İstedadsız olub rol oynamaq mümkün deyil”

 

Mən bilsəydim belə olacaq, bəlkə də heç aktyor olmağı arzulamazdım”

  

Sabir Məmmədov: “Səmimi deyirəm ki, məşhur olmaq tək mənim yox, həmyaşıdlarımızdan heç birinin ağlına gəlməyib”

 

Səhnədə canlandırdığı peşakar obrazlarla sevilən, qəbul edilən aktyorlardan biri də Akademik Milli Dram Teatrının əməkdar artisti Sabir Məmmədovdur.  Müsahibim deyir ki, “Mən  aktyor olub, məşhur olacağımı düşünməmişdim”. Amma əməkdar artistin işinə olan sevgisi, peşəkarlığı onu tanıtdırdı və bir çox yadda qalan obrazların ifaçısına çevirdi. “Şənbə qonağ”ımız olan Sabir Məmmədovun səmimi müsahibəsini təqdim edirik.

 - Aktyor olmağınızı qismət, arzu, yoxsa məqsədlə bağlayırsınız?

 -  Öz arzumla bu sahəyə gəlmişəm. Mən bilsəydim belə olacaq, bəlkə də heç aktyor olmağı arzulamazdım.

 - Səbəb?

 - Kommersant, ticarətçi olardım. Bizim vaxtınmızda ticarət, kommersiya, biznes və.s yox idi. Onda aktyor olmağı arzu edirdik, xəyallarla yaşayardıq.

 - Aktyorluq sənətini necə təsəvvür edirdiniz?

 -  Özümü səhnədə, kinoda təsəvvür edirdim. Amma bəzi adamlar özlərini hind kinolarında  təsəvvür edirdilər. “Ölülər” əsərində Kefli İsgəndər, “Hamlet”də Hamleti və “Vaqif”də Vaqifi canlandırmağı arzu edirdim. Kefli İsgəndər” və Vaqifi oynadım. “Hamlet”də isə Orasiyonu canlandırmışam.

 - Tanınmaq, şan-şöhrət arzu etmisinizmi?

 - Yox. Səmimi deyirəm ki, məşqhur olmaq tək mənim yox, həmyaşıdlarımızdan heç birinin ağlına gəlməyib. İndiki dövr olsaydı, ağlımıza gələrdi. O zaman  filmlər, kinolar vardı. Amma indiki kimi seriallar qədər populyar deyildi. Mən  aktyor olub, məşhur olacağımı düşünməmişdim. Ağlıma da gəlmirdi.

 - Dünyada tanıfnmış aktyorlar çox şan-şöhrət içində yaşayırlar. Onlar kimi yaşamaq istərdinizmi?

 - Əlbəttə ki, hə. Kim istəməzdi ki...Amerika və Avropa aktyorları o cür yaşayırlar. Son vaxtlar türk aktyorları da şan-şöhrət tiçində yaşayırlar. Şan-şöhrət, pul birinci növbədə sənətlə bağlıdır. Harada ki, kino və serialın biznesi, bazarı var, pul özü  gəlir. O böyük bazarlar özünəməxsus biznesdi. Onda sənin aktyor, aktrisa olmağın bəsdi. Bir çox ölkələrdə kino, serial və teatr da biznesdi. Onun üzərində ciddi işləyirlər. Rus aktyorları tez-tez gəlib bizim teatrlarda  oynayırlar. Pul qazanırlar. Bu da biznesdi. Bizdə də o praktikanı yaratamaq olar. Bizim teatr başqa səpkili, repertuar teatrıdır, strukturu başqadır. Məsələn, ayda 10-15 tamaşada fərqli-fərqli obrazlarda oynayıram.

 - Azərbaycanda da belə olacağını düşünürsünüzmü?

 - Mütləq olacaq. 15 il əvvəl bizdən sonra gələn aktyorlara dedim ki, sizin dövrünüz daha yaxşıdır, gələcəkdə seriallara, filmlərə çəkiləcəksiniz. Elə də oldu. İndi cavan-cavan uşaqlar dublyajla məşğul olurlar. Gənc  aktyor və aktrisalar seriallara çəkilirlər. Amma mənim vaxtımda belə şey yox idi.  Onun xəyallarını qururdum.

 - Neçə ildən sonra bizdə kino, serial bazarının olacağını düşünürsünüz?

 

- Təxminən 10-15 ilə kino bazarı bizdə də formalaşacaq. Elçin Musaoğlunun “Nabat” filminə çəkilmişəm.  Bu film  bir neçə festivallarda iştirak edib.  Hazırda da Amerikadadır. “Oskar”a  təqdim olunacaq. Görürsünüz artıq yol açılır. 

 - Hazırda seriallara çəkilirsiniz?

 - Lider telekanalının proekti olan “Durnalar qayıdanda” serialına çəkilmişəm.

 - Seriallardan verilən qonarar sizi qane edirmi?

 - Belə da, hə. Dolanmaq olar.

 - Sənətdən başqa hansısa bizneslə məşğul olursunuzmu?

 - Ancaq  öz sənətimlə - teatr, kino, serial, dublyajla məşğul oluram. Bunlarla dolanıram.

 - Sizi çox tamaşalarda görürük. Bu sizin peşəkarlığınızdanmı irəli gəlir?

 - Bəli, peşəkarlığımdan irəli gəlir. Mənə tapşırılan rolu peşəkarcasına yerinə yetirməyə çalışıram. Səhnədə rejissorun tapşırığını yerinə yetirirəm. Sonra istedad, bacarıq, tamaşaçı sevgisi gəlir. Mənim işim budur. Maaş alıram. Mənim sənətim budur, münasibət də belə olmalıdır.

 - Tamaşanın uğurlu alınması daha çox aktyordan, yoxsa rejissordan asıldır?

 - Rejissordan asılıdır. Tamaşanın müəllifi rejissordu. Aktyor istedadlı, istedasız ola bilər. Amma hər halda aktyor ifaçıdır. Amma rejissor quran, yaradan, təfəkkür, beyin, gələcək, keçmiş və.s hamısı onun ixtiyarındadır.

 - Sabir müəllim olur ki, rejissorun ideyası ilə razılaşmayaraq öz ideyanızı da əlavə edirsiniz?

 - Bəli. Tutaq ki, rejissor bu cür, mən başqa cür istəyirəm. Onunla müqayisə etməməyə çalışıram. Rejissorla müqayisə etmək düzgün deyil. Çünki o məni obrazda, özünün kontekstində belə görür. Onun əksinə getsəm bizim işimiz alınmaz. Rejissorun dediklərini qane edəcək dərəcədə yerinə yetirirəm. Təbii ki, öz bildiklərimi də tamaşa vaxtı əlavə edirəm.

 - Tamaşa vaxtı rolunuza tam adaptasiya olursunuzmu?

 - Yox. Ümumiyyətlə, bu sözümü cavanlara da deyirəm. Müasir dövrdə yaşamaq, özünü tam obraza həsr eləmək artıq geridə qalıb. Təsəvvür edin ki, 1 saat tamaşada oynayıram. Onun 40 dəqiqəsini obrazda oluram, yaşayıram. Bu düzgün deyil. Obrazı yaşamaq yox, düzgün oynamaq lazımdır. Müəyyən ifadə vasitələri var. Mixail Çexovun aktyor texnikası haqqında böyük bir kitabı var. Avropa, Amerika aktyorları ondan öyrənirlər. Psixi elementlər, ifadə vasitələri  ilə tamaşaçının təsəvvüründə olan obrazı  yaratmaq mümkündü. Səhnədə açıq, səmimi olmaq lazımdır, qapalı olub tamaşaçıdan gizlənmək lazım deyil.  Partnyoru, tərəf müqabilini, tamaşaçını hiss etmək, ətrafı görmək vacib şərtdi. Müasir dövr bunu tələb edir. Təsəvvür edin  Otello” tamaşasında Otellonu oynayıram.  Aktyor bütün vaxt obrazda olur. Amma boğazını boğan vaxtı obrazda olmur. Onda gərək səni həqiqətən boğub öldürsünlər.

 - Canlandırdığınız obrazın hansısa xüsusiyyətini özünüzə götürmüsünüzmü?

 - Tək mən deyil aktyorların çoxu işlərinə professional, peşəkar  kimi baxırlar. Çoxlu mənfi-müsbət xarakterlər oynayırıq.  Bəlkə də sonradan  rolun bəzi xüsusiyyətləri keçir, bilmirəm. Bunu ətrafdan tamaşaçı və dostlarım  hiss edə bilərlər. Hər dəfə fərqli obrazları canlandırırıq.  Biz səhnədə təbiiliyə yaxın olmağa çalışırıq, amma tam təbii olmaq da mümkün deyil.

 

 

- Tamaşaçılara obrazlarınızla tərbiyəvi nəsə verirsiniz ...

 - Təbii ki, hə. Dramaturgiyada o vacibdi.

 - Necə düşünürsünüz sənətinzdə istədiyiniz kimi istedadınızı göstərə bilmisinizmi?

 - İstedadlı olub, olmamağın özü də nisbidir. Mən düşünürəm ki, aktyor olmaq üçün birinci şərt istedadlı olmaqdır.  O Allah vergisidir. Eləcə də vizual görüntü, istedad, intellektual səviyyə, görünüşün, hamısı yerində olmaldır. Oynadığım bütün rollarımda 100 faiz istedad var. O olmasa tamaşaçı nə məni sevər, nə tanıyar, nə də mənə baxar. Bu mümkün deyil.  İstedadsız olub rol oynamaq mümkün deyil.

 - Tanınmış bir aktyor kimi küçədə gedəndə tamaşaçılar sizə yaxınlaşarkən hansı reaksiyanı göstərirsiniz?

 - Çox yaxşı baxıram. Sevinirəm ki, məni tanıyırlar. Amma məni dublyajla da məşğul olduğuma görə, 90 faiz tamaşaçılar səsimdən tanıyırlar.

 - Fəaliyyətinizin ilk günlərində tanınmamağınız sizə təsir edirdimi?

 - Məndə elə kompleks olmayıb. Bizim dövrdə sırf işimizlə məşğul olurduq. Ona görə tanınmaq və tanınmamaq kimi fikirlər olmayıb. Tanınmaq işinin peşəkarlığından asılıdır. Rolunun öhdəsindən yaxşı gələsən ki, tamaşaçı səni tanısın. Amma indiki dövrdə tez tanına bilərsən. Məsələn, çəkildiyin serial, film insanlar tərəfdən yaxşı qarşılanır və tanınırsan. 

 - Aktyorlar həssas, kövrək qəlbli olurlar. Nə vaxtsa teatrda sizi incidiblərmi? Teatrdan getmək istəmisinizmi?

 - Yox.  Mən elə sentimental, kövrək adam deyiləm. Daha praqmatik, rasionalam, hər şeyə ayıq gözlə baxıram. İncitsələr də o situasiyadan çıxmağı bacarmışam. Elə də əzən, tapdayan olmayıb.

 - Qeyd etmisiniz ki, bir vaxtlar Dastin Hofman kimi balaca boy aktyorlar dəbdəydi. Bəs, bu gün hansı aktyorlar dəbdədi?

 - Bu gün əksinədir. Dastin Hofman çox gözəl və istedadlı, məşhur aktyordu.  Al Paçino, Roberto Deniro  kimi aktyorlar da balaca boy aktyorlar idi. Amma müasir dövrdə hər tərəfli aktyorlar, vizual görünüş, xarici və daxili sənətkarlıqları, zənginlikləri olan aktyorlar dəbdədi. Çünki elə olmasan, aktyor kimi tamaşaçıların qəlbini ələ ala bilməzsən.

 - İstedadlı insanlar çoxdur. Amma hər istedadlı insanın tanınması üçün bir şansı olur. Sizin belə bir şansınız olubmu ki, istedadınızı göstərə və tamaşaçını ələ ala bilibsiniz?

 - Bu çox mürəkkəb məsələdi. Tamaşaçını özünə cəlb etmək aktyorların özlərindən asılı deyil. Bu artıq Allahın vergisidir. Adam var ki, həyatda yaxınındakı insanlara fikir verir. Biri sənə həyatda daha yaxındır, daha şirindi. İstəsən də, istəməsən də hər şeyi onunla bölüşürsən Amma ondan daha ağıllısı biri var və onunla görüşmək istəmirsən. Bu ruhsal məsələdir, sənin daxilindədir. Bu olmasa tamaşaçı heç vaxt sənə yaxın gəlməz.

 - Bizim ənənəvi sualımız. Bir az da ailəniz haqqında məlumat verərdiniz...

 - İki qızım var. Xarici dilləri bitiriblər. Qızımın biri Koreyada təhsil alıb. Bu yaxınlarda toyu oldu.  Kiçik qızım isə Azərbaycan Diplomatik Akademiyasında oxuyur.

  - Nə əlavə etmək istərdiniz…

 - Gənclərə, aktyor olmaq istəyənlərə kurs açmaq istəyirəm. Mənə tez-tez kurs açmağı təklif edirlər. Gənclərimizi öyrətmək istəyirəm. İndiki cavanlarımız həvəslidirlər. Seriala çəkilirlər, amma mənim bildiklərimi bilmirlər. Bizim gənclərimiz nəyə görə bilikdə, aktyor sənətinin texnikasını öyrənməkdə  türk aktyorlarından, amerika aktyorlarından geri olsunlar. İmkanım olsa hamısını bir yerə yığıb öyrədərəm. Gənclərimizə öyrənməyi tövsiyyə edirəm. Peşəkar olsunlar. Həmişə misal çəkirəm ki, daşı suya atırsan, birə yerə düşür, amma dalğaları hər tərəfə yayılır. Öz işinlə peşəkarcasına məşğul ol. Hər şey-tanınmaq, şan-şöhrət, pul özü səni tapacaq.

 

 Rəqsanə.

Üç nöqtə.-2014.- 1 noyabr.- S.13.