Hər kəsin minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var

 

Əmək haqqından müvafiq məbləğlər yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə tutula bilər

 

Hər bir işçi gördüyü işin müqabilində uyğun əmək haqqı almaq hüququna malikdir. Əmək haqqı – müvafiq vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pulya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Hər hansı əlamətlərə görə əmək haqqı məbləğinin hər hansı şəklində azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Minimum əmək haqqı – iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Hər kəs heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Qanunvericiliyə görə əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqı məbləğinə daxil edilmir. Əməyin ödənilməsi və onun dərəcələri Əmək Məcəlləsinə uyğün olaraq müəyyənləşir. İşçilərin əməyi bir qayda olaraq vaxtamuz, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə ödənilə bilər. İşçilərin əməyinin ödənilməsində mükafat və digər maddi həvəsləndirmə formaları da tətbiq edilə bilər. Əmək haqqının tərkibinə isə tarif (vəzifə) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi, əmək haqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənclər daxildir. Mükafat isə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydadaformada verilən həvəsləndirici pul vəsaitidir. Əmək Məcəlləsinə müxtəlif hallarda və şəraitlərdə tətbiq olunan əmək haqqlarına dair müddəalar da əks olunub. Belə ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan yerlərində işçilərin əmək haqqını yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşir. Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən, peşələr (vəzifələr) əvəz edildikdə, müvəqqəti əvəzetməyə görə əvəzçilik üzrə əmək haqqının ödənilməsi məcəllədə nəzərdə tutulan qaydada, habelə kollektiv və fərdi əmək müqavilələrində nəzərdə tutulmuş qaydada ödənilir. İstirahət və bayram günlərində, ümumxalq hüzn günündə əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla ödənilir. Həmçinin, aylıq maaş alan işçilərə bayram günü aylıq vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan artıq, gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla aylıq vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı verilir. Bayramya ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.

ƏMƏK HAQQLARI BİR QAYDA OLARAQ İŞİN İCRA OLUNDUĞU YERDƏ VERİLİR

 

Əmək müqaviləsində, kollektiv müqavilədə vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Gecə vaxtı və çoxnövbəli rejimində yerinə yetirilən işlərə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən aşağı olmamaqla, kollektiv və fərdi əmək müqaviləsində əks olunmuş qaydada ödənilir. Hasilat normaları işçinin təqsiri olmadan yerinə yetirilməmişdirsə, onda faktiki yerinə yetirilmiş üçün haqq verilir. Belə faktik işə görə ödənilən əmək haqqı işçinin aylıq tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.

Əmək Məcəlləsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraqqalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət və ya bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilən gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək haqqları bir qayda olaraq işin icra olunduğu yerdə verilir. Əmək haqqı işçinin istəyi ilə onun bank hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər, habelə işçinin razılığı ilə əmək haqqının yarıya qədəri müəssisədə istehsal olunan istuhlak malları (spirtli içkilər və narkotik maddələr istisna olmaqla) hesabına natura ilə ödənilə bilər. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi- manatla ödənilir. Əmək haqqlarından qanunvericilikdə nəzərdə tutulmuş hallarda müəyyən vergilər və digər tutulmalar həyata keçirilir. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə tutula bilər.

İşəgötürənin sərəncamı ilə işçilərin əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr, məhkəmənin qətnaməsi (qərarı) ilə icra sənədlərində müəyyən edilmiş məbləğ, işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği tutula bilər. İşdənçıxma müavinəti və qanunvericilinə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 0Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

 

 Üç nöqtə.-2014.- 30 may.- S.9.