Azərbaycanda II Beynəlxalq Aşıq
Festivalı keçirilir
“Mədəniyyətimiz
yenidən işıqlanır"-
Zəlimxan Yaqub
Aşıq Ulduz: “Sənətimizə
olan qayğı yaddaşımızı təzələmək
üçün gözəl
məqamdır”
Azərbaycan yenidən türk xalqlarının sənət adamlarını, saz-söz ustalarını bir araya gətirir. Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 12-18 noyabrda Bakıda II Beynəlxalq Aşıq Festivalı keçirilir. Festivalın açılışı noyabrın 12-də Musiqili Teatrda olub. Bu barədə “Üç nöqtə”yə danışan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub festivalın aşıq yaradıcılığı üçün önəmli olduğunu bildirdi. Xalq şairi qeyd etdi ki, tədbirlə əlaqədar ölkəmizə Türkiyə, İran, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Dağıstan, Gürcüstan və dünyanın bir çox ölkələrindən aşıqlar gəlir: “Çox yüksək səviyyəli bir tədbirdir. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi bu sahədə çox böyük işlər görür. Noyabrın 13-də festival iştirakçıları, saz-söz ustaları regionlarımıza - Gədəbəyə, Şəmkirə, Qazaxa, Tovuza və Ucara gedəcəklər. Festivalın bağlanışı Tovuzda olacaq”.
Z.Yaqub dedi ki, bu festivalın mədəniyyətimizə töhfələri çoxdur: “Mədəniyyətimiz, keçmişimiz, gələcəyimiz yenidən işıqlanır və daha da inkişaf edir. Azərbaycanı dünyaya tanıtdırmaq üçün çox böyük işlər görürük. Bura möhtərəm Prezidentimizin aşıq sənətinə qayğısı, Mehriban xanımın Avropada, dünyada apardığı işlər də daxildir. Bütün bunlar dövlət qayğısıdır”.
Xalq şairinin sözlərinə görə, I festivaldan fərqli olaraq II festival daha zəngin, daha rəngarəng olacaq: “Xarici ölkələrdən gələn qonaqlarımızla birlikdə regionlarımızın ustad aşıqları, sənətkarları da tədbirdə iştirak edəcəklər və bu sənətə öz töhfələrini verəcəklər”.
Saz-söz ustası Aşıq Ulduz da festivalın mədəniyyətimizə böyük təsiri olduğunu dilə gətirdi: “Bu festivalın türkdilli xalqlar arasında keçirilməsini alqışlamaq lazımdır. Məqsədimiz folklorumuzda - “Dədə-Qorqud”dan, “Koroğlu”dan tutmuş bu günümüzə qədər gədib çatan nadir incilərimiz olan qəhrəmanlıq, məişət, məhəbbət dastanlarımızı bir daha xatırlamaq, xatırlatmaq və xalqın yaddaşına təzədən çatdırmaqdır».
Aşıq Ulduz qeyd etdi ki, festivalın hər il keçirilməsi məqsədəuyğundur: “Belə festivalın hər il keçirilməsini istəyərdim. Türkiyəyə tez-tez gedirəm. Orada bu cür festivallar, anım günləri tez-tez qeyd edilir. Ölkəmizdə də belə tədbirlərin tez-tez keçirilməsi yaxşı olardı. I festival 4 il əvvəl keçirilib. Sənətimizə olan qayğı yaddaşımızı təzələmək üçün gözəl məqamdır. Türkdilli xalqların birgə belə çıxışları sənətimiz üçün çox lazımlıdır. Görüb-götürmək, bir-birindən öyrənmək, bəhrələnmək, bütün ölkələrin folklorunu bilmək baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, türkdilli xalqaları birləşdirən bu cür tədbirlər tez-tez olmalıdır”.
Aşıq Zülfiyyə isə festivalın keçirilməsini sevindirci hal kimi qiymətləndirdi: “Azərbaycan aşıqlarının və ozan-aşıq sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsinin aşıq sənətinə böyük töhfələri var».
Rəqsanə
Üç nöqtə.-2014.- 13 noyabr.-
S.13.