Xocalı qisas gününü gözləyir

 

Düşmən üzərindəki qələbəmiz Xocalı və bütün Azərbaycana ağrısını unutdura bilər

 

Pirşağıda dəniz kənarındakı pansianatda məskunlaşan xocalılar artıq 22 ildir ki, ilin dörd fəslinin dördünü də eyni hüzünlə yaşayırlar. Təkcə öz canlarını deyil, övladlarını da əzab-əziyyətlə, ölümün gözünə baxa-baxa düşmən əlindən qaçıran anaların, ataların ömürlərinin yalnız bir fəsli var – “qış”. Xocalı faciəsinin kiçik şahidləri bu gün yaddaşlarının bir küncündə ilişib qalmış qar üzərindəki qan izlərini, kəsilmiş başları, doğranmış bədənləri unuda bilmirlər. Onlar danışdıqca, göz yaşlarını saxlaya bilmir, səsləri titrəyir, əsəbdən əlləri əsir…

Sevil Əbdülova: Fevralın 25-də olan hücum həmişəkinə bənzəmirdi. Hamı kimi zirzəmiyə yığışmışdıq. Sonra atışmanın uzandığını görüb, meşəyə qaçdıq. Ermənilər göyə fişəng atıb, onun işığında camaatı güllələyirdilər. Bir az qaçmışdıq ki, 12 yaşlı oğlumla mən yaralanıb, dəstədən geri qaldıq. Yoldaşımla iki oğlum qabaqkı dəstəylə birlikdə kanalı keçmişdi. Oğlumun yarasından qan axır, qana bulaşmış bədən buz bağlayır, uşaq soyuqdan donurdu. Oğluma dedim ki, atangili çağırma, qoy heç olmasa onlar xilas olsunlar… Ermənilər bizi tutub bir evə apardılar. Orda bir qız və bir yaşlı kişini girov çaxlayırdılar. Bizi girov götürən ermənilərin övladları Bakıda Şüvəlan həbsxanasında cəza çəkirdi. Məqsədləri bu idi ki, bizi onunla dəyişdirsinlər. Bünün üçün isə girovlardan biri bizimkiləri xəbərdar etməli idi. Mən dedim ki, ya uşaqları, ya da kişini buraxın, mən məktub yazıb onlarla göndərim, dediyiniz adamla bizi dəyişdirsinlər. Ermənilər razı olmadılar ki, – «onlar getsələr geri qayıtmayacaqlar, amma sən oğlunun dalınca qayıdacaqsan». Razılaşmadım. Artıq girovluqdan qaçmaq barədə düşünürdük. Oğlum ev yiyəsinin oğlu ilə su gətirmək bəhanəsi ilə ətrafı nəzərdən keçirib gördü ki, ermənilər xəndəklərdə özlərinə yer düzəldib, ətrafa nəzarət edirlər. Qaçsaydıq bizi öldürərdilər. 4 gündən sonra öz aramızda bu qərara gəldik ki, mən gedib ermənilərin adamlarının bizimlə dəyişdirilməsi məsələsini həll edim… Bakıya gəlib məsələni yoldaşıma danışdım. İki ay həmin erməninin girovlarla dəyişdirilməsi məsələsiylə məşğul oldum. Döymədiyim idarə qapısı qalmadı. Çox çətinlikdən sonra ermənini həbsdən çıxartdırıb geri qayıtdım. Beləcə, oğlumu da, o cavan qızla qoca kişini də xilas etdim.

Şəkibə Mustafayeva: Həmin gün hamı kimi evimizdə oturmuşduq. Qəfil dörd tərəfdən fişəng atıldı, ardınca avtomatlar, pulemyotlar işə düşdü. 4 il idi ki, hər axşam Xocalını qısa fasilələrlə atəşə tuturdular. Buna görə də elə bildik ki, bu dəfə də atışma 2-3 saat çəkəcək. Amma bu dəfə atışma dayanmaq bilmirdi. Qonşu qadınlar, qocalar, uşaqlar bizim evin zirzəmisinə yığışdı. Yoldaşım posta gedirdi, dedi ki, ermənilər şəhərə girsələr, qaçarsınız meşəyə, mən sizi taparam. O gedən getdi… Ermənilər 4 tərəfdən şəhəri gülləyə tutmuşdular. Zirzəmidən çıxıb meşəyə üz tutduq. Qocalar, xəstələr zirzəmidə qaldılar. Səhərə qədər əyilə-əyilə, sürünə-sürünə yol gəldik. Hər addımda 10-15 adam ölürdü. O cür güllə yağışının altında təsadüf nəticəsində sağ qalmışıq. Səhər Ağdamın Şelli kəndinə çatdıq. Sağ qalmaq üçün meyitlərin altında gizlənməkdən bütünlüklə qanın içində idik… Yoldaşımgil ermənilərin güclü silah-sursatlarının qarşısında heç nə edə bilməyəcəklərini görüb, meşəyə çəkiliblər. Xankəndi ilə Əsgəran arasındakı yolun üstündə yoldaşım yaralanıb. Ermənilər onu girov götürmüşdülər. Yazığı ağır işgəncələrlə öldürüblər. Martın 30-da meyitini ala bildik. Qardaşları onu Laçında dəfn elədilər. Amma Laçın alınandan sonra qəbri orda girov qaldı. Bu gün Milli Qəhrəman, şəhid ailəsiyik. İtki versək də torpaqlarımız sülh yolu ilə deyil, müharibə yolu il alınmalı olsa, mən övladımı döyüşə göndərməkdən çəkinmərəm.

Sevda Səlimova: Ölənlərin dəhşətdən böyümüş gözlərini unutmamışam. Qaçırdıq, gizlənirdik, bir də qaçırdıq. Saatlarla xəndəklərə uzanıb ermənilərin uzaqlaşmasını gözləyirdik. Bir qoca arvad var idi, oğlunu, qızını, gəlinini öldürdülər, bircə təzə doğulmuş nəvəsi qalmışdı, onu da itirmək istəmirdi. Uşaq ağlayır, arvad başındakı yaylıqla onun bələyini dəyişir, amma uşağın səsi kəsilmirdi. Arvad uşağın ac-susuz olduğunu düşünüb, qarı onun ağzına basırdı, uşaq bir az susub, yenidən ağlamağa başlayırdı. Ermənilər qaranlıqda o tərəf-bu tərəf gəzişirdilər ki, görsünlər sağ adam varmı. Camaat arvada deyirdi ki, uşağı öldür səsi kəsilsin, onun səsinə gəlib bizi əsir götürəcəklər. Arvad uşağın ağzını əliylə yumurdu, görürdü nəfəsi kəsilir, əlini boşaldırdı, belə-belə uşağı sağ-salamat gətirib çıxardı… Bizim ailədən yoldaşım, qardaşım, əmim, əmimin üç oğlu şəhid oldu, qaynım girov qaldı. Ona Milli Qəhrəman adı veriblər. Biz şəhid ailəsi kimi dövlət yradımı alırıq. Girovluqdan xilas olanlardan xəbər eşidirdim ki, yoldaşım sağdır. Bəzi kəndlərimiz o vaxt geri qaytarılanda oralara gedib-gələnlər deyirdilər ki, bostanda belin sapına yoldaşımın adı yazılıb. Əsirlər saxlanıldıqları evlərdə çörəyin üstünə adlarını yazıb, bu yolla bizə sağ olduqları barədə xəbər verirdilər… Çox istərdik ki, dünya Xocalı soyqırımını tanısın. Xocalı şəhəri abidələşdirilsə, bir abidə kimi qorunsa yaxşı olar. Başqa ölkələrdən ölkəmizə gələn qonaqlar Azərbaycan həqiqətlərini bu abidədən daha yaxşı görərlər.

Yasəmən Həsənova: Xocalı faciəsində mən bütün əzizlərimi – atamı, anamı, nənəmi, babamı itirmişəm. O vaxt 12 yaşım var idi. Əsasən gecələr, camaat şirin yuxuda olanda güllə atılırdı. Hər səhər yuxudan duranda görürdük ki, həyətdə avtomat, pulemyot gülləlləri var. Elə adamlar var idi ki, atışma başlayanda evə girməyə macal tapmamış, «alazan»ın qəlpəsi onu elə qapının astanasındaca yaxalayırdı. Uşaq idik, güllələr bizə maraqlı görünürdü. Yavaş-yavaş başa düşdük ki, göydən yana-yana gələn bu balaca, fişəngə oxşayan şey adamı öldürürmüş. İndinin özündə də bayramlarda fişəng atılanda o günləri xatırlayıram. Dekabrın 21-də bizi də – məni, bacımı, qardaşımı vertolyotla Xocalıdan çıxardılar. Valideynlərimiz sanki sağ qalmayacaqlarını bilirdilər… Xocalıdan qaçıb gələnlər arasında, ölənlər arasında onları tapmadım. 3 il bundan əvvəl, soyqırımdan 16 il sonra internetdə Xocalıdan çəkilən şəkillər arasında öz həyətimizi və anamın, xalamın, xalamın iki övladının güllələnmiş halda öldüyünü gördüm. Ana ölümü heç vaxt sevindirici ola bilməz, amma mən həmin şəkilləri görəndə hardasa sevinirdim. Çünki indiyədək də ermənilərin əlində əsir, girov olanlar var və onların vəziyyətini təsəvvür belə etmək dəhşətlidir. Çünki ermənilər əsir götürdükləri adamlara olmazın işgəncələr verirdilər. Ona görə də əllərimi göyə açıb şükür etdim… ki, anam sağ deyil… Ananın ölümünə şükür etmək nə deməkdir, onu mən bilirəm! Təəssüflənirəm ki, meyitlərini gətirə bilmədim. Ölüsünü gətirib dəfn edə bilənlər özlərini xoşbəxt sayırdılar. Bircə atamın meyidini gətirib Şəhidlər Xiyabanında dəfn edə bildik. Anamın iyini atamın qəbrindən alıram. Sağ olsun dövlətimiz, şəhidlərimizə biganə qalmadı. Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə atama milli qəhrəman adı verdilər, sonra şəhid ailəsi kimi evlə təmin etdilər.

Sevil Səlimova: Xocalıdan çıxanda mənim 13 yaşım var idi. Evdən elə vəziyyətdə çıxmışdıq, elə vəziyyətdə qaçırdıq ki… (Sevilin əlləri əsir, dili dolaşır) 22 il az müddət deyil. Buna baxmayaraq hələ də özümə gələ bilmirəm. Yaralıların bağırsağını kəsib tökürdülər. Can şirin şeydir. Qadınlar var idi ki, yarılmış bədənlərindən bayıra çıxan bağırsaqlarını əlləri ilə tutaraq qaçırdılar. Mən də qaçırdım, amma elə bilirdim ki, nə qədər qaçsam da uzaqlaşa bilmirəm. Gözümün qabağında pulemyot güllələrindən adamların sinəsindən açılan şırımdan ürəklərinin çölə çıxdığını, ürəyin qan içində necə çırpındığını görəndə həyacandan, qorxudan elə bilirdim ki, kimsə məni boğur. Ayağıma batan tikanların ağrısını hiss eləmirdim. Sonralar ayağımın tikanını təmizləmək istəyəndə çətinlik çəkdilər. Elə donmuşdu ki, məcbur olub dərimi soydular. Xeyli müalicədən sonra yeriyə bildim. Cavan qızların türkürpədici qışqırıq səsləri, «kömək edin», «qoymayın» bağırtıları indi də qulaqlarımdadır. Ermənilər əllərinə keçən adamları doğrayırdılar. Artıq səhər açılırdı deyə, işlərini tələsik başa vurmaq istəyirdilər. Çünki artıq bizimkilər köməyə gəlirdilər.

Nəzakət Hüseynova: Atışma başlayanda qaçıb doluşurduq zirzəmiyə, gecəni orda qalırdıq. Səhərə kimi qorxurdum ki, bu saat ermənilər doluşacaq evlərə, bizi əsir götürəcəklər. 25-i günü sanki yer-göy bir-birinə qarışdı. Qaynatamgil gəlib dedilər ki, şəhəri tərk etmək lazımdır. Mən uşaqlarla camaata qoşulub çıxdım. Amma yoldaşım valideynlərini tək qoymaq istəmədi. Dedi onları gətirməyə gücüm çatmasa mən də qalacam. Mənə deyirdi ki, heç olmasa birimiz sağ qalaq, uşaqları böyüdək. 1992-ci ildən indiyənə kimi onların nə öldüsündən, nə qaldısından xəbərim yoxdur. Amma qaynımın meyidini dəyişdirmə yolu ilə alıb Şəhidlər Xiyabanında dəfn edə bildik. Ailəmizə şəhid ailəsi adı verilib. Oğlum bir gözündən qəlpə yarası alıb, görmə qabiliyyətini itirib. Qorxu, soyuq, həyəcan içində canımızı qurtarsaq da, hərə bir xəstəlik tapıb. Qızımın canından o qorxu hələ də çıxmayıb. Hadisələr ona psixoloji zərbə vurub. Bir dəfə yuxudan hövlank ayılıb dedi ki, «yuxuda atamı görmüşəm. Görürəm ermənilər onu ağaca bağlayıb doğrayırlar, qanı mənim üzümə sıçrayır». Tez-tez o cür yuxular görür… Biz artıq müharibəni görmüşük. Uşaqlarımızı yenidən qırğına vermək istəmirik. Amma torpaq şirin şeydir, onu düşmən əsarətində qoymaq olmaz. Şəhidlərimizin qisasını almalıyıq. Qoy ruhları şad olsun ki, əbəs yerə canlarını fəda etməyiblər.

Günel Rzayeva: “Deyirlər ki, uşaq beyni ağ vərəqdir. Bəlkə də buna görədir ki, 5 yaşımda gördüklərim hələ də yadımdan çıxmayıb. Böyüklərdən eşidirdim ki, ehtiyatlı olmaq lazımdır, ermənilər qəfil şəhərə daxil olub, camaatı əsir götürə bilər. Anam bizi həyətdən kənara qoymaq istəmirdi. Günortalar bizi yatızdırırdı ki, axşamlar yuxumuz qaçsın. Fevralın 25-i gecəsi qəfil işıqlar söndü. Anam «Allah, sən özün bizi qoru» deyib, məni qucağına aldı. Zirzəmiyə girsək də orda çox dayanmadıq. Çölə çıxanda gördük ki, qonşularımız çoxdan gedib. Camaatın yığışdığı yerə qaçdıq. Anam dedi ki, bir azdan gedib əynimizə paltar gətirərik. Amma ermənilər artıq evlərə girdikləri üçün meşəyə qaçdıq. Anam məni kürəyinə sarımışdı. Mən həm ağlayır, həm də ətrafda qan içində yıxılıb qalan qocalara, uşaqlara baxıb çığırırdım. Düzdü, ayaqlarıma tikan batmadı, yorulmadım, amma soyuqdan donmuşdum. Xilas olanda bizim ayağımızı isti suya qoydular ki, donu açılsın. Sən demə ayağı don vuranda onu isti yox, soyuq suya qoymaq lazımmış… İsti evə düşmüşdük. Bizim olmasa da təhlükəsiz yerdə olduğumuz üçün sevinirdim. Xocalı faciəsi bizə böyük yara vurdu. Normal gənc kimi yetişmədik, qorxaq, qəlbi kövrək böyüdük”.

Həmin gecə qadınların, uşaqların, qocaların torpaqda sürünməkdən dərisi soyulmuş dizlərindən axan qan Xocalının sinəsində dərin bir çapıq açdı. Həmin gecə oğlunu-qızını itirən anaların ürəyi də eləcə çatladı. Çox analar sağalmayan yaralarını özləri ilə birgə qəbirə apardılar… Xocalı hələ də 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin törətdiyi qətliamın ağrısı ilə yaşayır. Artıq 22 ildir ki, Xocalı qisas gününü gözləyir. Yalnız düşmən üzərindəki qələbəmiz Xocalı və bütün Azərbaycana ağrısını unutdura bilər. Bəlkə onda Xocalı təsəlli tapar, torpağında bitən ağacların, güllərin, kolların budaqlarında cücərən qan tumurcuqları sovrulub gedər.

 

Tahirə Qafarlı

Üç nöqtə.-2014.- 26 fevral.- S.3.