Bəstəkardan professional mahnı istəyənlər
azalır
Gövhər Həsənzadə:
«Əvvəlki qədər peşəkarlar yoxdur,
ağır, mürəkkəb mahnılar ifa
etmirlər»
Faiq Sücəddinov: «Oxumaq
xatirinə oxuyurlar»
Son vaxtlar şou-biznes sahəsində bəstəkar mahnılarına müraciət edən müğənnilərin sayı azalıb. Əvvəllər daha çox bəstəkar mahnılarını ifa edərək, tamaşaçılar tərəfindən tanınmağa çalışırdılar. Bu gün isə əksinə, daha çox gənc yazarlara müraciət edirlər. Görəsən, bəstəkar mahnılarına marağın azalmasına səbəb nədir? Bu haqda “Üç nöqtə”yə danışan bəstəkar Gövhər Həsənzadə dedi ki, ona bəstəkar mahnılarını oxumaq istəyən peşəkar müğənnilər müraciət edirlər: “Özünə hörmət edən sənətkarlar deyir ki, mənə normal mahnı ver, ara mahnıları lazım deyil. Amma əvvəlki qədər peşəkarlarımız yoxdur, ağır, mürəkkəb mahnılar ifa etmirlər. Professional konsertlər olmadığına görə buna ehtiyac da yoxdur. Fonoqramla konsert verirlər. Proqramı yoxlayan yoxdur ki, mahnının müəllifi kimdir, mövzusu necədir? Peşəkarlığa diqqət ayrılmır. Ona görə də, elə mahnıları konsertlərdə ifa edirlər. İndi kimdir bəstəkardan profesional mahnı istəyən? Bütün bunlarla yanaşı, peşəkar kadr proqramlarına əvvəlki qədər dəstək yoxdur. Ona görə də, kim hansı mahnını istəyir ifa edir”.
G.Həsənzadə dedi ki, bəstəkar mahnılarına müraciətlərin azalmasının digər səbəbi bəzi müğənnilərin «bəstəkara niyə pul verim, mahnı alım, studiyada vaxt keçirim, onu öyrənim?» kimi düşüncələridir: «Düşünürlər ki, kompyuter yığması ucuz və hazır mahnılar var, o mahnıları ifa etsələr, daha yaxşı olar. Bundan başqa, hansısa populyar olmuş mahnıya oxşar mahnı ifa edərək, onun sayəsində tanınacaqlarını fikirləşirlər. Həm də dünyaca məşhur bir ifanın sözlərini mahnının başlanğıcına qoyub arxasınca da nə istəyirlər oxuyurlar. Mənə Almaz Ələsgərova, Kərim Abbasov, Lalə Məmmədova, Natavan Həbibi, Elton Hüseynəliyev, Zaur Əmiraslanov, Şölə Səfərəliyeva və Türkiyədə təhsil alan azərbaycanlı müğənnilərdən təkliflər gəlir. Bunlar bizim studiyada mahnıları hazırlanan, oxunan, öz üzərində çalışan müğənnilərdir».
Bəstəkarın sözlərinə görə, bəzən televiziya efirlərində mahnının müəllifini soruşulmur: “Bu ciddiyyət aradan qaldırılıb. Müəllifi bəlli olmayan mahnıları da efirə buraxırlar. Mən konsert keçirən zaman əvvəlcə mahnıları dinləyirdim. Müəllif hüquqları ilə müqaviləmiz var idi. Hansı müəlliflərin mahnılarının ifa olunacağına qərar verirdik. Bu gün bəstəkardan professional mahnı istəyən azdır. Peşəkar və özünə hörmət edən sənətkar bəstəkar mahnılarına müraciət edirlər”.
Gövhər Həsənzadə bildirdi ki, ciddi televiziya proqramlarına ara mahnıları da çıxmır: “Amma bəzi televizizya proqramları efir vaxtını doldurmaq, kütləni efir qabağına yığmaq üçün ara mahnılarının efirə çıxmasına şərait yaradırlar. Yəqin ki, bu kimi halların yığışdırılması üçün ciddi göstəriş verəcəklər. Fikirləşməliyik ki, Azərbaycan xalqının sənətinin daşıyıcısılarıyıq, cibimizin deyil. Hər nə gəldi Azərbaycan sənəti adından vermək olmaz».
Bəstəkarın sözlərinə görə, mahnıların mətninə, sözlərinə fikir verilməlidir: “Bu gün bəzi mahnılara qulaq asmaq istəmirsən. Əvvəllər bizdə bu cür yüngül mahnılar olmayıb. Mahnının sözləri dəyərli olmalıdır. Mahnılarımızın bu gün ən dəyərsiz tərəfi – musiqi, ifaçılıq, aranjeman deyil, mətnlərin çox səviyyəsiz olmalarıdır”.
Bəstəkar Faiq Sücəddinov da müğənnilərin son zamanlar ona çox müraciət etmədiklərini bildirdi: “Müğənnilər dostlarına, tanışlarına mahnı sifariş edirlər. Ya da baxırlar ki, mahnı var, oxumaq xatirinə oxuyurlar. Onlar xalqı fikirləşmirlər. Əvvəllər bir studiya vardı. Hamımız ora yığışırdıq, yazırdıq. Bu gün studiyalar çoxdur. Mahnıları gecələr yazırlar. Musiqimiz türk musiqisinə bənzəyir, amma sözləri bizimkidir. Hər xalq öz musiqisini oxumalıdır. Bizim musiqimiz çox uğurludur. Bir müğənni ilə Türkiyəyə getmişdik. O Türkiyədə türk mahnısı ifa etdi. Dedim ki, niyə türk mahnısı oxuyursan? Özlərinin ifaçıları var. Sən Azərbaycan musiqisini oxumalısan ki, onlar zövq alsınlar və baş əysinlər. Amerikaya gedirlər, oranın musiqisini ifa edirlər. Orada səndən də yaxşı ifa edirlər. Böyük Rəşid Behbudov həmişə oxuyanda deyirdi ki, “Səni tərənnüm edirəm, ey Azərbaycan”.
Rəqsanə
Üç nöqtə.-2014.- 25 iyul.- S. 13.