Əcnəbilərə
haqqı ödənilən əmək fəaliyyəti üçün fərdi icazə verilir
Fərdi icazələrlə
bağlı daxil olmuş
müraciətlərə 20 iş günü ərzində baxılır
Son illər Azərbaycanın sosial-iqtisadi inkişafı ölkəmizə gələn əcnəbilərin sayının artmasına səbəb olub. Onlar arasında turist kimi gələnlərlə bərabər, işləmək məqsədilə gələnlərin sayı da kifayət qədərdir. Əcnəbilərin bir qismi ölkədə leqal yolla əmək fəaliyyəti ilə məşğul olursa, müəyyən qismi də qeyri-leqal yolla işləyirlər. Azərbaycanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayının ilbəil azalması bu sahədə ölkə qanunvericiliyində həyata keçirilən islahatlar və müvafiq dövlət qrumlarının fəaliyyəti ilə əlaqədardır. Azərbaycan qanunvericiliyinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələr verilməlidir. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Gülşən Həsənova mətbuata açıqlamasında bildirib ki, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir: “Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə tələb olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Nazirlik 5 iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Nazirlik tərəfindən həmin müddət ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir”.
Hüquqşünasın sözlərinə görə, iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir: “İş icazəsi almaq üçün işəgötürən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu, nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandırmalıdır. Həmçinin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması mütləqdir”.
Hüquqşünas Gülşən Həsənova deyib ki, iş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər: “İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış ərizə ilə müraciət etməlidir. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən ərizə-anketi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini, Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayışı təqdim etməlidir”.
Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikasında haqqı ödənilməklə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə 1000 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Yaşadığı ölkələrdə normal yaşayış səviyyələrini təmin edə bilməyən insanların respublikamızda leqal və qeyri-leqal yollarla işləməyə can atmaları daxili əmək bazarının qorunması, işəgötürənlərlə əcnəbi işçilər arasında münasibətlərin rəsmiləşdirilməsi, onların sosial sığorta ödənişlərinə, vergilərə cəlb olunması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə işsizlik səviyyəsinin müəyyən həddə saxlanması baxımından da vacibdir. Bu reallığa prinsipial mövqedən yanaşan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında demişdir: «Azərbaycan nadir inkişaf templərini nümayiş etdirir. Əlbəttə ki, buraya gəlmək, işləmək istəyənlərin sayı artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi tədbirləri görür. Bu tədbirlər daha da səmərəli olmalıdır ki, biz ilk növbədə, Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsi məsələlərinə baxaq, onları tamamilə həll edək».
Qeyd edək ki, miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» fərman ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına, həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan yaradıb.
Son illərdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qeyri-leqal miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlər ötən ildə də davam etdirilib. İşəgötürənlərin fərdi icazə almadan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb etməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə xidmət əməkdaşları sahibkarlıq subyektlərində yoxlamaları davam etdiriblər. Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliytələblərini pozma halları müəyyən edilərək İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə müvafiq olaraq cərimələr tədbiq edilib. Əcnəbilərin bəzilərinə cərimə tətbiq edilməklə onların ölkə ərazisində yaşamaları leqallaşdırılıb, digərləri isə ölkə azisindən çıxarılıb.
Ümumilikdə, DMX-yə əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi ilə bağlı 6 mindən artıq müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Artıq miqrantların respublikanın regionlarına da maraq göstərməsi müşayiət olunur. Beləliklə, qeyri-leqal miqrantlara təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər və rayonlarında da geniş rast gəlinir. DMX Bakı və Gəncə şəhərlərində, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki, Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran rayonlarında qanunvericiliyin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda, ölkədə olma və yaşama qaydalarını pozmuş əcnəbiləri aşkarlayaraq məsuliyyətə cəlb edib. Aydındır ki, görülən tədbirlər Azərbaycanda bu sahədə qanun pozuntularını xeyli azaldıb.
Üç nöqtə.-2014.- 27 fevral.- S.9.