Valideyn himayəsindən məhrum olan uşaqlara sosial xidmət
göstəriləcək
Onlar üçün sosial-hüquqi
xidmətlər təşkil
olunacaq
Respublikamızda valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlara, müəyyən yaşayış yeri olmayan şəxslərə sosial xidmət göstəriləcək. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə ) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiq edilib. Qərarda xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan vətəndaşlar, sağlamlıq imkanları məhdud uşaqlar, habelə baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial məsləhət yardımı və həmin xidmətlərin həcmi müəyyənləşdirilib. Bu xidmətlər həmçinin valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, müəyyən yaşayış yeri olmayan şəxslər, ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan insanlar, sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan vətəndaşlar üçün nəzərdə tutulub.
Sənədə əsasən, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə yemək (o cümlədən diyetik yeməklər) hazırlanmasına köməklik ediləcək. Özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, onlar üçün zəruri ərzaq, sənaye və məişət mallarının alınması, mənzillərinin yığışdırılması və təmizlənməsi, yataq və geyim əşyalarının yuyulması, ütülənməsi, mənzil pulunun və digər kommunal xərclərin ödəniməsi təşkil olunacaq. Onlar sosial-psixoloji, tibbi-sosial xidmətlərlə təmin edilməklə yanaşı, zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək.
Yetkinlik yaşına çatmayan uşaqlara sosial-psixoloji və sosial-hüquqi xidmətlər göstəriləcək
Sağlamlıq imkanları məhdud uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, onlara sosial-pedaqoji və sosial-psixoloji xidmətlərin göstərilməsi təşkil ediləcək. Həmin uşaqların və ailələrinin sosial inkluziyasına köməklik ediləcək, uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlər veriləcək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadə öyrədiləcək. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlara sosial-psixoloji və sosial-hüquqi xidmətlər göstəriləcək. Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlara sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilməklə yanaşı, onlara sosial xidmət müddətində diyetik yeməklər də daxil olmaqla, isti yeməklər veriləcək. Onların yaşayış sahəsi təmizlənəcək, onlar yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin ediləcəklər. İnsan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər üçün sosial-psixoloji xidmətlərin göstərilməsi, o cümlədən onların peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək, məsləhət yardımı və s. nəzərdə tutulub. Onlar üçün sosial-hüquqi xidmətlər (maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi, sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi) də təşkil olunacaq. Müəyyən yaşayış yeri olmayan şəxslər də sosial xidmət müddəti ərzində diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcəklər. Yataq və geyim əşyalarının yuyulması, ütülənməsi təşkil olunmaqla, onlar tibbi müayinədən də keçiriləcəklər. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün isə psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstək veriləcək, xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələr aparılacaq. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün də fərdi iş planına əsasən sosial-psixoloji və tibbi-sosial xidmətlər təşkil ediləcək. Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə onlara sosial məsləhət yardımı xidməti göstəriləcək.
Sosial xidmətlərin göstərilməsindən sosial sifarişlərin paylaşdırılmasına keçid
Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanda sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə 20 manat məbləğində aylıq pul kompensasiyası müəyyən edilib. Azərbaycanda sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, sosial xidmətin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaq.
Məcəlləyə edilmiş dəyişikliyə əsasən, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə 50 manat, sosial xidmətin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə 50 manat, sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə ediləcək. Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında qanunla müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə isə vəzifəli şəxslər 100 manat miqdarında cərimə olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hesab edirlər ki,
Qeyri-hökumət təşkilatlarının aktivliyinin
aşağı olması Azərbaycanda sosial
sifarişlərin genişləndirilməsini əngəlləyir.
Əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov da deyir ki, tədricən sosial xidmətlərin göstərilməsindən
sosial sifarişlərin
paylaşdırılmasına keçməliyik. Nazirlik vəziyyətin monitorinqini
keçirməli, belə sifarişləri
paylaşdırmalı və onların icrasının keyfiyyətinə
nəzarət etməlidir. Sifarişlərin özlərini isə
müqavilə əsasında QHT-lər həyata keçirməlidirlər.
İndiyədək nazirlik tərəfindən
15 sosial sifariş
paylanıb. Bəzən bu sifarişləri
təkrar elan etmək lazım gəlir, çünki onları yerinə yetirmək istəyən
qətiyyən tapılmır. QHT nümayəndələri dəfələrlə
bu məsələdə öz
maraqlarını ifadə ediblər və mən onları aktivliyi artırmağa çağırıram.
Bu sifarişlərin kifayət qədər
böyük büdcəsi və
onların yerinə yetirilməsinin nəhəng sosial əhəmiyyəti var.
Üç nöqtə.-2014.- 9 may.- S.9.