Təhsil sahəsində islahatlar davam etdirilir
Təhsil Nazirliyi tərəfindən
təhsil sistemində
şəffaflığın təmin edilməsi istiqamətində bir sıra vacib addımlar atılıb
Son illər respublikamızda
təhsil sahəsinin inkişafı üçün
islahatlar davam etdirilir. Paytaxt və regionlarda
yeni məktəb binaları tikilir, təhsil ocaqlarının
maddi-texniki bazası yenilənir, müxtəlif
təhsil proqramları
icra olunur. Ötən il
də bu istiqamətdə işlər
davam etdirilib. Təhsilin ayrı-ayrı
pillə və səviyyələrinin inkişafına
yönələn dövlət
proqramları və layihələrin həyata
keçirilməsi, təhsil
sisteminin maddi-texniki bazasının gücləndirilməsi,
onun strukturunun təkmilləşdirilməsi və
optimallaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları
ilə təmin edilməsi, təhsilin məzmununun müasir tələblərə və
standartlara əsasən
yeniləşdirilməsi və
keyfiyyətinin təmin
edilməsi, kadr hazırlığının əmək
bazarının tələblərinə
uyğun qurulması, təhsilalanların biliyinin
qiymətləndirilməsinin yeni model və mexanizmlər əsasında
aparılması, təhsil
sistemində yeni maliyyələşmə mexanizmlərinin
həyata keçirilməsini
əhatə edib. Həmçinin, dərslik
və dərs vəsaitlərinin hazırlanması
və təminatı,
gənclərin dünyanın
aparıcı ali təhsil müəssisələrində təhsilinin təşkili,
dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (de-institutlaşma)
və digər məsələlərlə bağlı
tədbirlər həyata
keçirilib. İl ərzində
Təhsil Nazirliyi tərəfindən təhsil
sistemində şəffaflığın
təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının səriştə
və kompetensiya baxımından gücləndirilməsi
sahəsində bir sıra əhəmiyyətli
tədbirlər həyata
keçirilib.
Ölkə Prezidentinin tapşırığına
əsasən ümumtəhsil
məktəblərini bitirən
bütün şagirdlərə
attestat verilməsi barədə Təhsil Nazirliyi Hökumət qarşısında vəsatət
qaldırıb. Nazirlər Kabinetinin 2013-cü il 23 may tarixli Qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər
edilib. 2012-2013-cü dərs
ilində XI sinfi bitirən 90 mindən çox məzununn hamısı attestat alaraq ali,
orta ixtisas və ilk peşə-ixtisas
təhsili müəssisələrinə
qəbulda iştirak etmək imkanı əldə edib. Nəticədə 36 mindən
artıq gənc ali məktəb
tələbəsi adını
qazanmış, 21 min nəfər
kolleclərə, 15 min nəfər
isə peşə məktəb və liseylərinə qəbul olunub. 2012-2013-cü dərs ilinin yekunlarına görə təhsil aldığı
müddətdə xüsusi
nailiyyətlər qazanan
238 şagird qızıl,
10 şagird isə gümüş medala layiq görülüb.
Məktəblilərimiz beynəlxaq olimpiadalarda 2 gümüş və 5 bürünc medal qazanmışdır. Şagirdlər və onların müəllimləri Təhsil
Nazirliyinin Fəxri Fərmanı, Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Təhsil Nazirliyinin 17
iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə “Xüsusi istedada malik uşaqların vaxtından
əvvəl I sinfə
qəbulu Qaydaları”
təsdiq edilib. Yeni qaydalara uyğun yaradılmış
komissiyaların fəaliyyəti
nəticəsində 31.12.2013-cü il tarixədək
6 yaşı tamam olacaq 8846 nəfər uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib. Ümumi təhsil və
ilk peşə-ixtisas təhsili
müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin
işə qəbulu mexanizmi beynəlxalq təcrübəyə uyğun
daha da təkmilləşdirilmiş,
İKT-nin geniş tətbiqini nəzərdə
tutan şəffaf, obyektiv və çevik sistem yaradılıb. Əvvəlki
dövrlərdə müəllimlərin
işə qəbulu ilə bağlı yalnız test imtahanları
6-7 həftə ərzində
aparılırdısa, 2013-cü ildə bu proses
cəmi 13 günə
başa çatıb.
Ümumilikdə 3286 vakant yer
müsabiqəyə çıxarılmış,
həmin yerlərə
18782 nəfər elektron
ərizə verib.
Müəllimlərin işə qəbulu
üzrə müsabiqənin
yekun nəticələrinə
görə, əlavə
yerləşdirmə də
nəzərə alınmaqla
ümumilikdə 1446 nəfər
işə qəbul olunmuşdur. Əvvəlki
illərdən fərqli
olaraq, cari ildə müəllimlərin
işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid
balı aşağı salınmayıb,
işə qəbul olunacaq müəllimlərin
peşəkar kompetensiyalarının
daha yüksək olması müsabiqənin
əsas meyarı kimi qəbul olunub.
Eyni zamanda bu sahədə
əhəmiyyətli yeniliklərdən
biri də Nazirlər Kabinetinin 14 aprel 2010-cu il
tarixli qərarına əsasən həvəsləndirmə
tədbirləri tətbiq
olunan yerlərin sayının artırılması
olub. Belə ki, ötən
illərdə 800 yerə
bu tədbirlər tətbiq olunurdusa,
2013-cü ildə həmin
yerlərin sayı
2527-yə çatdırılıb.
Həyata keçirilən tədbirlər əvvəlki
illərdə ucqar kənd məktəblərinə
göndərilib, lakin
həvəsləndirmə tədbirləri
tətbiq edilməmiş
gənc mütəxəssislərə
də bu tədbirlərin tətbiqinə
imkan verib. Hesabat dövründə məzmun
islahatları davam etdirilib. Ümumtəhsil məktəblərinin I-V siniflərində tədris
yeni fənn kurikulumları əsasında
davam etdirilib. VI siniflərdə fənn kurikulumlarının
tətbiqinə başlanıb.
2013-2014-cü dərs ilində ibtidai və V-Vİ siniflərdə
işləyəcək fənn
müəllimlərinin yeni
kurikulumların tətbiqi
üzrə təlim kurslarından keçirilməsi
üçün müvafiq
təşkilati işlər
görülüb, 34244 nəfər
müəllimin təlimlərdən
keçirilməsi təmin
edilib. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri
və ümumi təhsil müəssisələrinin
direktorları üçün
də fənn kurikulumlarının tətbiqi
üzrə 30 saatlıq
(5 günlük) təlim
kursları təşkil
edilib, ümumilikdə
bu təlimlərə
4052 nəfər rəhbər
təhsil işçisi
cəlb edilib.
2013-2014-cü dərs ili
üçün I, II, IV, V, VI, VIII, IX və X siniflər üzrə 146 adda 4022150 nüsxə dərslik və dərslik komplektləri çap edilib yerlərə çatdırılıb. VI sinif üçün dərsliklər ilk dəfə
olaraq yeni fənn kurikulumları əsasında hazırlanıb.
Azərbaycan Respublikası ilə
Gürcüstan arasında
İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası
Birgə Komissiyanın
20 dekabr 2011-ci il tarixli 7-ci İclasının
Protokoluna əsasən,
Gürcüstanın azərbaycandilli
məktəblərinin I-XI sinifləri
üçün ayrılan
18 adda 28.015 nüsxə
“Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi Gürcüstanın
Təhsil və Elm Nazirliyinə təhvil verilib. Həmin Protokola uyğun olaraq Balakən, Zaqatala və Qax rayonlarının gürcüdilli məktəblərinin
I-XI sinifləri üçün
28 adda 2.839 nüsxə
“Gürcü dili” və “Ədəbiyyat” dərslik komplekti, həmçinin əlavə
olaraq 27 adda 2.703 nüsxə “Riyaziyyat” dərslik komplekti Gürcüstan nümayəndə
heyəti tərəfindən
həmin rayonların təhsil şöbələrinə
verilib.
Təhsil
Nazirliyi, əvvəlki
illərdən fərqli
olaraq, dərslik siyasəti sahəsində
əhəmiyyətli dəyişikliklər
edib. Bu sahədə
ilk addım olaraq
2014-2015-ci dərs ilinə
kurikulum əsasında
VII və VIII siniflərin
yeni dərslik komplektlərinin hazırlanması
prosesinə başlanılıb.
VII siniflərin dərslik
komplektləri növbəti
dərs ili
başlayanadək çap
olunaraq ümumtəhsil
məktəblərinə çatdırılacaqdır.
VIII siniflər üçün
hazırlanan dərsliklərin
məhdud sayda çap edilərək 1 il seçilmiş
məktəblərdə pilot kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi
nəzərdə tutulub.
Dərslik müəlliflərinin peşəkarlığının artırılması və
müəlliflik iddiasında
olan mütəxəssislərin
dərslik yaradıcılığına
təşviq edilməsi
üçün təlimlərin
keçirilməsi də
nəzərdə tutulub.
Təhsil Nazirliyi tərəfindən
dərsliklərin satış
məqsədilə çap
edilməsindən əldə
edilən gəlirin istifadəsi məsələlərinin
tənzimlənməsi barədə
müvafiq qərar qəbul olunub. Dərsliklərin
əlavə nəşrindən
Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin
50 faizi dərslik müəlliflərinə ödənilməsi,
digər hissəsinin isə dərsliklərin yazılmasının stimullaşdırılması,
bu sahədə mövcud olan beynəlxalq təcrübənin
öyrənilməsi və
tətbiqi üçün
sərf olunması planlaşdırılır. Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına
dair təlimati qaydalar yeniləşdirilib.
Formativ qiymətləndirmənin aparılması
sahəsində müəllimlərə
kömək məqsədilə
müvafiq sənədlər
hazırlanıb. Təhsil Nazirliyi
tərəfindən ilk dəfə
olaraq ictimai təşəbbüslərin dəstəklənməsi
üzrə layihələrin
müsabiqəsi keçirilib.
Müsabiqənin nəticələrinə
əsasən “Təhsil
siyasəti üzrə
təşəbbüslər” istiqaməti üzrə
13, “Təhsil sahəsində
tədqiqat təşəbbüsləri”
üzrə 5 olmaqla ümumilikdə 18 layihə
müsbət qiymətləndirilib.
Hesabat ilində atılan uğurlu addımlardan biri də məktəb
direktorları və gələcəkdə bu vəzifədə çalışmaq
arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin
artırılması üzrə
yeni mexanizmin tətbiqi olub. 547 nəfər pedaqoji
kadr müsabiqədə
iştirak etmək üçün müraciət
edib. Keçiriləcək təlimlərin məqsədi
peşəkar kompetensiyalara
və idarəetmə
bacarıqlarına malik
menecerlərin hazırlanması
və ümumtəhsil
məktəblərinə rəhbər
vəzifələrə təyin
edilməsidir.
Ardı var
Üç nöqtə.-2014.- 10 iyul.- S. 9.