Ümumi əmlakı ər-arvad birlikdə, yaxud
onlardan biri idarə edə
bilər
O bölünərkən
ər-arvadın ümumi
borcları onun payına uyğun olaraq müəyyənləşdirilir
Ailə Məcəlləsinin 34-cü maddəsinə müvafiq olaraq, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, “əmlak” termini təkcə əşyaları deyil, həmçinin ümumi əmlaka sərəncam verilməsi nəticəsində yaranan əmlak hüquqlarını, ər-arvadın öhdəliklərini də əhatə edir. Xatırladaq ki, borcların ər-arvadın ümumi əmlakına daxil olmasının mümkünlüyü ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hüquqşünas Aygün Hacıyevanın sözlərinə görə, borcların daxil edilməsi konsepsiyası Ailə Məcəlləsinin 37.3-cü maddəsində dolayısıyla öz əksini tapmışdır. “Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyənləşdirilir”. Onun fikrincə, bu mövqe ər-arvadın faktiki münasibətlərini real əks etdirir və onun mövcudluğunu ehtiva edir. Onun sözlərinə görə. ümumi əmlakı ər-arvad birlikdə, yaxud onlardan biri idarə edə bilər. Qanun ər-arvadın hər birinin istənilən vaxt əmlaklarının ümumi rejiminin xitam verilməsini tələb etmək hüququnu nəzərdə tutur. Bu, hüquq əmlakı idarə edən ər-arvada, həmçinin idarəetmədə iştirak etməyən ər-arvada da məxsusdur.
Ər-arvadın əmlak münasibətlərinin hüquqi rejimlərini araşdırarkən həm qanunvericilik normalarında, həm də məhkəmə təcrübəsində bir sıra çatışmazlıqların olduğu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsində əks olunmuş ümumi mülkiyyət hüququnun anlayışına nəzər yetirdikdə belə bir sual meydana çıxır: bir əşya eyni zamanda həm ümumi birgə, həm də ümumi paylı mülkiyyətdə ola bilərmi? Mülki Məcəllənin 213.2-ci maddəsi ümumi mülkiyyətin iki rejimini müəyyən edir: birgə və paylı. Lakin qeyd olunan norma əşyaya olan mülkiyyət hüququnun ikili rejiminin mümkünlüyü kimi praktik suala aydınlıq gətirmir.
Təsəvvür edək ki, mənzil bir neçə şəxsin ümumi paylı mülkiyyətindədir və həmmülkiyyətçilərdən biri öz payına olan mülkiyyət hüququnu B ilə rəsmi nikahda olan A-ya satır. A ilə B arasında nikah müqaviləsi bağlanmadığı üçün ikisindən birinin nikahda olduqları dövrdə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Alıcının arvadı olan B əri A-nın qeyd olunan alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Belə müqavilənin bağlanması nəticəsində əmlak bir neçə şəxsin mülkiyyətinə keçir və bu halda həmin şəxslərdən ikisinin mülkiyyətdəki payları (A və B) qeyri-müəyyən, digərlərinin payları isə müəyyən olur. Yəni, paylı və birgə mülkiyyətin qarışıq forması yaranmış olur. Mülki Məcəllənin 213-cü maddəsi isə bu vəziyyətə aydınlıq gətirə bilmir. Həmçinin qeyd olunmalıdır ki, mövcud vəziyyəti həmin hüququn qeydiyyatı problemi bir daha çətinləşdirir. Belə ki, mülkiyyət hüququnun hansı formasının qeydiyyata alınması qanunvericiliklə müəyyənləşdirilməmişdir. Qəbul olunmuş praktikaya əsasən ümumi paylı mülkiyyət onun payçılarının adına qeydiyyata alınır ki, qeyd olunan halda da paylardan birinin qeydiyyatı əsasən ərin (A-nın) adına həyata keçirilir. Bu isə əslində arvadın (B-nin) hüquqlarının pozulmasına səbəb olur.
Ailə münasibətləri zamanı ər-arvad arasında əqdlərin bağlanmasının mümkünlüyü ilə bağlı sual da maraq doğurur. Məlum olduğu kimi, ər-arvad yalnız ailə münasibətlərinin deyil, həm də mülki hüquq münasibətlərinin subyektidirlər. Onlar öz aralarında qanunla qadağan olunmayan istənilən əqd bağlaya bilərlər. Məsələn, ər-arvaddan biri vərəsəlik qaydasında əldə etdiyi mənzili digərinə sata bilər və s.
Ər-arvadın ümumi birgə mülkiyyətdə olan əmlakının onlardan birinin mülkiyyətinə keçməsi ilə əlaqədar məsələnin həlli mübahisə yaradır. Bu məsələ ilə bağlı müəlliflər arasında fikir ayrılığı mövcuddur. S.O.Pastuxova hesab edir ki, belə əqdlər etibarsız əqdlərdir. Digər mövqe tərəfdarlarının fikrinə görə isə burada heç bir puç əqddən söhbət gedə bilməz. Bizim fikrimizə görə, ər yaxud arvad ümumi birgə mülkiyyətdə olan ona məxsus əmlakı mülki hüquq subyektliliyindən istifadə edərək, digər tərəfin xeyrinə rəsmiləşdirə və ya güzəşt edə bilər. Onun bu cür hərəkəti mülki hüquqi nəticələrə səbəb olur.
Digər maraqlı məsələlərdən biri də ər-arvad tərəfindən hər hansı bir əmlakın ümumi paylı mülkiyyət şəklində əldə etməsinin mümkünlüyüdür. Məsələn, qanuni nikahda olan və nikah müqaviləsi bağlamayan A və B hər hansı bir əmlakı (məsələn, mənzil) əldə edirlər və istəyirlər ki, onlardan hər biri əldə edilmiş əmlaka olan mülkiyyət hüququna bərabər paya sahib olsunlar. Bir çox dövlətlərdə bu cür müqavilələr notariuslar tərəfindən rəsmiləşdirilir və daşınmaz əmlaka hüquqların qeydiyyatı orqanlarında qeydiyyatdan keçirilir. Bu da ərə (arvada) özünəməxsus olan paya digər tərəfin razılığı olmadan müstəqil şəkildə sərəncam səlahiyyəti verir. Fikrimizcə, bu təcrübə müsbət qiymətləndirilərək mülkiyyətçinin öz hüquqlarını mülahizəsinə əsasən həyata keçirməsi və mülkiyyət hüquqlarının müstəsnalığı qaydalarına uyğundur. Şərh edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericiliyə mülki hüququn digər subyektləri kimi ər-arvad arasında əqdlərin bağlanmasının mümkünlüyü, həmçinin ər-arvadın əmlak münasibətlərinin qarışıq və paylı rejimlərinin yaranması əsaslarını nəzərdə tutan normaların daxil edilməsi araşdırılan problemlərin həllinə kömək edərdi.
Mülkiyyət hüququnun mühüm bir hissəsi də vərəsəlik hüququdur. Vərəsəlik hüququ miras qoyanın ölümündən sonra onun əmlakının taleyi ilə bağlı yaranır. Mirasın bölünməsində bütün yaxın qohumlar iştirak edir və miras qoyanın iradəsindən asılı olmayaraq bir sıra şəxslər məcburi pay hüququna malik olurlar. Yəni ki, tutaq ki, mən evliyəm, iki uşağım və həyat yoldaşım var. Mən öldükdən sonra mənə məxsus olan əmlak, (məsələn ev, maşın və s.) iki övladım və həyat yoldaşım arasında bərabər şəkildə bölünəcək.
Mülkiyyətin başqa bir növü də əqli mülkiyyət hüququdur. Əqli mülkiyyət özü də iki yerə bölünür: Müəlliflik və patent hüquqları Müəlliflik hüququ – misal üçün siz kitab yazmışsınız və belə bu zaman bu kitaba sizin müəlliflik hüququnuz yaranır. Müəlliflik hüququ şəxslər üçün ömürlükdür. O öldükdən sonra onun vərəsələri üçün 50 il müddətinə tanınır. Patent hüququ- misal üçün siz yeni bir kimyəvi maddə ixtira etmişsiniz. Bu zaman sizin patent hüququnuz yaranır. Bu hüquq konkret fərd üçün 20 il müddətə qüvvədə olur.
Mülkiyyətdən bu qədər danışdıq. Sual yarana bilər ki, mülkiyyət sözü özündə nələri birləşdirir. Mülkiyyət dedikdə əşya və əmlak başa düşülür. Əmlak daşınar və daşınmaz ola bilər. Daşınar əmlak o deməkdir ki, əşyanın yerini dəyişəndə öz xüsusiyyətini itirmir. Məsələn maşın daşınar əmlak hesab edilir. Daşınmaz əmlak isə bir yerdən başqa yerə aparılan zaman öz xüsusiyyətini itirən əmlak başa düşülür. Məsələn ev daşınmaz əmlak hesab edilir.
Mülkiyyət hüququnun təminatı: Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına əlavə edilmiş 1 saylı Protokolda göstərilib. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Əgər hansısa insanın mülkiyyət
hüququ pozularsa bu zaman qanunda
nəzərdə tutulmuş müdafiə
vasitələrindən istifadə edərək öz hüququn bərpası
üçün müəyyən işlər
görməlidir. Misal üçün
Konstitusiyamızda göstərilir ki, Heç kəs məhkəmənin qərarı
olmadan mülkiyyətindən məhrum
edilə bilməz. Yəni misal üçün kimsə heç
bir səbəb olmadan
sizin maşınınızı əlinizdən
alıb. Belə olan halda
siz məhkəməyə müraciət
edə və mülkiyyət hüququnuzun
pozuntusunun tanınmasını tələb
edə bilərsiniz. Qeyd edim
ki, kiminsə əmlakının tam müsadirəsinə yol
verilmir. Əgər dövlət
ehtiyacları və ya ictimai
ehtiyaclar üçün
mülkiyyətin özgəninkiləşdirilməsinə
yalnız qabaqcadan onun
dəyərini ədalətli ödəmək şərti ilə
yol verilə bilər. Misal
üçün dövlət yeni bir bina
tikmək istəyir və yaxud da sizin binanız
yararsız hala düşüb.
Buna görə də dövlət bu binanı sökmək istəyir. Belə olan halda
dövlət həmin eviniz üçün ədalətli kompensasiya ödəməlidir. Ədalətli kompensasiya dedikdə , yəni ki
ev alınarkən mövcud
olan bazar qiymətinə
uyğun olaraq
mülkiyyətçiyə pul verilməlidir
ki, həmin şəxs də həmin pulla özünə ev ala bilər.
Üç nöqtə.-2014.- 6 iyun.-
S.9.