Əmək hüquqlarının qorunması təmin olunmalıdır

 

Təkcə bu ilin I rübündə ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək müqaviləsi bağlanmasına nail olunub

 

İnsan hüquqlarının qorunmasında mühüm komponentlərdən biri də əmək hüquqlarının müdafiəsidir. Bu istiqamətdə görülən işlər Azərbaycanın əməyin mühafizəsi ilə bağlı fəal siyasətə malik bir ölkəyə çevrilməsinə səbəb olub. Azərbaycanda müstəqilliyimiz dövründə əməyin mühafizəsi sahəsində görülən tədbirlər öz bəhrəsini verib. İllər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. Son beş ilin statistikasına əsasən, 2013-cü ildə 2009-cu ilə nisbətən istehsalatda baş verən bədbəxt hadisələrin sayı 40 faizədək azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun regional bölmələri tərəfindən mütəmadi olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair izahat-maarifləndirmə xarakterli tədbirlər keçirilir. Milli qanunvericiliyin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsini “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 33 maddəsi məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edibonlardan 21-i əməyin mühafizəsi və təhlükəsizliyinə aiddir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanı tikinti sektorunda, ümumən digər sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının təmin olunmasında mühüm addım olub. Həmçinin “Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların qəbul olunması ölkədə bu sahədə daha dolğun qanunvericiliyin formalaşmasına səbəb olub.

Respublikamızda əməyin mühafizəsinin dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi yaradılıb. 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib. Müstəqilliyimiz dövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib. Hazırda dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur. Respublikamızda da son illərin göstəricilərinə əsasən, istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir. Bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80 nəfərə yaxındır. İllər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. Belə ki, ölkəmizdə son onillikdə hər 100000 nəfər işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisələrin (o cümlədən, ölümlə nəticələnən) sayında nisbi stabillik müşahidə olunub. 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16 nəfər, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib.

İşçi hüquqlarının təminatına dövlət nəzarəti son vaxtlar xeyli gücləndirilib

Respublikada işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib. Təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Həmçinin bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasında müvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilirqanunvericiliyin tələbləri onlara izah olunur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, son vaxtlarda Nazirliklə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, «Azərsun Holdinq» MMC və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC arasında əməkdaşlıq haqqında Memorandumlar imzalanıb. Eyni zamanda, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulub. Artıq Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş imzalanıb. Qarşıdakı dövrdə işçi insanların həyat və sağlamlığının qorunması məqsədilə yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarəti artırılıb.

Təkcə bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub. Bu müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb. Cari ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143796 manatını əmək haqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib. Bütün bunlarla yanaşı əmək qanunvericiliyinin tələblərini pozanlara qarşı da cəza tədbirləri görülür. İş yerlərində yol verilən hüquq pozuntularının bir hissəsini də əməyin mühafizəsi tələblərinə riayət edilməməsidir. Təkcə bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunan cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 21 dəfə, hətta son üç il ərzində ödənilən cərimələrin məbləğindən 40 faizədək çoxdur. İqtisadiyyatın sahələri üzrə cərimələr əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi sektorlarda tətbiq olunur.

 

Üç nöqtə.-2014.- 8 may.- S.9.