Sağlamlıq imkanları məhdud
18 yaşınadək uşağa
aylıq sosial müavinət ödənilir
Onlar üçün Uşaq Bərpa Mərkəzləri
fəaliyyət göstərir
Azərbaycanda sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqlar sosial sığınacaqla təmin ediləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın tikinti işlərinin cari ilin ikinci yarısında başa çatdırılması nəzərə tutulur.
Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılmasına xidmət edir. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq isə çətin həyat şəraitinə düşmüş, sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqları müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edəcək. Sosial müdafiə əhəmiyyətli digər yeni sosial layihə kimi, hazırda Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa olunur. Mərkəzdə qeyd olunan şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq işlər aparılacaq.
Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. «Hazırda ƏƏSMN-nin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir»,-əmək və əhalinin sosmsial müdafiəsi naziri Səlim Müslümov deyib.
Azərbaycan Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli Sərəncamı bu qəbildən olan uşaqlara diqqət və qayğının növbəti təzahürü olub. Sərəncama əsasən, ƏƏSMN-nin sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir.
BƏT-in ölkəmiz tərəfindən ratifikasiya edilmiş bir sıra Konvensiyalarına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş, həmçinin yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri, onlar üçün müvafiq təminatlar nəzərdə tutulub. Əmək fəaliyyəti üçün minimum yaşdan aşağı yaşda olan uşaqların hər hansı ödənişli işlərə cəlb olunmasına, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə uşağın onu fiziki, əqli və mənəvi baxımdan təhlükə altına qoyan əməyə cəlb olunmasına, ümumən uşaq əməyinin ən pis formalarına qarşı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məqsədyönlü tədbirlər görülür.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Bakı Uşaq Bərpa Mərkəzində 1254 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 123 nəfər, ümumilikdə 1377 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib. Bərpa-müalicə prosedurlarından sonra həmin uşaqlardan 115 nəfərinin səhhətində yaxşılaşma, 1256 nəfərinin səhhətində nisbi yaxşılaşma qeydə alınıb. Hər iki bərpa mərkəzində bərpa-müalicə prosedurları ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsi məqsədilə onlarla tədris metodikaları həyata keçirilir, onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks işlər görülür. Həmçinin əmək terapiyası üzrə məqsədyönlü məşğələlər şəraitində həmin uşaqlara müəyyən əmək bacarıqları və vərdişləri aşılanır. Görülən işlər isə müsbət nəticələrini verir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -”Qaynar Xətt”inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayı ərzində 3 dəfəyə yaxın azalaraq 35-ə enib. Nazirliyin digər fəaliyyət sahələri ilə bağlı müraciətlərin sayı da azalmaqda davam edib. Belə ki, bu ilin may ayında 142 -”Qaynar Xətt”ə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 368 müraciət daxil olub ki, bu da müqayisə olunan dövrə nisbətən 34 faiz azdır. Həmçinin müraciətlərin sayı məşğulluqla bağlı 52,8 faiz azalaraq 17-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 34,4 faiz azalaraq 21-ə düşüb.
Bildirək ki, yüalnız əlil uşaqlar diqqət mərkəzində deyil. Ailə başçısını itirmiş uşaqlar da dövlət qayğısı ilə əhatə olub. Məsələn, ailə başçısını itirmiş 39 342 nəfər uşağa və 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.
Azərbaycan Respublikası Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə 01 yanvar 2014-cü il tarixdən ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Cari ilin 1 may tarixinə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdən çoxdur.
Qeyd edək ki, qanunla ziddiyyətdə olan uşaqlarla işin aparılması istiqamətində də ölkə hökuməti tərəfindən beynəlxalq təşkilatların dəstəyi ilə mühüm işlər görülüb. Son illərdə qanun pozuntusu törətmiş və təcridxanalarda yerləşən uşaqların məişət və sosial həyat şərtləri əhəmiyyətli dərəcədə dəyişib. Bu tip təcridxanalarda fəaliyyət göstərən himayəçilərin ictimai şurasının dəstəyi ilə qanunla ziddiyyətdə olan uşaqların «adi» tədris müəssisələrinin uşaqları ilə birgə yarışmaları və turnirləri keçirilib. Həmçinin, uşaq məhkumların reabilitasiyası üçün artdərnəklərin (dram, xor, rəqs) fəaliyyətindən geniş istifadə olunur. Təcridxanalarda olan uşaqlar mütəmadi olaraq Prezidentin əfv fərmanlarına salınırlar.
Üç nöqtə.-2014.- 12 iyun.- S.9.