Ali məktəbə qəbul üçün bilik yeganə meyara çevrilir

 

TQDK müasir informasiya texnologiyalarindan maksimum istifadə etməklə qəbul prossində neqativ halları tam aradan qaldırıb

 

Ali məktəbə qəbul prosesində şəffaflığın təmin edilməsi üçün ötən illər ərzində xeyli işlər görülüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinin ilk dövrlərində abituriyentlər təkcə ali məktəbə sənəd verərkən günlərlə növbə gözləməli olurdular. O zaman abituriyentlərin bu gərginliklərinə test imtahanında ilk dəfə qəbul günü iştirak etməyin həyəcanı da əlavə olunurdu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin hər il tətbiq etdiyi onlarla yeniliklər sayəsində bu gün abituriyentlər evdən çıxmadan bütün bu işləri görə bilir. Bu gün abituriyentlər nə ödəmə kartı almaq üçün, nə də ali məktəbə sənəd vermək üçün günlərlə növbədə durur. Həmçinin, qəbul imtahanlarına qədər onlarla sınaq imtahanların iştirak etmək şansları var. Bu gün abituriyentlər ödəmə kartını internet vastəsilə plastik kartla alır, imtahanlarına buraxılış vərəqəsini də öz evində çap edir.

İmtahanda uğur qazanan da, qazanmayan da nəticənin obyektivliyinə əmindir

Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işinin obyektivliyinə əksər vətəndaşların inandığını bildirir: «Bu gün Azərbaycan vətəndaşlarının əksəriyyəti bu qurumun fəaliyyəti ilə birbaşa bağlıdır. Mənim öz övladlarım, qohumlarım Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak edərək ali məktəbə qəbul olub. Onların bəziləri bu günAlmaniyada, Türkiyədə təhsil alır. Bu prosesin nə dərəcədə şəffaf aparılmasının nəticəsidir ki, əksər sadə azərbaycanlı ailəsinin övladları həmin qurumun keçirdiyi imtahanlar nəticəsində ali təhsil ala bilib».

XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ən şəffaf fəaliyyət götərən bir qurum olduğunu vurğuladı: «Azərbaycanda şəffaf fəaliyyət göstərən üç qurum varsa, bunlardan biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır. Komissiyanın keçirdiyi imtahanların obyektivliyini ali məktəbə qəbul imtahanlarında iştirak edən hər kəs bilir. Hər bir kəsə imtahanda hansı biliyi nümayiş etdirməsini bilmək imkanı yaradılır. Digər tərəfdən Təhsil Nazirliyi iki ildir orta məktəbin buraxılış sinifləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirir. Hər imtahandan sonra da yüzlərlə şəxs biliklərinin düzgün qiymətləndirilmədiyi üçün nazirliyin binası qarşısında etiraz aksiyası keçirir. Amma hər il ali məktəbə qəbul imtahanında minlərlə insan kəsilsə də, TQDK-nın binası qarşısında belə aksiyalar olmur. Çünki imtahanda uğur qazanan da, qazanmayan da nəticənin obyektivliyinə əmindir».

 «Tələbə qəbulu üzrə dövlət komissiyası qəbul prossində bütün neqativ halları aradan qaldırdı»

Testin Azərbaycana gətirən müəlliflərdən biri professor Firidun Cəlilov bu üsulun biliyi ölçmək üçün ən düzgün meyar olduğunu vurğuladı: «Tələbə qəbulunda rüşvətin yığışdırılması, bu prossdə ədalətin bərpası üçün test üsulu Azərbaycana gətirildi. Böyük bir qüvvə ilə başlanılan bu işdən xalq da razı qaldı. Hazırda da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu işin öhdəsindən lazımınca gəlir. Amma bu sahəyə ictimai nəzarətin daha da gücləndirilməsinə ehtiyac var».

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevtestin qəbul prosesində neqativ halları tam aradan qaldırdığını bildirdi: «Ali məkəblərin özləri qəbul prosesini həyata keçirdiyi dövrlərdə neqativ hallar olurdu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul prosesində bütün neqativ halları aradan qaldırdı».

Əksər ekspertlər hesab edir ki, bu gün ali məktəblərin özlərinə test üsulu ilə tələbə qəbulu aparmaq imkanı verilsə, neqativ hallar yenə ola bilər. Çünki respublikamızda hələ də şəffaflıq və ədalətin hamı tərəfindən təmin ediləcəyinə əminlik yoxdur. Buna görə də ən doğru seçim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu işi reallaşdırmasdır. Çünki abituriyentlərin imtahan nəticələri elektron vasitələrlə yoxlanıdığıdan burada subyekti amillər olmur. Hətta qurulan sistem köçürmə halları olduqda belə bunu aşkar edir.

Azərbaycan reallığında tələbə qəbulu ilə bağlı hazırki sistemdən daha uğurlu variant yoxdur

Düzdür, bu gün bəzi ekspertlər testin müsbət olmayan cəhətlərinin olduğunu önə çəkir. Bu fikirdə olanlar testlə abituriyentin qabiliyyətlərinin heç hamısının üzə çıxmadığını vurğulayır. Belə ki, testlə ancaq yaddaş müəyyən qədər məntiqi təfəkkür yoxlanılır. Canlı yoxlama aparılanda isə abituryientlərin nitq qabliyyəti, yazı üslubu üzə çıxarıla bilir. Hazırda Estoniya təcrübəsində abturiyentlərin biliyi həm yazılı, həm şifahi şəkildə yoxlanılır.

Ə.Ağayev isə hesab edir ki, Azərbaycan reallığında tələbə qəbulu ilə bağlı hazırki sistemdən daha uğurlu variant yoxdur: «Azərbaycan reallığında Estoniya təcrübəsini tətbiq etmək mümkün olmayacaq. Çünki istər-stəməz bu subyektiv amillərə yol açacaq. Testlə tələbə adını qazanan yüzlərlə şəxs var ki, onlar digər imtahanlada subyektiv münasibətlərin qurbanı ola bilərdi».

Ə.Ağayev bu sahəyə ictimai nəzarətin daha da gücləndiilməsinin müsbət nəticə verəcəyi qənaətindədir: «Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, mətbuat öz mənafeləri üçün yox, dövlət manafeyi üçün bu prosesə cəlb edilə bilər. İctimai nəzarətin gücləndirilməsi üçün formalar düşünmək olar. Amma bu prosesə müdaxilə yox, prosesi izləməklə yekunlaşmalıdır».

Bu gün TQDK ali məktəblərə şəffaf, yalnız biliyin üstünyününü nəzərə almaqla tələbə qəbulu aparmaqla yanaşı hər bir şagirdin, abituriyentin öz üzərində müstəqil çalışmasına imkan yaradan vəsaitlər hazırlayıb istifadəyə verir. Artıq neçə ildir ki, TQDK abituriyentlər yuxarı sinif şagirdləri üçün qəbul imtahanları məzmunu tələbinə uyğun vəsaitlər, eyni zamanda fənlər üzrə siniflər üçün test topluları nəşr edir. Komissiya tərəfindən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşması, öz bilik səviyyələrini imtahanlara qədər real qiymətləndirmək imkanı yaradılması məqsədilə bölgələrdə sınaq imtahanları təşkil edir. Bu ildən başlayaraq isə TQDK video-mühazirələr təşkil edir. Təcrübəli mütəxəssislərin qəbul imtahanları fənləri üzrə proqrama uyğun hazırladığı bu mühazirələr Komissiyanın internet səhifəsində nümayiş etdirilir.

Təhsilin qiymətləndirilməsinin aparılmadığı halda bu sahədə olan problemləri həll etmək mümkün olmadığından Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1994-cü ildən başlayaraq hər il tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini aparır. Təhlil nəticəsində əldə olunan materiallar ictimayyətə təqdim edilir. Hər il respublikanın bütün şəhər rayonları üzrə məzunların qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi məlumat kitabçaları hazırlanır. Ölkənin bütün təhsil şöbələrinə orta məktəblərinə paylanılan kitabda nailiyyətlərlə yanaşı, problemlər göstərilir ki, nəticədə onları həll etmək üçün yollar düşünmək olur.

Müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan maksimum istifadə edən TQDK qəbul prosesində uzun illər mövcud olan bütün neqativ halları qısa müddətdə aradan qaldırmağa nail olub. Ərizə qəbulundan başlayaraq qəbul imtahanı suallarının seçilməsi tam avtomatlaşdırılıb. Komissiya qəbul prosesinin ictimayyətə çatdırılması üçünbütün imkanlardan yararlanır. Digər informasiya vasitələrinə çıxışı olmayanlar da SMS məlumatlandırma xidməti vasitəsilə komissiyanın işi barədə məlumat əldə edə bilər. Başqa sözlə, ali məktəbə qəbul prosesində biliyi yeganə meyara çevrən, savadına güvənənlərin ali təhsilə yoluna açan TQDK fəaliyyətində şəffaflığı gücləndirmək üçün bütün imkanlardan istifadə edir.

 

Üç nöqtə.-2014.- 25 iyul.- S. 9.