Ərlə arvad
arasında əmlak münasibətləri əsasən Ailə
Məcəlləsi ilə tənzimlənir
Nikah müddətində ərlə
arvadın əldə
etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır
Azərbaycan iqtisadiyyatında bazarın yenidən təşkili təkcə sahibkarlıq fəaliyyəti subyektlərinin meydana gəlməsinə deyil, həmçinin ailə münasibətlərinə, o cümlədən ərlə arvadın əmlak münasibətlərinə də təsir göstərdi. Bununla əlaqədar, ər-arvadın əmlak münasibətlərinin hüquqi tənzimlənməsini araşdıran müəlliflər haqlı olaraq qeyd edirlər ki, bu münasibətlər daha çox bazarın inkişafının səviyyəsindən və dövlətin iqtisadi vəziyyətindən asılıdır. Onların ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məlumdur ki, ümumi mülkiyyətin bir-birindən çox fərqli iki növü mövcuddur. Bunlar payları məlum olan paylı mülkiyyət və payları məlum olmayan birgə mülkiyyət formalarından ibarətdir. Ərlə arvadın nikah dövründə əldə etdikləri əmlak bir qayda olaraq onların arasında paylara bölünmədiyindən payları məlum olmayan birgə mülkiyyət növünə aid edilir.
Ərlə arvad arasında əmlak münasibətləri əsasən Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 32-ci maddəsində birmənalı olaraq nəzərdə tutulmuşdur ki, “nikah müddətində ərlə arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır”. Qeyd edək ki, ərlə arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılar daxildir: 1) onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiyalar və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələri və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
Ailə hüququ nöqteyi-nəzərindən bu və ya digər əmlakı ər-arvadın ümumi birgə əmlakına daxil etmək üçün aşağıdakı hallar müəyyənedici əhəmiyyət kəsb edir və nəzərə almaq lazımdır:
1) əmlakın ər-arvad tərəfindən birgə nikah dövründə onların ümumi vəsaitləri hesabına əldə edilməsi;
2) əmlakın hər iki tərəfin mülkiyyətinə birgə nikah dövründə daxil olması (əvəzsiz əqdlər);
3) nikah dövründə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ).
Göstərilən ümumi rejimdən fərqli olaraq, ər-arvad nikah kontraktında və ya öz aralarında razılaşma əsasında ümumi əmlakların digər hüquqi rejimini də müəyyən edə bilərlər. Ailə Məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi (kontraktı) nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda onların əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilə ilə ər-arvad əmlakın birgə mülkiyyət rejimini dəyişərək ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya onların hər birinə mənsub olan əmlaka birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Lakin müqavilənin şərtləri əri və ya arvadı əlverişsiz vəziyyətə salmamalıdır. Hüquqşünas Aygün Hacıyeva bildirir ki, ər-arvadın birgə mülkiyyət münasibətlərinin yaranmasının əsasını qanunla müəyyən olunmuş qaydada Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı orqanlarında qeydiyyatdan keçmiş nikah təşkil edir. «Dövlət qeydiyyatı olmadan faktiki nikah münasibətlərində olan qadın və kişinin mülkiyyət münasibətləri, onların uzunmüddətli olub olmamasından asılı olmayaraq, ər-arvadın ümumi birgə mülkiyyətini yaratmır və ər-arvadın ümumi mülkiyyətinin qaydaları həmin münasibətlərə şamil edilə bilməz»,- o deyir. Faktiki ər-arvadın əmlak münasibətləri mülki qanunvericiliklə tənzimlənir. Qeyd etmək lazımdır ki, bir sıra dövlətlərdə faktiki nikah münasibətləri rəsmi nikah münasibətlərinə bərabərləşdirilir. Məsələn, ABŞ qanunvericiliyində bağlanmış nikahın faktiki və ya rəsmi olmasından asılı olmayaraq, ər-arvadın əmlak münasibətləri eyni qaydada tənzimlənir.
Belə müddəa əsas götürülür ki, ər-arvadın əmlak münasibətləri könüllülük prinsipinə, yəni onların mülahizələrinə əsaslanır. Belə ki, onlar ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını qarşılıqlı razılıq əsasında həyata keçirirlər. Ər-arvaddan hər hansı biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlayarsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilərsə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər.
Qüvvədə olan qanunvericiliyə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdləri bağlaması üçün digər tərəfin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Ərin (arvadın) bu barədə notarial qaydada təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Hüquq ədəbiyyatında bəzi müəlliflər ər-arvadın özü tərəfindən öz vəsaiti hesabına əldə etdiyi əmlakın digər tərəfin razılığı olmadan satılmasının və ya başqa şəkildə özgəninkiləşdirilməsinin mümkünsüzlüyünü ədalətsiz hesab edirlər.
Xarici ölkələrdə ər-arvadın əmlakının müxtəlif hüquqi rejimləri mövcuddur. Hüquqşünasın sözlərinə görə, Böyük Britaniyada, Almaniyada və ABŞ-ın bir sıra ştatlarında ər-arvadın “əmlak ayrılığı” rejiminə üstünlük verilir. Bu, onlara digər tərəfin əmlakına mülkiyyət hüququnu əldə etmək imkanı vermir və ər-arvadın hər birinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmır. Bir sıra hallarda isə əmlakın ayrılmasının özünəməxsus xüsusiyyətləri də nəzərdə tutulur. Belə ki, Almaniya qanunvericiliyinə əsasən nikah dövründə əldə olunmuş əmlakın dəyərinin artması zamanı həmin əmlak “əmlak ayrılığı” rejiminə xitam verildiyi halda ər-arvadın hər birinə bərabər paylar şəklində məxsus olur.
Qeyd olunmalıdır ki, “əmlak ayrılığı” rejimi işləməyən evdar qadınların vəziyyətini əksər hallarda ağırlaşdırırdı. Bunun qarşısının alınması məqsədilə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif dövlətlərdə müəyyən obyektlər (cehiz və başlıq pulu) üçün xüsusi rejim nəzərdə tutulmuşdur. Nikaha xitam verilməsi halı üçün onların hüquqi taleyi barədə xüsusi qaydalar müəyyən olunurdu. Belə əmlak ölüm və boşanma hallarında qarantiya rolunda çıxış edirdi. Lakin bu institutlar müasir ailə münasibətlərində özünü doğrultmadı. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların, xüsusilə də evdar qadınların hüquqlarının təminatı üzrə əsaslı qarantiyalar nəzərdə tutmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqlara malikdir.
(ARDI VAR)
Üç nöqtə.-2014.- 5 iyun.- S.9.