Bu il məzunların nəticələri
əvvəlki ilə nisbətən yüksəkdir
Amma buraxılış imtahanlarından
iki qiymət alan şagirdlərin
sayı az deyil
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılan imtahan mərkəzlərində təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Artıq təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının statistik nəticələri və şagirdlərin aldıqları qiymətlər açıqlanıb. XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verilən düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Buraxılış imtahanında 1569 IX sinif şagirdi iştirak edib. Onlardan 54-ü “Ana dili”, 62-si isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 145-nin “Ana dili”, 133-nün “Riyaziyyat” fənnindən qiyməti “4”, 678-nin “Ana dili”, 616-nın “Riyaziyyat” fənnindən qiyməti “3” olub. İmtahan verən IX sinif şagirdlərindən 692-si “Ana dili”, 758-si isə “Riyaziyyat” fənnindən “2” qiymət alıb.
11 illik təhsil bazasında keçirilən buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 2689 XI sinif şagirdi iştirak edib. Onlardan 13-ü “Ana dili”, 31-i “Riyaziyyat” fənnindən “5”, 112-si “Ana dili”, 106-sı “Riyaziyyat” fənnindən “4”, 965-i “Ana dili”, 896-sı “Riyaziyyat” fənnindən “3” qiymət alıb. XI sinif şagirdlərindən 1599-nun “Ana dili”, 1656-nın isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.
Bundan əvvəl bu ilin məzunları üçün istər paytaxtda, istərsə də, regionlarda keçirilən imtahanlarda şagirdlərin xeyli hissəi həm «ana dili», həm də «riyaziyyat» fənnindən «2» qiymət alıb. Amma «2» qiymət alanlar da ötən ildən attestat əldə edə bilirlər. Müvafiq qərar bu il də sənəd qəbulu zamanı tətbiq olunur.
Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Şahlar Əsgərov da şagirdlərə belə şansın verilməsini alqışlayır: «Azərbaycan gəncinin attestat imtahanından “2”, “5” qiyməti almasından asılı olmayaraq, ali məktəbdə oxumasının nə ziyanı var? Əgər dövlət istənilən gəncə şans verirsə ki, o təhsil səviyyəsini qaldırsın, bunu alqışlayın, buna afərin deyin. Çünki indi ali məktəbi qurtaran insanlara təyinat verilmir. İnsan özü-özünü işlə təmin edir. Sovet dövlətində ona görə “2” alanları qəbul etmirdilər ki, onu işlə təmin etmək çətin olacaqdı. Amma indi bu çətinlik yoxdur. Bu səbəbdən nazirlik istənilən kəsə (“2” alıbsa da), ona ali məktəbə sənəd vermək hüququ tanıyırsa, mən bunu alqışlayıram. Fərz edək ki, şagird riyaziyyatdan “2” alıb. Əlbəttə ki, bu biabırçılıqdır, amma bəlkə o yaxşı jurnalist olacaq. Heç riyaziyyatdan imtahan ona lazım olmayacaq. Və yaxud da şagird tarixdən iki alıb, bəlkə bu gözəl riyaziyyatçı olacaq. Ona görə bu yeniliyi məhəbbətlə qarşılayın. Qoy, gənc 5-6 il ali məktəbə gəlib getsin. O küçədə qalsa, tamamilə korlanıb gedə bilər. İndi təhsil modeli küçədə qalmaq şansı olan adamı ali məktəbə gətirir».
Amma bunun əksini düşünənlər də var. Ekspert Rövşən Ağayev isə deyir ki, tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır: «Yəni qanun açıq deyir ki, attestat biliyin səviyyəsini göstərməklə yanaşı, həm də bir təhsil pilləsinin başa çatdırıldığını rəsmiləşdirən sənəddir. Digər tərəfdən dünyada, ən azından inkişaf etmiş ölkələrdə, postsovet ölkələrində qəbul olunmuş ortaq yanaşma belədir ki, bir təhsil pilləsini başa vurmayan şəxs təhsilin daha yuxarı pilləsinə yalnız konkret şərtlər daxilində keçə bilər. Xaricdən çoxlu misal gətirmək olar, amma Polşa qabaqcıl ölkələrin, həm də keçid ölkələrinin təcrübəsini ümumiləşdirdiyi üçün onun nümunəsinə baxmaq kifayətdir. Polşada orta məktəbi bitirənlər üçün iki cür attestat tətbiq olunur: 1) Buraxılış imtahanlarından müvəffəq qiymət ala bilməyənlər üçün orta məktəbi bitirmə barədə attestat verilir və bu, “secondary school leaving certificate” adlanır. Bu sertifikatı alanlar ali məktəbə deyil, 1-2 illik peşə təhsili məktəblərində – bizdə texnikum və ya peşə məktəblərinin eynisidir – təhsillərini davam etdirə bilərlər. 2) Buraxılış imtahanlarından müvəffəq qiymət alanlar kamal attestatı alırlar. “Mature certificate” adlanan bu attestatı alan məzunlar ali məktəblərə qəbulda iştirak edirlər. Orta məktəblərin buraxılış imtahanlarından “2” alan məzunların “5” alan məzunla eyni statusda attestat almasını yanlışdır. Biliyi reallıqda “2” olan tələbənin ali məktəbə qəbula buraxılmasının nə əhəmiyyəti var? Elə son attestasiya imtahanlarının bir funksiyası da məhz məzunları biliyinə görə çeşidləmək və təhsilin növbəti pilləsi üzrə yerləşdirlməsini təmin etməkdir. Onsuz da buraxılış imtahanından “2” alan məzunun IX sinfin şəhadətnaməsi ilə kollec (texnikum) və peşə məktəblərinə daxil olmasına heç bir hüquqi əngəl yoxdur. Həmin məktəbləri müvəffəqiyyətlə bitirən şəxslər isə aldıqları diplomlar əsasında ali məktəblərə qəbulda iştirak etmək hüququ qazanırlar. Son illər 150-200 balla ali məktəblərə qəbulun aparılması universitet təhsilinin nüfuzuna sarsıdıcı zərbə vurub. İndi orta məktəbi bitirə bilməyən insanların ali təhsilə qəbula buraxılması ali təhsilin statusunu daha da aşağı sala bilər. Yox, əgər buraxılış imtahanlarından sui-istifadə olunduğu barədə narahatlıqlar varsa, insanlar “2” almasın deyə qeyri-qanuni yollara əl atırsa, onda səlahiyyətli dövlət orqanları müvafiq tədbirlər görməlidir»
Təhsil üzrə ekspert Etibar Əliyev deyir ki “3” qiymətlə “2” qiymət arasında kəskin fərq yoxdur: «Orta məktəblərdə riyaziyyatın tədrisi acınacaqlıdır. Üstəlik, verilən suallar da çətin deyildi. Məktəblərdə tədrisin acınacaqlı vəziyyətinə görə Təhsil Nazirliyi məktəb direktorlarını istefaya göndərməlidir. Direktorların 80 faizi qovulmalı, əvəzinə yeni, daha savadlı və bacarıqlı kadrlar gətirilməlidir ki, təhsildəki vəziyyəti dəyişməyə motivasiya olsun. Düşünürəm ki, müəllimlər arasında sınaq imtahanlarının, attestasiyanın keçirilməsi məsuliyyəti artıracaq. İmtahanların olması müəllimlərin məsuliyyətini artıracaq. İndi məktəb müəllimlərinin əksəriyyəti sinifdə deyil, kənarda dərs verməyi üstün tutur. Sınaq imtahanlarından sonra dərsin keyfiyyətinə nəzarətin artırılacağını düşünürəm».
Artıq Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası (TQDK) 2013 və 2014-cü illər
üzrə keçirilən buraxılış
imtahanlarının müqayisəli təhlilini aparıb. TQDK
sədri Məleykə Abbaszadə mətbuata verdiyi
açıqlamada bildirib ki,
bu il məzunların
nəticələri əvvəlki ilə nisbətən
yüksəkdir: «Belə ki, 2013-cü ildə
IX siniflər üzrə buraxılış imtahanı verən
şagirdlərin ümumi balı 25 bal olubsa, 2014-cü ildə
bu nəticə 25,94 baldır. Bir il ərzində
şagirdlərin ümumi balı
arasındakı fərq 0,94 bal yüksək
olub. Burada müəyyən
irəliləyiş var.
Buraxılış imtahanında müvəffəq qiymət
alanların faizini də müqayisə etsək
görərik ki, 2013-cü ildə bu rəqəm 58,41 faiz,
2014-cü ildə 62,15 faiz olub.
Burada təxminən 3,74 faiz
artım olub. Mən deyə bilmərəm
ki, sıçrayış olub, amma balları hesablayanda kifayət qədər müsbət
nəticələrin olduğu görünür. XI sinif
şagirdlərinin nəticələrinə gəlincə,
2013-2014-cü il ərzində şagirdlərin
ümumi balı arasında fərq 1,81 olub. Onun sözlərinə
görə, müvəffəq qiymət alanların faizi isə 2014-cü ildə 74,19 faiz, 2013-cü ildə 72,14 faiz
olub. Burada biz 2 faiz müsbətə
doğru fərq görürük.
Azərbaycan dili fənnindən fərq IX
sinifdə 2 faizdirsə, XI sinifdə 4 faiz,
Rus dilindən IX sinifdə 5 faiz, XI sinifdə 11 faiz, Riyaziyyatdan IX sinifdə 0,28 faiz,
XI-də 2, 02 faizdirdir. Bu,
cüzi olaraq müsbət
rəqəmlərdir. Amma prosesin
müsbət istiqamətdə getməsini bizə xəbərdarlıq
edir. Mən deyə bilmərəm ki, sıçrayış olub.
Bu isə onu göstərir
ki, imtahanlara gələnlərin
məsuliyyəti artıb. Yəqin ki, tədris
prosesində də hansısa dəyişiklər olub ki, bizdə indi bu müsbət rəqəmlər
var. Biz bunu daha geniş
halda öz şərhlərimizlə
bütün imtahanlar
bitəndən sonra ictimaiyyətə
çatdırılacaq. Bu,
buraxılış imtahanı ilə bağlı ilkin məlumatlardır».
Üç nöqtə.-2014.- 2 iyul.-
S. 9.