Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlara dəstək
Onlar ödənişli əsaslarla
təhsil aldıqları
müddətdə təhsil
haqqı dövlət
büdcəsinin vəsaiti
hesabına ödənilir
Son dövrlərdə uşaq hüquqlarının təbliği sahəsində də mühüm işlər görülür. Bu məqsədlə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi”nin həyata keçirilməsi üzrə tədbirlər planı, yetkinlik yaşına çatmayanlara münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsi üzrə beynəlxalq hüquqi sənəd – «Pekin qaydaları» Azərbaycan dilinə tərcümə olunub və rayonlar üzrə yayılıb. Bundan başqa, BMT Baş Assambleyasının «Uşaqlar üçün yararlı dünya» qətnaməsinin əsasında duran 10 prinsipin təbliğ edilməsi və yayılması üçün geniş kompaniya aparılıb. Kompaniyanın gedişində uşaqların fəal iştirakı ilə geniş tədbirlər (ekspress sorğular) keçirilib.Bununla yanaşı, dövlət tədris müəssisələri və QHT-lər uşaqlar arasında onların hüquqlarının aydınlaşdırılması və qəddar rəftara və ya alçaldılmaya məruz qalmaq ehtimalını azaltmaq ilə bağlı maarifləndirmə işləri aparılıb. Ümumiyyətlə, Azərbaycan Hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün, Azərbaycan Respublikasının «Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanunu (22.06.1999) qəbul edilib. Bundan başqa, “Təhsil haqqında” qanuna dəyişikliklər edidlib. Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlıdır. Dəyişiklik “Təhsil haqqında” qanunun “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edilib. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn «himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 180 min manat müavinət verilsin; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsili müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında» 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına şərti maliyyə vahidinin 25 misli miqdarında mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin «Təhsil xərcləri» bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bu barədəı bildirib: “Biz bu məsələni qanunvericiliklə tənzimləmək qərarına gəldik. Bununla həmin uşaqlar istənilən ali məktəbə əgər ödənişli əsaslarla qəbul olunarsa, onun təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Nəzərə alsaq ki, artıq mövcud qanunvericiliyə görə həmin uşaqlar ali məktəbə daxil olursa, onların 23 yaşına qədər uşaq evində qalmaq hüquqları var. Artıq biz onları ali təhsil ödənişindən azad etməklə onlara ikiqat dəstək vermiş oluruq”.
“Ümidli gələcək” Gənclər Birliyinin sədri Nabil Seyidov isə bununla bağlı bildirib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin, cəmiyyətin və valideynlərin qayğısı ilə əhatə olunmalıdır: “ Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəyə ehtiyacı var. Bu uşaqlar üçün müəssisələr – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı, təhsil və tərbiyə aldığı təhsil müəssisələri fəaliyyət göstərir. Eləcə də, uşaqların sosial müdafiəsi müəssisələri, uşaq evləri fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar var ”.
Onun sözlərinə görə, dərsliklər və tədris planının keyfiyyətinin artırılması da əsas məsələlərdən biri olmalıdır. «Biz anlamalıyıq ki, məktəb instituta tələbə hazırlamır, müstəqil həyata hazırlayır. Mütləq deyil ki, məktəbi bitirən uşaq instituta daxil olsun. Amma uşaq məktəbdə keyfiyyətli təhsil almalıdır. Savadlı olmalı və həyatın istənilən sahəsinə dair məlumatı olmalıdır. Orta məktəbi bitirənlər bank kartlarından istifadə, puldan necə istifadə etmə, ailə qurma, peşə seçimi, maliyyə institutlarından istifadə, biznes qurma və ya sahibkarlıq bacarıqlarına yiyələnməmiş olur. Uşaqlara bu kimi bacarıqlar aşılanmalıdır. Ən əsası Azərbaycan təhsilində uşaqların sərbəst fikir söyləməsi və müxtəlif mövzular ətrafında müzakirələrin aparılması bacarıqlarının aşılanmasına, müasir iqtisadi, siyasi və sosial bilik və bacarıqların öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Liseylərdə təhsil alanlar daha sərbəstdirlər, məktəblərin şagirdləri isə fikrini utana-utana deyirlər”.
Xüsusi qayğıya ehtiyacı olan digər kateqoriyalı uşaqlarla – küçə uşaqları ilə reabilitasiya işinin aparılması üçün də müəyyən addımlar atılıb. UNICEF-lə əməkdaşlıq nəticəsində 16 mütəxəssis «küçə uşaqları» ilə işləmək üçün treninq keçiblər. Onların iştirakı ilə 2003-cü ilin yayında birbaşa olaraq küçə şərtlərində reabilitasiya işlərinin aparılması üçün metod və formalar işlənib. Hal-hazırda bu uşaqlar idman seksiyalarında və artstudiyalarda məşqlərə cəlb olunurlar.
Üç nöqtə.-2014.- 10 iyun.-
S.9.