Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məktəbəqədər təhsil müəssisələrində qoyulur

 

Azərbaycanda elm təhsilin inkişafı istiqamətində görülən işlərin işıqlandırılması

 

Məktəbəqədər təhsilin təkmilləşdirilməsi istiqamətində qeyri-hökumət və beynəlxalq təşkilatlarla birgə tədbirlər həyata keçirilir

Çağdaş dünyamızda iqtisadiyyatın və cəmiyyətin yeni keyfiyyətinin formalaşması təhsilin əhəmiyyətini getdikcə artırır. İnkişaf etmiş təhsil ölkədə həyat səviyyəsinin yüksəlməsinə, ictimai birliyə və həmrəyliyə, sosial ədalətsizliyin təzahürlərinin minimuma endirilməsinə imkan verir. Dünyanın öndə gedən aparıcı dövlətləri də insan kapitalından böyük gəlirlər əldə etməklə bugünkü inkişaf səviyyəsinə çatıblar. Neft, qaz kimi Tanrıdan verilən böyük nemətlərin gec-tez tükənəcəyini bildirən ölkə başçısı İlham Əliyev də dövlətimizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin etmək üçün təbii sərvətlərimizi və onlardan gələn gəlirləri insan kapitalına çevirməyin vacibliyini dəfələrlə vurğulayıb. Bu məqsədə çatmaq üçün dövlət təhsil sahəsinə büdcədən ayrılan vəsaiti ildən-ilə artırır. Respublikamızda yeni məktəb binaları tikilir, təhsil ocaqlarının maddi-texniki bazası yenilənir, müxtəlif təhsil proqramları icra olunur. Təhsil sahəsində qazanılan uğurlar məktəbəqədər təhsildən başlayır. Məktəbəqədər təhsil uşaqların intellektual, fizikipsixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. İnkişaf etmiş təhsil isə həyat səviyyəsinin yüksəlməsinə, ictimai birliyə və həmrəyliyə, sosial ədalətsizliyin təzahürlərinin minimum səviyyəyə endirilməsinə istiqamətlənmiş dövlətin atributudur. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fizikipsixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 14,8 faiz təşkil edir

Hazırda ölkədə 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi, habelə müvafiq qaydada lisenziya almış 53 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 14,8 faiz (şəhər yerlərində 21,8 faiz, kənd yerlərində isə 8,1 faiz) təşkil edir. Son illərdə ölkə prezidenti tərəfindən məktəbəqədər təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Dövlət Proqramlarına əsasən Bakı şəhərində və onun qəsəbələrində, eləcə də respublikanın digər şəhər və rayonlarında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir, mövcud müəssisələrdə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılır.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sabiq sədri Şahlar Əsgərovun sözlərinə görə, ölkəmizdə uşaqların məktəbəqədər təhsillə cəlb edilməsinin 15 faizdən yuxarı qalxmaması neqativ hal kimi dəyərləndirilməlidir: «Halbuki həmin göstərici Finlandiyada 99, Almaniyada 90, bir sıra MDB ölkələrində isə 50-85 faiz təşkil edir. Yaranmış vəziyyətlə bağlı aparılan təhlillər bir daha sübut edir ki, məktəbəqədər təhsil sahəsində yığılıb qalmış problemlərin, o cümlədən ölkə üzrə yaşayış məntəqlərinin 30 faizində məktəbəqədər müəssisələrin olmaması, kənd rayonlarında əksər uşaq bağçaların heç bir təlim-tərbiyə şəraiti olmayan binalarda yerləşməsi, uşaq bağçaların 70 faizinin təmirsiz qalması mövcud avadanlıqların fiziki və mənəvi cəhətdən yararsız hala düşməsi vəziyyətin acınacaqlı olduğunu göstərir. Digər tərəfdən ölkəmizdə uşaq bağçalarına sadəcə işləyən valideynlərin uşaqlarının saxlanması yeri kimi baxılır. Amma bunlar birinci növbədə təlim, tərbiyə və inkişaf mərkəzi olmalıdır. Uşağını bağçaya gətirən valideyni onun məktəbə hazırlığı düşündürməlidir».

Ekspertin sölərinə görə, postsovet respublikalarından fərqli olaraq bir sıra inkişaf etmiş ölkələrdə təhsilin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formalardan istifadə olunur: «Bunlardan biri kimi qısamüddətli ailə tipli (icma əsaslı) təhsil xidmətlərini qeyd etmək olar. Ölkəmizdə uşaqların məktəbəqədər təhsillə əhatə səviyəsini yüksəltmək üçün belə təhsil xidmətlərinin tətbiqinə rəvac verilməsi bununla əlaqədar beynəlxalq təcrübəni tətbiq etmək lazımdır».

Kurikulumun tətbiqi məqsədilə 15 pilot şəhər və rayon seçilib

Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 882-İVQ nömrəli Qanununa əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilən hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fizikipsixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək və bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədini daşıyır.

Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış Maliyyələşdirmə Sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” alt-komponentinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu)” hazırlanmış və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli, 1329 nömrəli əmri ilə təsdiq edilib. Həmin təhsil proqramının (kurikulumun) mahiyyətini məktəbəqədər təhsil işçilərinə çatdırmaq, onun tətbiqi ilə bağlı zəruri maarifləndirmə tədbirlərini həyata keçirmək üçün Bakı şəhərində YUNİSEF-in dəstəyi ilə 2013-cü ilin yanvar-iyul aylarında təşkil olunan “Öyrədənlərin öyrədəni” təlim kurslarında 241 təlimçi hazırlanıb.

Kurikulumun tətbiqi məqsədilə 15 pilot şəhər və rayon seçilib. Həmin şəhər və rayonların məktəbəqədər təhsil müəssisələrində işləyən pedaqoji işçilər üçün təlimlər keçirilib. Bu təlimlərdən 3093 tərbiyəçi keçib. Yeni dərs ilindən seçilmiş rayonların məktəbəqədər təhsil müəssisələrində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumun)”nın tətbiqinə başlanacaq. Məktəbəqədər təhsilin təkmilləşdirilməsi istiqamətində qeyri-hökumət və beynəlxalq təşkilatlarla birgə müəyyən tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi, YUNİSEF, YUNESKO, Beynəlxalq Sülh Korpusu, Açıq Cəmiyyət İnstitutu, “Dünyaya Baxış” və digər təşkilatların sıx əməkdaşlığı nəticəsində Bakı şəhərindəki 11, 20, 80, 105, Sumqayıt şəhərindəki 30, 40, 66 Mingəçevir şəhərindəki 10, 16, Yevlax rayonundakı 2, 3, 4 nömrəli məktəbəqədər təhsil müəssisələrində – cəmi 12 uşaq bağçasında 100 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar inkluziv təhsilə cəlb olunub.

2011-ci ildən başlayaraq 5 yaşlıların məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP şirkətinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən Şəmkir rayonunun beş kəndində “İcma əsaslı məktəbəhazırlıq qruplarının təşkili” layihəsi həyata keçirilir.

Bununla yanaşı, Avropa Birliyinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən 2012-ci ilin yanvar ayından Sumqayıt şəhəri, Siyəzən, Biləsuvar və Lənkəran rayonlarında 17 özünədəstək qrupundaSosial Hüquqların İnkişafı – həssas təbəqədən olan və məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalar” layihəsi həyata keçirilib. Bu layihə məktəbəqədər təhsilə cəlb olunmayan 3-6 yaşlı uşaqların təhsil və inkişaf istiqamətli xidmətlərdən istifadə etməsini, eyni zamanda yerli məktəbəqədər təhsil müəssisələrində innovativ pedaqoji texnologiyaların tətbiq olunmasına yardım edilməsinipedaqoji heyətin məktəbəqədər təhsilin kurikulumu üzrə hazırlanmasını nəzərdə tutur. Hər iki layihənin səmərəli həyata keçirilməsi məqsədi ilə həmin qruplar Təhsil Nazirliyi tərəfindən müxtəlif metodik və təlim vəsaitləri ilə təmin olunub. YUNİSEF və Təhsil Nazirliyinin əməkdaşlığı, Maliyyə Nazirliyinin dəstəyi ilə 2013-cü ilin yay aylarında Şabran, Gədəbəy və Yardımlı rayonlarında məktəbəqədər yaşlı uşaqlar üçün on həftəlik məktəbəhazırlıq qrupları təşkil edilib. Bu qruplara 2163 uşaq cəlb olunub. Təhsil Nazirliyi həmin qrupları zəruri təlim vəsaitləri ilə təmin edib.

 

  Üç nöqtə.-2014.- 1 iyul.- S. 9.