Uşaqlığın son gecəsi və ya unudulmaz günlər…

 

Suğra Bağırzadə: «Arzusuna doğru hərəkət edən bir uşaq olmuşam»

Tariyel Qasımov: «Müəllimlər qiymət yazarkən atama görə hörmət edirdilər»

Nicat Kazımov: «Uşaq vaxtı macəraları sevirdim»

Hər bir insan fərd olaraq öz uşaqlıq illərini yaşayır yaşın üzərinə yaş gəldikcə yaddaşında xatirələrə çevrilir. Bəs aktyorlarımızın uşaqlıq illəri necə keçib? Necə uşaq olublar? Bu barədə “Üç nöqtə”yə danışan

xalq artisti Zərnigar Ağakişiyeva uşaqlıq illərinin maraqlı keçdiyini bildirdi: “Beş yaşımdan səhnədə olmuşam. Uşaq vaxtı Səməd Vurğunun şeirlərini deyirdim, xorda iştirak edirdim. Çox yaxşı və müşahidəçi uşaq olmuşam. Hətta, uşaqlıqdan anlamağa başlamışam ki, kim necə düşünür, kim necə yaşayır. Məndə uşaqlıqdan təbiətə həssalıq var idi. Hər bir çiçəkdən, təbiətin gözəliyindən zövq alırdım. Sonra səhnədə olduğuma görə insanlardan sığal, mehribanlıq, sevgi görürdüm. Bu hisslər həyatda mənə dayaq olub. O illərdən bu günə qədər ədəbiyyatdan, incəsənətdən ayrılmamışam. Taleyimə bu sənətdə olmaq yazılıbmış. Bu günümdən çox razıyam. Belə bir həyat yaşadığıma görə, çox sevinirəm. Aktrisa olaraq tamaşaçı və dövlət tərəfindən qiymətləndirilmişəm».

Əməkdar artist Suğra Bağırzade uşaqlığının gözəl keçdiyini dilə gətirdi: «İkinci sinifdən «Pyanerlər sarayı»nın üzvü idim. Artıq beşinci sinifdə böyük teatr səhnəsində “Cücələrim” mahnısını ifa etmişdim. Uşaqlığım maraqlı keçib. Məktəbdə əla qiymətlərlə oxumuşam. Öz istədiyinə, arzusuna doğru hərəkət edən bir uşaq olmuşam. Həmişə birinci olmaq istəyirdim. Heç vaxt heç kimdən geridə qalmayan normal, ağıllı uşaq olmuşam”.

Xalq artist Fuad Poladov uşaqlıq illərini xatırlamır: «Uşaqlıq illərim yadıma gəlmir».

Xalq artisti Tariyel Qasımov isə ərköyün uşaq olub: «Uşaqlıq illərim kənddə keçib. Atam kolxoz sədri olub. Ona görə , hər kəs mənə hörmətlə yanaşırdı. Balaca uşaq idim, atama görə kəndin sürücüləri mənə maşın sürmək öyrədirdilər. Ailədə tək oğul idim. O vaxt atam müharibədə olduğu üçün məni ərköyün böyüdüblər, xətrimə dəyməyiblər. Uşaqlığım çox maraqlı keçib. Dalaşqan, dəcəl uşaq olmuşam. Məktəbdə dəcəl idim, çox yaxşı oxumurdum, 3-5 arası qiymət alırdım. Müəllimlər qiymət yazarkən atama görə hörmət edirdilər».

Xalq artisti bildirdi ki, kənddəOvodfilmi nümayiş olunandan sonra onda aktyor olmaq istəyi yaranıb bununla da sənətə gəlib: «Atam aktyor olduğuma görə məni danladı, hətta bir dəfə döydü. Mən instituta daxil olandan sonra pul göndərmədi. Məni rəhmətlik Şahmar Ələkbərov evlərinə apardı. Onların evində qalıb institutu bitirdim».

Əməkdar artist Nicat Kazımov sakit uşaq olub: «Ailənin böyük uşağı olmuşam. Məndən sonra iki qardaşım, bir bacım var. Sakit, dərs oxuyan uşaq olmuşam. Dərslərimi hazırlamadan uşaqlarla oynamağa getməzdim. Uşaqlığım pis keçməyib. Həyatımda xoşagəlməz hadisələr az, xoş hadisələr çox olub. Uşaq vaxtı macəraları sevirdim. Qayaya dırmaşmaq, çaydan keçmək, balıq tutmaq xoşuma gəlirdi. Uşaqlar futbol oynayanda mən qayaya dırmaşırdım. Uşaqlığım yadıma düşəndə kövrəlirəm. 9-cu sinifdə oxuyanda zavodda işlədim. Kiçik əmim əsgərlikdə idi. Lazım olanda qoyun nobatına gedirdim, oradan da məktəbə qayıdırdım. Komsomol təşkilatının katibi olmuşam. Daha çox ictiami işlərlə məşğul olurdum. Sumqayıtda ansambl təşkil etmişdim, dram dərnəyinə gedirdim».

Əməkdar artist 6- sinifə qədər müğənni olmaq istəyirmiş: «Romeo-Cullyetta filminə baxandan sonra o hissləri yaşamaq üçün aktyor olmaq istədim o peşənin dalınca da axıra qədər getdim».

 

Rəqsanə

Üç nöqtə.-2014.- 3 iyul.- S.13.