insanlara Allahdan rəhmət diləyirəm”.
Şair Baba Vəziroğlu dedi ki, Xocalı soyqırımının yalnız Xocalı sakinləri üçün deyil, ümumilikdə Azərbaycan xalqı üçün ağır dərddir: “Yaxın dostum, millət vəkili Elman Məmmədovun həyatında itki olub. Millət vəkili 26 nəfər can bir qohumlarını, yaxınlarını itirib. Təbii ki, bütün Xocalıda vətən uğrunda canlarından keçmiş şəhidlərimiz onun üçün doğmadır. Soyqırım zamanı Elman Məmmədov Xocalı icra başçısı olub. Mən onunla görüşəndə, hər zaman o ağrını, faciəni birlikdə yaşayırıq. Dostumla toylarda, məclislərdə, sevincli günlərdə də görüşən zaman üzündəki qəm-kədər, qaranlıq kölgəsi getmir. Həmişə onun üzərində o kölgə var. Mənə elə gəlir ki, Xocalının qisası alınmayınca, Xocalıya ədalət gəlmiyincə, o kölgə, qaranlıq onun üzündən getməyəcək. Eləcə də mənim. Şəhidlərin analarına, bacılarına, ümumiyyətlə vətənimiz üçün canından keçmiş bütün şəhid ailələrinə baş sağlığı verirəm. Demək istəyirəm ki, çox yaşasınlar. O qisas gününü görsünlər. Allahın əmridir bir gün gələn, bir gün köçər. O günü görməmiş həyatdan getməsinlər. Qisas gününü görsünlər. Şəhidlərimizə Allah rəhmət etsin”. Xalq artisti Alim Qasımov soyqırınım zamanı şəhid olmuş insanların ailələrinə Allahdan səbr dilədi: “Onların qanı yerdə qalmasın. İnşallah vətənimizin bir hissəsi olan Xocalımız düşmən tapdağından çıxar. Allahdan şəhidlərimizin ruhlarının şad olmasını istəyirəm. Şəhidlərin ailələrinə, yaxınlarına səbr diləyirəm”.
Rəqsanə
Həsənova
Üç nöqtə.-2014.-26 fevral.- S.13.