Evlərin
alqı-satqısı ilə bağlı notariusların
öhdəliyi artırıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib. İndiyə qədər notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərirdi. Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminin yaradılması ilə əlaqədar notariusların üzərinə əlavə öhdəlik qoyulub. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərməlidir. Eyni zamanda bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na deyil, “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Ədliyyə Nazirliyi də artıq “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na deyil, “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərəcək.
Bu vaxta qədər müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərib. Dəyişikliyə əsasən bundan sonra müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsinin müqavilə, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə “Elektron notariat” informasiya sistemi vasitəsilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərəcək. Eyni zamanda Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə veriləcək.
Təlimata edilən əlavəyə əsasən bundan sonra notariat hərəkətlərinin aparılmasından əvvəl notarius “Elektron notariat” informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. “Elektron notariat” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyi ilə notariat kontorları arasında yazışmalar da aparılacaq.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurlar, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və zəruri arayışı almaq işi də asanlaşıb. Xatırladaq ki, martın 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (yəni “Forma 1″) əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə bilərlər. Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçirilir. Bu, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və ya zəruri arayışı almaq işini xeyli asanlaşdırıb. Yüklülük haqqında arayışların alınması üçün (“Forma 1″) notariusa müraciət etmək kifayət edəcək ki, burada həm müraciəti rəsmiləşdirmək, həm də rüsumu ödəmək mümkün olub. Notarius orqanları sənədləri elektron şəkildə Dövlət Komitəsinin ərazi idarələrinə göndərəcəklər. Sonradan vətəndaşlar hazırlanmış arayışı götürmək üçün yalnız bir dəfə öz ərazi idarələrinə baş çəkməli olurlar. Bundan başqa, notarius orqanları təkrar mənzil alqı-satqısını da rəsmiləşdirə bilirlər. Notarius real vaxt rejimində Dövlət Komitəsinin məlumat elektron bazasına müraciət edə və alqı-satqı əməliyyatını həyata keçirə bilirlər.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib ki, bütün dövrlər üçün qeydiyyat vəsiqəsi və digər hüquq müəyyənedici orqanlar tərəfindən mülkiyyətə verilmiş şəhadətnamələr əsasında yox, ancaq 2006-cı ildən sonra verilmiş çıxarışlar əsasında “Forma 1″-in alınmasına şərait yaranıb: “Axı Dövlət Komitəsində çıxarışları 2006-cı ildən sonra veriblər. 2006-cı ildən sonra verilmiş çıxarış əsasında vətəndaş notariat kontoruna müraciət edəcək. Notarius bazaya daxil olacaq, daha sonra vətəndaşa əmlak üzərində yüklülüyün olub-olmaması barəsində arayışı (“Forma 1″) verə biləcək”.
İdarə rəisinin sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatına gəlincə, söhbət burada həmin əmlakın alqı-satqısından sonra qeydiyyat vəsiqəsinin alınmasından gedir: “O əməliyyatlar Dövlət Komitəsinin “ASAN xidmət”də fəaliyyət göstərən nümayəndələrinə təqdim olunacaq. Onlar da 5 gün ərzində ona çıxarış verəcəklər. Amma notariat kontorlarında Dövlət Komitəsinin nümayəndələri olmadığından notarius onlayn qaydada “Forma 1″-i alacaq, əməliyyatı aparacaq və əməliyyat barədə məlumatı, eyni zamanda onun kağız variantını Dövlət Komitəsinə göndərəcək. Məsələn, vətəndaş mənzilini övladına hədiyyə etmək istəyirsə, istənilən notariat kontorunda bunu rahat şəkildə həyata keçirə biləcək. O, əmlak barəsində notariusa müraciət edəcək, çıxarışı təqdim edəcək. Çıxarış əsasında notarius elektron bazaya daxil olacaq, əmlak üzərində yüklülüyün olub-olmaması barədə məlumatı, digər əməliyyatı aparmaq üçün qanunvericilikdə tələb olunan sənədlərin hamısını götürəndən sonra əməliyyatı aparacaq. Bundan sonra onlayn rejimdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək. Amma “ASAN xidmət” mərkəzindəki notariuslar vasitəsilə əməliyyat aparılan zaman isə kağız variantını elə oradaca Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinə təqdim edə bilərlər ki, sənədi ən qısa müddətdə ala bilsinlər”.
M.Soltanov qeyd edib ki,
artıq sistem sınaqdan keçirilib. Qeyd edək ki, Prezident
İlham Əliyevin imzaladığı 2014-cü il
11 fevral tarixli fərmanla mənzillər
üzərində mülkiyyət
hüquqlarının ilkin
və təkrar dövlət qeydiyyatına
alınması və çıxarışların, texniki pasportların verilməsi; fərdi yaşayış evləri
üzərində mülkiyyət
hüquqlarının təkrar
dövlət qeydiyyatına
alınması və çıxarışların, texniki pasportların verilməsi; yaşayış
yeri üzrə qeydiyyata alındığı
və ya qeydiyyatdan çıxarıldığı
hallarda çağırışçıların
və hərbi vəzifəli vətəndaşların
hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması; xaricdə
istifadə üçün
nəzərdə tutulan
sənədlərə apostil verilməsi üçün
sənədlərin qəbulu
xidmətləri “ASAN xidmət”
mərkəzlərində həyata
keçirilir.
Üç nöqtə.-2014.- 3 iyun.-
S.9.