Respublikamızda əlilliyi olan şəxslərin hüquqları təmin edilir

 

Onlar dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman pereparatları ilə təmin edilir

 

Müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər qazanan Azərbaycan sosial dövlət statusunu daim gücləndirib. Respublikamız hər bir vətəndaşın, eyni zamanda əlilliyi olan vətəndaşlarının sosial rifah halını təmin etmək üçün fəal siyasətə malik bir ölkəyə çevrilib. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Biz bu sahədə davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini dərk edirik. Bunu nəzərə alaraq, Azərbaycan Konvensiyaya qoşulduqdan sonra həm qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylərini davam etdirib. Bu gün heçbütün ölkələr BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulmağa hazır deyil. Bunun üçün ümumən cəmiyyətin inkişafı, Konvensiyada müəyyən olunan öhdəlikləri yerinə yetirmək üçün siyasi iradə, institusional baza lazımdır. Məhz sürətli inkişafbütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin, dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurması artıq öz nəticələrini verir. Azərbaycan 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasına şərait yaradib. Konvensiyada müəyyən edilən ümumi öhdəliklərin səmərəli icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koordinator kimi müəyyən olunub. Nazirlik yanında aidiyyatı dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrup yaradılıb. İşçi Qrupun əsas vəzifəsi Konvensiyadan irəli gələn tələblərin icrası üçün plan və strategiyaları əlaqələndirmək və reallaşmasını təmin etməkdir. Konvensiyada nəzərdə tutulan müstəqil monitorinq funksiyalarını isə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir. Konvensiyadan irəli gələn öhdəliklərə uyğun olaraq, qanunvericilik aktlarının və proqramların hazırlanmasında, eləcə də əlilliyi olan şəxslərlə bağlı müxtəlif layihələrdə həmin şəxslərin ictimai birlikləri ilə sıx əməkdaşlıq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqındayeni Qanun layihəsi hazırlanaraq Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az) yerləşdirilib. Həm ictimayyətin, həm də qeyri-hökumət təşkilatlarının müvafiq rəyləri nəzərə alınmaqla layihənin son variantı hökumətə təqdim olunacaqdır. Yeni qanun layihəsi ölkəmizin Konvensiya üzrə üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə dövlət siyasətinin əsas prinsiplərini, dövlət təminatlarını, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, məşğulluğu, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir. Bununla yanaşı, Konvensiyadakı müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi də hazırlanaraq nazirliyin vebsaytında yerləşdirilib. Praktik əhəmiyyət kəsb edən bu layihə həm də müvafiq dövlət orqanları və QHT-lərlə birgə müzakirə olunur.

Azərbaycanda əlilliyin səviyyəsi dünya üzrə müvafiq göstəricidən 2,5 dəfə aşağıdır

Bir müddət öncə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycanın ilk məruzəsi təqdim olunub. Tədbirdə Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunan aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əlillərin hüquqları haqqında” Konvensiyayabu Konvensiyanın Fakültativ Protokoluna 2008-ci ilin oktyabrında qoşulduğu vurğulayıb. Məruzədə ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verilib. Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfə aşağı olduğu vurğulanıb. Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar olduğu bildirilib. Vurğulanıb ki, bununla belə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkədə əlilliyin artmasında mühüm rol oynayıb. Respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11912 nəfər insan əlil olub. Belə ki, Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan 20 faiz hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir.

Diqqətə çatdırılıb ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Eyni zamanda, “Əlillərin hüquqları haqqında” Konvensiyaya uyğun olaraq, bu sahədə qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylər davam etdirilir. Hökumətin əlil təşkilatları ilə sıx əməkdaşlığı, bu əməkdaşlıq şəraitində Konvensiyanın müddəalarına uyğun şəkildə hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, habelə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi barədə məlumat verilib. Əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırılıb. “2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb.

Bu ilin mart ayında Azərbaycan Prezidentinin imzaladığı, 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb. Müharibə əlillərinin ödənişli aliorta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub. Eyni zamanda əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilib. Əlilliyi olan şəxslər dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman pereparatları ilə təmin edilir. Onların məşğulluq imkanlarının genişləndirilməsi, təhsil almaları və peşə hazırlığı keçmələri üçün lazımi şərait yaradılır. Konvensiyaya uyğun olaraq, əlilliyi olan şəxslər üçün sosial infrastrukturdan, nəqliyyat, İKT və rabitədən istifadənin təmin olunması məqsədilə tədbirlər görülürbu məsələ daim hökumətin diqqətindədir.

Qeyd edək ki, Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılıb. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, ulu öndər eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edib. 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə Ümummilli lider Heydər Əliyev vurğulayıb ki, insanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır. Bu sözlər real həyatda öz təsdiqini tapıb. Respublikada qeyd olunan şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Onların maddi təminatı ildən ilə gücləndirilib. Həmçinin əmək və məşğulluq haqqında qanunvericilikdə əlillərlə bağlı yüksək humanist yanaşmaları ifadə edən əlavə təminatlar nəzərdə tutulub.

 

(Ardı var)

Üç nöqtə.-2014.- 1 may.- S.9.