Orta ümumtəhsil məktəblərində də hüquqi maarifləndirmə gücləndirilir
Ahıllar öz yaşayış
yerini, həmçinin
harada və kiminlə yaşamağı
seçmək imkanına
malik olmalıdırlar
İnsan hüquqlarına dair keçirilən müxtəlif məzmunlu treninqlər, seminarlar, konfranslar, dəyirmi masalar, beynəlxalq konvensiyalar bu sahədə problemlərin həllinə xidmət edir. Uşaqlara, əlillərə, qadınlara, ahıllara, hərbi qulluqçulara, qaçqın və məcburi köçkünlərə, məhkumlara ünvanlanan, QİÇS və narkomaniyaya qarşı mübarizəni təbliğ edən tədbirlər təsisat tərəfindən geniş miqyasda, əhatəli və planlı şəkildə təşkil olunmuşdur. Hüquqi maarifləndirmədə böyük önəm kəsb edən insan hüquqları sahəsində təhsil ali təhsil müəssisələrində və orta ümumtəhsil məktəblərində inkişaf etdirilmişdir.
Bakı Dövlət Universitetinin hüquq fakültəsində “İnsan hüquqları” və “Genderə giriş” fənləri proqram əsasında bakalavr və magistr səviyyələrində tədris olunmaqdadır. Həmin fakültənin magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlanır. Milli Fəaliyyət Proqramının müddəaları, BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan hüquqları sahəsində maarifləndirmə” və “İnsan hüquqları sahəsində təhsil”, habelə UNESCO-nun “Davamlı inkişaf naminə təhsil” onillikləri əsasında başlanmış, Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta məktəblərdə həyata keçirilən “Uşaq hüquqları üzrə pilləli tədris Proqramı” dördüncü ildir ki, genişləndirilməklə Bakıda və ölkənin regionlarında tətbiq olunmaqdadır.
Həmin Proqramın yekunlarına və əldə edilmiş müsbət təcrübəyə uyğun Bakıda və respublikanın regionlarında orta ümumtəhsil məktəblərində formalaşdırılan “Uşaq hüquqlarının tədrisi” mərkəzləri yaradılmış, hazırlanmış tədris vəsaitləri əsasında uşaqlara ünvanlanan xüsusi hüquqi təhsilin əsası qoyulmuşdur.
Ali təhsil müəssisələrindəki hüquq klinikaları ilə əməkdaşlığa, əhaliyə pulsuz hüquqi xidmətlər göstərilməsinə, hüquq mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilməkdədir. Müvəkkilin təşəbbüsü ilə beynəlxalq təşkilatlar və Uşaq hüquqları üzrə QHT Alyansı ilə əməkdaşlıqda yaradılan “Uşaq hüquqları klinikası” uğurla fəaliyyət göstərir.
İnsan hüquqları sahəsində ixtisasartırma və peşəkarlığın artırılması məqsədilə təsisatda yaradılmış «İnsan hüquqları sahəsində xüsusi qısamüddətli təhsil şəbəkəsi»ndə Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Qafqaz Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Dillər Universitetində hüquqşünas və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələr müntəzəm olaraq istehsalat təcrübəsi keçirlər.
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki «Liderlik məktəbi»ndə uşaq, yeniyetmə və gənclərin insan hüquqları sahəsində məlumatlandırılması işi davam etdirilmişdir.
Gender bərabərliyi, qadınlara qarşı zorakılıq, məişət zorakılığı məsələlərinə dair müzakirələr təşkil edilmişdir. Məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə maarifləndirmə işi davam etdirilmiş, məktəb və məktəbəqədər müəssisələrdə tədbirlər təşkil edilmiş, görüşlər keçirilmişdir.
Hərbi hissə və birləşmələrə baxışlar zamanı şəxsi heyətlə görüşlər, o cümlədən maarifləndirmə tədbirləri keçirilmiş, andiçmə mərasimlərində iştirak edilərək gənc əsgərlərə tövsiyələr verilmişdir. Məhkumları əhatə edən tədbirlər əsasən penitensiar müəssisələrə baxışlardan, məhkumlarla fərdi söhbətlərdən, onlara hüquqlarının izah edilməsindən və hüquqi məsləhətlər verilməsindən, habelə qadın və yeniyetmə məhkumlarla keçirilmiş görüşlərdən ibarət olmuşdur.
Hüquqi maarifləndirmənin səmərəliliyinin artırılması məqsədilə təsisat tərəfindən hazırlanmış müxtəlif hüquqi nəşrlər, tematik lifletlər, məcmuələr, broşürlər, kitabçalar və yaddaş vərəqələri tədbirlərdə əhali arasında yayılmışdır.
Müvəkkilin təşəbbüsü ilə 20-dən artıq kitab, dərslik və dərs vəsaitləri xarici dillərdən Azərbaycan dilinə tərcümə olunmuş və praktiki vəsaitlər kimi geniş oxucu auditoriyası arasında yayılmış, ixtisaslaşmış kitabxanalara təqdim olunmuşdur. Milli Fəaliyyət Proqramının icrası ilə bağlı Müvəkkil tərəfindən təşkil edilmiş tədbirlərdə qadınların təhsil, sağlamlığın qorunması, o cümlədən reproduktiv sağlamlıq hüquqlarının təmini və təbliği işinə geniş yer verilmiş, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və belə halların aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməklə yanaşı, qadınlar və kişilər arasında fərqli rəhbərlik üslubları, qadın və kişilər üçün daha yaxşı karyera modelləri, tədqiqat və innovasiyalarda gender bərabərliyi prinsiplərinin pozulması hallarının aradan qaldırılması, bütün sahələrdə qadınlara kişilərlə eyni imkanların verilməsi üçün ən yaxşı strategiya ətrafında müzakirələr aparılmışdır.
Müvəkkil və aparatın əməkdaşları vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün qadın sahibkarlığı, gender bərabərliyi, məişət zorakılığı, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər təşkil etmiş, bunun nəticəsi olaraq, minlərlə qadın öz hüquqları barədə bilgilər əldə etmişdir ki, bu da onların fəallığının artmasına yardım etmişdir.
Penitensiar Xidmətin qadınlar üçün cəzaçəkmə müəssisəsinə mütəmadi baxışlar keçirilmiş, hüquqi maarifləndirmə tədbirləri təşkil olunmuş, onların problemləri, yaşayış və saxlanma şəraiti, sağlamlığı, psixoloji durumu öyrənilmiş, müraciətləri araşdırılmışdır. Müvəkkil məhkum qadınların əfv edilməsi məsələsini də diqqətdə saxlamış, ötən illər ərzində əfv edilən şəxslər arasında qadınlar da olmuşdur.
Müvəkkilin qadın hüquqları sahəsində fəaliyyəti BMT-nin Saziş Qurumları, Universal Dövri İcmal, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən müsbət təcrübə kimi yüksək qiymətləndirilməkdədir. Müvəkkil ahılların vəziyyətini, onların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlamış, onların problemlərinin həlli üzrə tədbirlər görmüşdür.
Ahılların sosial problemlərinin həlli, o cümlədən məişət xidmətinin səmərəli təşkili məqsədilə Müvəkkil sosial xidmət işçilərinin sayının artırılması, Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatda çarpayı yerlərinin genişləndirilməsini, əlavə yaşayış korpusunun tikilməsini təklif etmiş və bu istiqamətdə işlər davam etdirilməkdədir. Artıq müasir standartlara uyğun yeni korpus inşa edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətdə dövlət təminatında olan ahılların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə keyfiyyətli sosial məişət xidmətinin təşkilinin zəruriliyi bildirilmişdir.
Müvəkkil tərəfindən hazırlanmış, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirəsi keçirilmiş “Ahılların hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcəkdir. Bu Proqramın qəbul edilməsi Avropa Sosial Xartiyasında da nəzərdə tutulmuş ahılların əmək, istirahət, sosial təminat və digər hüquqularının səmərəli təmini ilə yanaşı, cəmiyyətin onlara diqqətinin daha da artmasına səbəb olacaqdır.
Ahıllar da hamı kimi öz yaşayış yerini, həmçinin harada və kiminlə yaşamağı seçmək imkanına malik olmalıdırlar. Odur ki, ahılların daimi yaşaması üçün nəzərdə tutulmuş dövlət sosial müəssisələrinə qəbul edilməsi üçün müraciət edən və növbədə olan ahılların vəziyyətinin araşdırılması, xəstə və yaşlı valideynlərə qayğı göstərməkdən imtina edən və ya buna könülsüz yanaşan övladların hüquqi məsuliyyətinin qanunla sərtləşdirilməsi zəruridir.
Müvəkkil və təsisatın əməkdaşları ötən il müntəzəm olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil və Ədliyyə nazirliklərinin müəssisələrində monitorinqlər aparmış, əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlanmış, onların məişət şəraitinin, sosial problemlərinin, sağlamlıq və təhsil hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə tədbirlər görülmüşdür.
Milli Fəaliyyət Proqramının həyata keçirilməsi vəziyyətinin təhlili, bu sənədin əhali arasında, dövlət qurumlarında təbliğ edilməsi məqsədilə ölkənin hər bir rayonu əhatə edilməklə keçirilmiş ictimai dinləmələr zamanı əlillərin də hüquqlarının təmini məsələləri müzakirə edilmişdir. Bu zaman bəzi tibbi sosial ekspert komissiyalarında da monitorinq keçirilmiş, onlara tövsiyələr verilmişdir.
Üç
nöqtə.-2014.- 13 mart.- S.10.