Uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir

 

Onlar iqtisadi, sosial, mədəni hətta siyasi hüquqlara malikdir

 

«Azərbaycan müstəqilliyini qazandıqdan bir neçə ay sonra Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya edib. Bu konvensiyanı ratifikasiya etməklə, Azərbaycan bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etdi». Bu fikirləri YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard deyib.

M.Herevard bildirib ki, ötən illər ərzində YUNİSEF Milli Məclis ilə sıx əməkdaşlıq edib, yüksək nəticələr əldə olunub və uşaqların vəziyyəti xeyli yaxşılaşıb. Onun sözlərinə görə, Milli Məclis Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görüb.

M.Herevard bundan sonra da YUNİSEF-in uşaq hüquqlarının qorunması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Azərbaycan tərəfi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki,Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqnlara malik olmasını vurğulayır. Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər: 1.İnkişaf hüquqları – bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikirdin hüquqları aiddir. 2. Müdafiə hüquqları – bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri əhatə edir.3. İştirak hüquqları – bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək. 4.Yaşamaq hüquqları – bunlara uşaqların yaşamaqbunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qidatibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.

Azərbaycan bu konvensiyaya qoşulmaqla şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, Respublika ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etməklə yanaşı, 2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan Respublikasının Prezidenti bu konvensiyanın «Uşaqların silahlı münaqişəyə cəlb olunması» və «Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası» üzrə Fakültativ Protokollarını imzalayıb.

Xatırladaq ki, 1993-cü ildə ölkəmiz «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulmuşdur. 2002-ci ilin mayında Azərbaycanın nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirak edib. 2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının «Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi» haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyasına qoşulub. Respublikamızda uşaqların sosialhüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunvericinormativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də «İnsan hüquqları haqqında» Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikasının Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli və beynəlxalq qanunvericiliknormativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır. Dövlət Komitəsinin yaradılmasına qədər ölkəmizdə uşaqların maraqları naminə çalışan müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək üçün Gənclər, İdmanTurizm Nazirliyinin (hazırda Gənclər və İdman Nazirliyi) nəzdində Uşaq məsələləri üzrə Respublika Koordinasiya Şurası yaradılıb.. Şura mütəmadi olaraq uşaq hüquqlarının müdafiəsi ilə bağlı aktual problemlərə baxmış və müvafiq tövsiyələr vermişdir. Şura tərəfindən xüsusi diqqət yetirilmiş problemlər sırasında küçə uşaqlarının vəziyyəti, ölkədə uşaq evlərinə alternativ qayğı sisteminin yaradılması, uşaqların istirahət və asudə vaxtlarının düzgün təşkil olunması kimi məsələləri göstərmək olar.

Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə ölkə hökuməti ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıb. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmış, proqramın əvvəlində 1 və 2-ci sinif, sonunda isə 10-cu sinfə qədər məktəblilər üçün dərsliklərin pulsuz təmin olunması, dərs proqramlarının təkmilləşdirilməsi, yeni məktəblərin tikintisi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu istiqamətdə başlanan işlərin “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı (2006-2015)” çərçivəsində davam etdirilməsi nəzərdə tutulub.

 

(ardı var)

 

Üç nöqtə.-2014.- 7 iyun.- S.9.