«İndiyədək 2612 gəncin
xaricdə təhsil almaq hüququ
qazanıb
Onlardan 600-dən çoxu
məzun olaraq geri
qayıdıb müxtəlif özəl, dövlət
sektorlarında fəaliyyət göstərir
Dövlət Proqramı çərcivəsində gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazası yaradılıb. Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra Azərbaycan Respublikasında işlə təmin olunması prosesinin
tənzimlənməsi və bu sahədə vahid sistemin yaradılması məqsədi ilə normativ huquqi baza təkmilləşdirilib. Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri – sosial tərəfdaşlıq prinsipi üzərində qurulur. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almalarının maliyyələşdirilməsi mexanizmləri və təhsil alacaq gənclərin seçim meyarları şəffaflıq prinsipi əsasında müəyyənləşdirilib. Gənclərin xaricdə təhsil almaları ilə bağlı təhsil haqlarının və tələbələrin sosial,
mədəni-məişət xərclərinin ödənilməsi üzrə qayda və normativlər hazırlanaraq təsdiq edilir, tələb olunan maliyyə vəsaiti və maliyyə mənbələri müəyyənləşdirilir, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi və monitorinqi aparılır. Maliyyələşdirmə prosesində tələbələrin bütün xərcləri – viza məsələləri və qəbul edən ölkədə onların qeydiyyata alınması, təhsil haqqı, yaşayış, yemək, tədris ədəbiyyatı
ilə təminat, tibbi sığorta, gediş-gəliş biletlərinin alınması təmin olunur.
İxtisas və təhsil proqramları uzrə olkənin ehtiyaclarının
müəyyənləşdirilməsi xarici ölkələrə tələbə göndərilməsi məqsədi ilə ixtisaslar seçilərkən bir sıra amillər nəzərə alınıb. Bunlara ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, informasiya və kommunikasiya texnologiyalarına əsaslanan “bilik iqtisadiyyatı”nın formalaşması, sənaye, aqrar və nəqliyyat sektorları, turizm və mədəniyyət, ticarət və xidmət sahələrinin inkişafı, ətraf mühit və ekologiya siyasətinin təkmilləşdirilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi, sosial-mədəni (səhiyyə, elm, təhsil və s.) sahələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər daxildir. Ümumi prioritetlər nəzərə alınmaqla ixtisaslar üzrə tələbatın öyrənilməsi üçün tövsiyələr hazırlanır, sahələr və təhsil pillələri üzrə ölkənin ehtiyacları müəyyənləşdirilərək hər tədris ili üçün xaricdə təhsil alacaq gənclərin hazırlanması planı tərtib edilir və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil uzrə Komissiya tərəfindən təsdiq edilərək ictimaiyyətə catdırılır.
Ölkənin ehtiyaclarına uyğun olaraq, xarici ölkələrin ali məktəblərinin müəyyənləşdirilməsi Məhdud resurslardan səmərəli istifadə prinsipinə əsasən, tələbə göndəriləcək xarici təhsil qurumları arasında seçim edilməsi zamanı həmin təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsil, sosial təminat və digər xərcləri nəzərə alınmaqla ən optimal variantlara üstünlük verilir.
Ölkənin tələbatına uyğun olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və müvafiq ixtisas üzrə regionda ali təhsil ocaqlarının reytinq cədvəlində aparıcı yerləri tutan universitetlərlə əlaqə yaradılır, onlarla əməkdaşlıq edilir və müqavilələr bağlanılır. Tələbata uyğun olaraq xarici ölkə ali təhsil muəssisələri üzrə məlumatlar hər il yeniləşdirilir və ictimaiyyətə çatdırılır.
Beləliklə, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində indiyədək 2612 gəncin xaricdə təhsil almaq hüququ qazanıb. Onlardan 600-dən çoxu məzun olaraq geri qayıdıb və müxtəlif özəl, dövlət sektorlarında fəaliyyət göstərməkdədirlər. Mətbuata açıqlamasında təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycanda gənclərin ildən-ilə Dövlət proqramına marağı artır: «2013-cü ildə xaricdə təhsil üçün nazirliyə 1300-ə yaxın müraciət olub ki, bu da əvvəlki illə müqayisədə 30 faiz artım deməkdir. Bu bir tərəfdən onu göstərir ki, daha çox Azərbaycan gəncləri xarici universitetlərə qəbul olunurlar, digər tərəfdən dövlət proqramının əhatə dairəsi genişlənir. Bu dövlət proqramında kvotalar mövcud deyil və məhdudlaşdırıcı amil hesab edilmir. Azərbaycan dövləti xaricdə təhsil almaq istəyən gənclərin sayına heç bir məhdudiyyət qoymur. Əgər sabah müraciət edəcək tələblərin sayı 1200 yox, 2500 olacaqsa, hamısına baxacağıq. Burada əsas məsələ müraciət edənlərin dövlət proqramının tələblərinə uyğun olub-olmamasıdır. Bu proqramın məqsədi ondan ibarətdir ki, Azərbaycan üçün kadr potensialı yaratmalı, müasir düşüncəli insanları hazırlamalıdır. Digər tərəfdən dövlət proqramının iştirakçısı olan hər bir tələbə Azərbaycanın ümummilli maraqlarını təmsil edən mövzular barədə ən azı ümumi məlumata malik olmalı, ünsiyyətdə olarkən bu barədə düzgün şəkildə danışa bilməlidirlər».
Mikayıl Cabbarov da deyir ki, dövlət proqramı orta perspektivli bir mexanizm olduğu nəzərə alınmalıdır: «Burada əsas hədəf ölkənin ali təhsil sistemini təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılmasıdır. Xaricdə təhsil alan gənclərdən yeganə tələbimiz isə təhsil aldıqları ölkə və xarici təhsil müəssisələrində maksimum bilik, bacarıq və təcrübə əldə edərək onları ölkədə müvafiq ixtisas sahələri üzrə tətbiq etmələridir. Dövlət proqramının əsas məqsədi həmin məzunların beynəlxalq təhsil təcrübəsindən, bilik və bacarıqlarından istifadə edərək daha mütərəqqi ideyalarla zəngin təhsil sistemini yaratmaqdır. Ümumiyyətlə, təhsil sahəsi üzrə aparılan innovativ təşəbbüslərlə zəngin istənilən tədqiqat təhsilin inkişaf konsepsiyasının davamlı və nəticəyönümlü təhsil siyasətinin formalaşmasında, məqsədə müvafiq qərarların qəbul edilməsində mühüm, əsas rol oynayır».
Bu günlərdə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Nazirlər Kabineti müəyyən dəyişikliklər edib. Təhsil Nazirliyindən verilən məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar davam etməkdədir.
Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda nazirlik tərəfindən Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Nazirlər Kabinetinin qərarı ilə dəyişiklik edilib.
Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb. Qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın gələcək inkişafı və xalqın rifahı naminə aparılan islahatlar prosesinə öz töhfələrini verəcəklər. Dövlət Proqramının effektiv və səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, «2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı» xaricdə
dövlət hesabına təhsil almağa
göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə,
onların ümumi sayının isə
2007-2015-ci illərdə 5000 nəfərə
çatdırılmasını nəzərdə tutur. Ayrılan maliyyə vəsaitləri
çərçivəsində bakalavriat,
magistratura, rezidentura, doktorantura pillələri, eləcə də
ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə
bölünməsi, hökümətlərarası müqavilələr
və ali təhsil müəssisələri
arasında beynəlxalq tələbə mübadiləsi əsasında
mütəxəssis hazırlığının
respublikanın iqtisadi inkişaf
prioritetləri nəzərə alınmaqla təmin edilməsi
də Dövlət Proqramının əsas hədəfləridir.
Üç nöqtə.-2014.- 16 iyul.-
S. 9.