Boşanma-evli tərəflər arasında ailə ilə bağlı
və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır
Bu proses ailənin dağılması
kimi də tanınır
Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Ailə Məcəlləsindən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. Ailə Məcəlləsində yer alan maddələrdən biri də nikaha xitam verilməsi ilə bağlıdır. Yəni boşanma ilə bağlıldır. Boşanma-evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün məhkəmə ya digər rəsmi orqanın qərarı tələb olunur. Hüquqşünas Aydın Əliyev bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə də boşanma proseduru sadə olduğunu bildirir. Belə ki, tərəflərdən biri boşanma iddiası ilə məhkəməyə müraciət edərsə və məhkəmə nikahın davam etdirilməsinin mümkün olmaması barədə qənaətə gələrsə, boşanma qərarı verilir. Tərəflərdən birinin boşanmaq istəmədiyi və ya məhkəməyə gəlmədiyi təqdirdə boşanma prosesi 3 ay müddətinə təxirə salınır. Bu 3 ay müddətində razılıq əldə edilmirsə, məhkəmə iddiaçı tərəfin mövqeyini əsas götürür. Yəni bu zaman qarşı tərəfin məhkəməyə gəlib-gəlməməsi və ya fikri vacib sayılmır. Əliyev qeyd edir ki, tərəflərin boşanması məhkəməyə müraciət edilmədən də həyata keçirilə bilər. Lakin həmsöhbətimiz bunun üçün müəyyən şərtlərin olmasının vacibliyini vurğulayır: “Belə ki, ailədə yetkinlik yaşına çatmayan uşaq olmamalı, eyni zamanda əmlak mübahisəsi qeydə alınmamalıdır”. Yəni, ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqalrı yoxdursa, və yaxud uşaqlar 18 yaşına çatıbsa, o halda nikahı pozmaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır. Onlar nikahın pozulması haqda VVAQ orqanına ərizə təqdim Etməlidirlər. Hüquqşünasın sözlərinə görə, bu ərizədə onlar yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təstiq etməyə borcludurlar. Bu şərtlər olduğu zaman hər iki tərəf nikahın qeydiyyata alındığı şöbəyə gedir və orada nikaha xitam verilir.
Aydın Əliyevin sözlərinə görə, nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz də əlavə edilməlidir. Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ayrı-ayrı ərizələrini təqdim edir. Gəlməmiş tərəfin imzasının həqiqiliyi onun yaşadığı yerin VVADQ otqanı və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təstiq edilməlidir. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının hüdudlarından kanarda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamə verilir. Ər-arvaqddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətam olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. Hüquqşünas bildirdi ki, ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Ailədə yetkinlik yaşına çatmayan uşaq olduqda, eyni zamanda əmlak mübahisəsi qeydə alındıqda boşanma məhkəmə tərəfindən həyata keçirilir. “Çünki məhkəmə uşağın kimin himayəsində qalmasını, onun aliment məsələsi barədə qərar çıxarmalıdır”,- o deyir.
Aydın Əliyev boşanma prosesinin hər iki tərəfin razılığı olduğu halda 1 aya qədər yekunlaşa biləcəyini söylədi. Bununla belə, o, aliment, əmlakla bağlı problemlərə görə boşanma prosesinin 4-5 ay çəkdiyini bildirdi. Onun sözlərinə görə, aliment ödənilməsi barədə valideynlər öz aralarında razılıq əldə edib bu barədə saziş bağlaya bilərlər. Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur. Qeyd edək ki, alimentin ödənilməsi barədə saziş alimenti ödəməli olan şəxslə alimenti alan şəxs arasında yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə malik olur. Sənəddə alimentin miqdarı, ödənilmə qaydası və şərtləri əksini tapmalıdır. Saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat qaydasında təsdiq edilməklə. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etmək və onun şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Hüquqşünasın sözlərinə görə, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə edilmədikdə bu barədə məhkəmə qarşısında iddia qaldırmaq olar. Aliment almaq hüququ olan şəxs (ər ya arvad) nikahın pozulduğu vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin qarşı tərəfin aliment ödəməkdən boyun qaçırmasını müəyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir: 1 uşağa görə – qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla da bilər. Şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və başqa gəlirlərindən aliment tutmağa və əmək haqqı (başqa gəlir) verilən gündən ən geci 3 gün müddətində aliment alan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında qətnamənin icra olunduğu yerdə məhkəmə icraçısına və aliment alan şəxsə 3 gün müddətində məlumat verməlidir.
(ardı
var)
Üç nöqtə.-2014.- 26 iyun.- S. 9.