Azərbaycan İncəsənətinin zəngin muğamı, musiqisi var

 

Aygün Bayramova: “Mən çox xoşbəxtəm ki, dahi insanların qarşısında ifa etmişəm”

 

Azərbaycan muğam sənətində səsi, ifası ilə tamaşaçıların qəlbinə yol tapan xanəndələrdən biri də xalq artisti Aygün Bayramovadır. Şövkət Ələkbərovanın, Arif Babayevin layiqli tələbəsi kimi tanınan xanəndə bu dəfə “Şənbə qonağı”mızdır. Xanəndə ilə müsahibəni sizlərə təqdim edirik.

- Muğam sənəti sizin üçün nə deməkdir?

Aygün Bayramova: Muğam mənim üçün hər şey deməkdir. Bu sənəti təsadüfən seçməmişəm. 8-9 yaşım olanda “Qarabağ bülbülləri”ansamblında iştirak etmişəm. Orada mənə dedilər ki, sənin çox gözəl səsin və gələcəyin var. İstedadım məni böyük səhnlərə gətirdi.

- İlk dəfə harada ifa etmisiz və nə vaxt?

B.Aygün: Ağdam rayonunda Mədəniyyət Sarayında çıxış etmişəm. O vaxt balaca qız idim. Mədəniyyət sarayının rəhbərliyi mənə və yaxınlarıma təşəkkür bildirdi ki, belə balaca qızın yaxşı səsinin olması rayonumuzun fəxridir.

- Məktəb illəriniz necə keçib?

B. Aygün: Ağdam rayon orta məktəbini bitirmişəm. Məktəbdə nümunəvi şagird olmuşam. Yaxşı oxumuşam. Müəllimlərim məni başqa şagirdlərdən seçiblər. Bir gün sinifdə gələcəkdə hansı sənət sahibi olmağımız haqda imla yazırdıq. Mən yazdım ki, inşallah Azərbaycan Milli Konservatoriyasına daxil olmaq istəyirəm. Konservatoriyadan əvvəl Musiqi Məktəbinə daxil oldum. O zaman Ulu Öndərimiz Heydər Əliyev fərman imzaladı ki, rayonlardan istedadlı uşaqlar seçilib, Bakı şəhərinə gətirilsin. Arif Babayev, İslam Rzayev, Şövkət Məmmədov kimil dahi sənətkarlarımız münsiflər heyətində əyləşmişdilər. Müsabiqədə iştirak etdim. Münsiflər heyəti tərəfindən seçildim. Bakıya gəldim. Məni Asəf Zeynallı adına Musiqi Kollecinə göndərdilər. Orada Şövkət Ələkbərovanın sinfinə qəbul oldum. Mənim üçün iki qat sevinc oldu ki, müsabiqədə qarşısında iştirak etdiyim Şövkət xanımın sinfindəyəm. Şövkət xanım məni görəndə, istedadıma bələd olduğunu bildirdi. Kolleci bitirdikdən sonra Musiqi Akademiyasına qəbul oldum. Burada ustadım Arif Babayev oldu.

- Pedaqoji fəaliyyətlə məşğul olursunuz. Sənətlə birlikdə tələbələrinizə həyatda necə insan olmalarını tövsiyyə edirsiniz?

B. Aygün: Tələbəlik vaxtlarımdan Şövkət xanımın təlbələrinə necə münasibət göstərdiyini görürdüm. Necə davranır? Necə maraqlanır? Biz valideynlərimizdən kənar yaşayırdıq. Kirayə yaşadığımız ev şəraiti ilə maraqlanırdı. Müəllim olmaq olar. Amma gözəl insan olmaq lazımdır. Bu hər kəsə nəsib olan bir şey deyil. Bu insanın daxilindən gəlməlidir. Şövkət xanımın evinə gedəndə, onun yerişindən hiss edirdim ki, bu gün qapını o açacaq. Doğrudan da, elə olurdu. Bizi çox gözəl qarşılayırdı. Evə daxil olan kimi dərsdən, yoxsa evdən gəldiyimizi soruşurdu. Düşünürdü ki, dərsdən gələn zaman ac-susuz ola bilərik. Bu insan hər bir adamla maraqlanırdı. Sənəti ilə bərabər çox gözəl ürəyə sahib insan idi. Müəllimlərimdən belə qayğı görmüşəm. Mən də çalışıram ki, tələbələrimə belə münasibət göstərim. Mənim də kirayədə yaşayan tələləbələrim var. Soruşuram hansısa ehtiyacları varmı? Ehtiyacları olan zaman çəkinmədən mənə bildirsinlər. Sənətimlə yanaşı, əlimdən gələni tələbələrim üçün əsirgəmirəm.

- Sizin üçün bu sənətin çətin tərəfləri hansılardır?

B. Aygün: Bu sənət çox gözəl sənətdir. Hərdən insanlar mənə çox xoşbəxtsiniz, səhnədəsiniz kimi sözlər deyirlər. Onlar sənətin çətin tərəflərini bilmirlər. Bu sənətin içərisində olmayan insan çətinlikləri duya bilməz. Sənətin gözəllikləri ilə bərabər, çətinlikləri də az deyil.Tamaşaçılar sənətin gözəl tərəflərini görürlər. Makyaj, gözəl saç düzümü, ifa. Sənətim üçün çox əmək və zəhmət çəkmişəm. Tamaşaçı qarşısında gözəl iştirak etmək üçün əlimdən gələni etmişəm və edirəm. Efirdə hər bir sənət adamı gözəl görünməlidir. Mən heç vaxt efirə gedən zaman saç düzümümü, makyajımı özüm etmirəm. Bu sənətin sahibiyəmsə, bu sənətə gəlmişəmsə, hər şey yüksək səviyyədə olmalıdır. Bu vaxta qədər tamaşaçı sevgisini qazanmışam. Bəzən efirlərə az çıxdığım zaman mənə Xarici ölkələrdən zəng edirlər. Efirdə az göründüyümü deyirlər. Mən efirə tez-tez çıxmağı sevmirəm. Arada istəyirəm ki, tamaşaçı mənim üçün darıxsın. Amma çalışıram ki, tamaşaçını da çox intizarda saxlamayım. Bu sənətə gəldiyim zamandan tamaşaçı qaşısına yaxşı ifalarla çıxmağa çalışmışam. Tamaşaçını həmişə sənətinlə yaxşı mənada təəccübləndirməlisən.

- Xarici ölkələrdə ifa zamanı Azərbaycanlı kimi hansı hissləri keçirirsiniz?

B. Aygün: 25-dən çox ölkədə qastrol səfərdə olmuşam. Fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bu torpaqda dünyaya gəlmişəm. Həmişə çalışıram ki, Azərbaycan musiqisini Xarici ölkələrdə layiqincə təmsil edim. Bir çox ölkələrdə muğam sənəti var. Bizim muğamımızi kimi mükəmməl səviyyədə deyil. İranda, Hindistanda, Əfqanıstanda, Özbəkistanda və bir çox ölkələrdə muğam var. Bir çox ölkələrin muğamına qulaq asmışam. Onlara 10 dəqiqədən artıq qulaq asmaq olmur. Bizim muğamımız çox zəngindir. Axırıncı səfərim Fransanın bir neçə şəhərlərində Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin yubileyləri zaman baş tutdu. O konsertdə musiqimiz, muğamımız səslənəndə, mən fəxr etdim ki, Azərbaycan İncəsənətinin zəngin muğamı, musiqisi var. Musiqilərimiz hamısı gözəldir. Amma muğamımıza, xalq musiqimizə heç bir şey çatmaz.

- Nə vaxtsa bu sənətə gəldiyiniz üçün peşman olmusuz?

B. Aygün: Sənətə gəlməyimə heç vaxt peşman olmamışam. Hər bir sənət adamına olan qayğını mən də görmüşəm. Bir gün konsertlərin birində Ulu Öndərimiz Heydər Əliyev iştirak edirdi. Çöx böyük dahi şəxsiyyət idi. Səhnədə kimin ifası yaxşı olan zaman onu həmişə vurğulayırdı. Həmin gün mənim ifa etdiyim musiqinin çox gözəl olduğunu bildirdi. Bu mənim üçün stimul oldu. Hiss etdim ki, mənim sənətinə qiymət verilir. Sənətə gəldiyim üçün çox sevindim. O vaxt fərman imzalanmasaydı, rayonlardan istedadlı uşaqları gətirməsəydilər bəlkə də, başqa bir sənətin dalınca gedərdim. Nə yaxşı ki, müsabiqə oldu, bu sənətə gəldim. Mən çox xoşbəxtəm ki, dahi insanların qarşısında ifa etmişəm.

- Sənətinizdə əziyyət çox çəkmisiz?

B. Aygün: Allah mənə istedadı bəxş edib. İnsan istedadla birlikdə ağıl, sahib olduğu hər hansı bir şeyin dəyərini bilmək lazımdır. Bəzən ifaçılar görürsən ki, gözəl səsi var. Səsinin qədrini bilmir. Dəfələrlə bir neçə insana səsinin qiymətini bilməsini məsləhət etmişəm. Eləsi var başa düşür, eləsi var başa düşmür. Uşaq vaxtından mən zəhmətlər görmüşəm. Bu gün nail olduqlarımı öz zəhmətimlə qazanmışam. Ailəmizin kiçik övladı olaraq, çox illərdən sonra Bakıda yaşamağı öyrəndim. Tətillər olan kimi evimizə gedirdim. Axırda atam mənə dedi ki, Asəf Zeynallıdan səni çıxaracaqlar. Ailəm üçün çox darıxırdım. Rayona gedəndə sevmədiyim bir söz var idi ki, məndən soruşurdular. Neçə gün qalacaqsan? Onlar sadəcə nə qədər qalacağımı bilmək istəyirdilər. Deyirdim ki, neynirsiz gedəndə gedəcəm.O illərdən bu günə qədər çox zəhmətlər görmüşəm. Heç nə mənim üçün asan olmayıb. Zəhmətimin bəhrəsini görən zaman mənim üçün çox xoş olub.

- Bu günkü həyatınızdan razısız?

B. Aygün: Həyatımdan çox razıyam. Bir neçə yerdə müəllimə kimi fəaliyyət göstərirəm. Tələbələrimlə işləmək mənim üçün çox xoş olur. Həmişə auditoriyaya daxil olanda, tələbəlik illərim yadıma düşür. Arif Babayev tələbələrlə çox ciddi məşğul olurdı. Vaxtından əvvəl dərsə gəlirdi. Tələbənin ondan sonra dərsə daxil olmasını xoşlamırdı. Hazırda da Arif müəllim tələbələri ilə çox ciddi məşğul olur. Birdən deyirdik ki, Arif müəllim boğazımız ağrıyır. Bu gün oxumayaq. Deyirdi ki, mən səni efirə çıxartmıram, səsini lentə yazmıram oxumalısan. Şövkət xanım da tələbkar müəllimə idi. Mənə ifa etməyi deyəndə, Şövkət xanım olar axırda oxuyum ifadəsini işlədərdim. Sonra mənə deyərdi ki, səni başa düşmüşəm. Sən axırda ona görə oxuyursan ki, özün üçün nə isə götürəsən. Ona görə özümü xoşbəxt sayıram ki, belə sənətkarları tanımışam. Onlar əvəzi olmayan sənətkarlardırlar.

- Sənətdə yaxın dostlarınız kimlərdir?

B.Aygün: Mənsum İbrahimovdur. Mənsum müəllimlə həm də ailəvi dostluğumuz var. Mənim tərəf müqabilimdir. Bir neçə yaxın dostlarım var. Dost çox olmur. Ünsiyyət saxladığımız insanlar var. Ünsiyyətlə dostluğu səhv salmaq olmaz. Əsl dostluqlar çox az olur.

- Gənc muğam ifaçılarına nə tövsiyyə edərsiniz?

B. Aygün: Sənətə qarşı ciddi olsunlar. Sənətlərindən yaxşı istifadə etməyi bacarsınlar. Məsuliyyətli olsunlar. Sənətlarinə biganə yanaşmasınlar.

- Tamaşaçılarınızı hansı yeniliklər gözləyir?

B. Aygün: Yeni mahnılarım var. İnşallah albom çıxaracam.

Bitirdiyiniz universitet: Musiqi akademiyası.

Bildiyiniz dillər: Rus və bir az ingilis.

Hobbiniz: Musiqiyə qulaq asmaq.

Alışqanlığınız: Alışqanlığım yoxdur.

Kariyera xəyallarınız: Aktrisa kimi dramatik rola çəkilmək.

Sevdiyiniz şəhər: Los-Andjeles.

Sevdiyiniz aktyor və aktrisa: Sofe loren, yaşar nuri, hökümə abdullayeva.

Yaxınlarınıza bağışladığımnız hədiyyə: Qızıl əşyası.

 

Rəqsanə Həsənova

Üç nöqtə.-2014.- 1 mart .- S.13