“Ömrümdə bir bənd
də olsa şeir yazmamışam”
Ağalar Bayramov:
“Tullanıb-düşməklə məşğul olan
dırnaqarası sənətçilər birdən-birə
xalq artisti olur, amma mən yox”
Bədii qiraət ustalarını dinləmək zövüqlü olsa da, bu işlə məşğul olan çox az adam var. Bu sahədə öz sözünü deyən cəmi bir neçə nəfər var ki, onlardan biri də əməkdar artist Ağalar Bayramovdur. Bir çox şeirlərə öz səsi ilə yeni ahəng verən Ağalar Bayramov redaksiyamızın qonağı oldu. Onunla ağır keçən uşaqlıq, gənclik illərindən, hazırkı fəaliyyətinə qədər bir çox mövzulara toxunduq. Həmin söhbətdan alınan müsahibəni sizlərə təqdim edirik.
- Ucarda doğulmusuz, uşaqlığınız orada keçib. İlk olaraq elə Ucarda yaşadığınız illərdən başlayaq...
- 1954-cü il yanvarın 16-da Ucarın Boyat kəndində doğulmuşam. Valideynlərimi erkən yaşda itirmişəm. Bacım-qardaşım da yoxdur. Məni nənəm böyüdüb. Uşaqlığım 45-50 dərəcə istisi olan o kənddə keçib. Orta məktəbi də orada yaxşı qiymətlərlə bitirmişdim. Nənəmi rayonda tək qoya bilmədim deyə, Bakıda ali məktəbə sənəd verə bilmədim. Göyçay bizə yaxın idi deyə, orada texniki peşə məktəbinə daxil oldum ki, nənəmə baxa bilim. Xalam da Göyçayda yaşayırdı. 1971-ci ildə qəbul oldum və 1972-ci ildə bitirdim. 1974-cü ilə kimi hər həftə Boyat kəndinə gəlmək şərtilə Göyçayda işləyib, xalamgildə qalası oldum. 1974-cü ildə nənəmi ağlar qoya-qoya hərbi xidmətə getdim. O vaxtı belə idi ki, əgər evdə qayğıya ehtiyac olan var idisə, oğlanı əsgərliyə aparmırdılar. Ucar rayon hərbi komissarı dedi ki, nənənin səni götürüb saxlaması haqda qəyyumluq kağızı yoxdur. Ağlaya-ağlaya dedim ki, bir parça kağıza inanırsız, yoxsa reallığa? Axı 73 yaşlı qadın tək qalır. 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində xidmətə getdim. Əsgərlik xidmətim çox yaxşı oldu. Məni yeməkxanaya çörəkçi qoydular. Əsgərlikdən nənəmə pul göndərirdim. Yerli vətəndaşlarla bir yerdə işləyirdim. Artıq peçenyelərdən ruslara verirdim, onlar da mənə pul verirdilər. Nənəmi dolandırırdım. Amma qadın kənddə tək qalmışdı. 1976-cı ildə mən əsgərlikdən gələn ili, qorxudan, ya nədən çox ağır xəstəliyə düçar olur. Əsgərlikdən mayın 31-dən sonra buraxılmalıydım. Allah bu gəlişimi tezləşdirdi. Əsgərlikdə tikinti batalyonunda briqadir idim. Böyük ərazinin işini vaxtından tez qurtardığımıza görə, məni bir ay öncə buraxdılar. Gəldim ki, nənəmin vəziyyəti ağırdır. O ağır məqamında güc toplayıb boynuma sarıldı. 15 gün sonra dünyasını dəyişdi. Mənim taleyim çox ağır olub. Nənəm dünyasını dəyişəndən sonra rayonda qala bilmədim və 5-6 ay sonra Bakıya gəldim. Fəhləlik edib pul qazanırdım, amma kitabları da təkrar edirdim. Sənədlərimi Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verdim, amma qəbul ola bilmədim. Bekar qalmayım deyə, Bakı Kitabxanaçılıq Texnikumunda mədəni-maarif fakültəsinin teatr kollektivi ixtisasına qəbul oldum. Oranı fərqlənmə diplomu ilə bitirdim və Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul oldum. Qarşıma yaxşı insanlar çıxdı. Mən qəbul olan ili instituta akademik Aslan Aslanov rektor gəldi. Aslan müəllim mənə çox gözəl qayğı göstərdi. 1985-cü ildə institutu bitirməliydim, 1984-cü ildə məni tədris teatrına aktyor götürdü.
- Bakıda tək yaşayırdız?
- 1980-ci ildə Mədəni-maarif
texnikumunda paralel sinifdə oxuyan bir xanımla ailə həyatı
qurdum. Həm oxuyurdum, həm çalışırdım.
Kirayədə qalırdıq. 1985-ci ildə institutu bitirəndən
sonra məni aktyor sənəti kafedrasına baş laborant
keçirdilər. Bir müddət sonra dekan müavini işlədim.
Sonra hiss etdim ki, yaradıcılıqdan qalıram. Ərizə
yazıb, dekan müavini vəzifəsindən
çıxdım. Ondan sonra bu günə kimi, Mədəniyyət
və İncəsənət Universitetində səhnə
danışığı kafedrasında dərs deyirəm. Bir oğlum,
bir qızım var. Qızım Tibb Universitetini bitirib, ailəlidir. Gülnur,
Gülcan adlı iki nəvəm var. Oğlum isə İqtisad
Universitetini bitirib, hərbi xidmətə yollanıb.
- Niyə
bədii qiraətə maraq göstərənlər çox
olsa da, uğur qazananlar az olur?
- Səsyazma studiyasında bir aparat
gördüm. Dedilər ki, müğənnilərin
səsini genişləndirmək, səsə dad-duz qatmaq
üçündür. Bu yolla da sənət
dünyasında dırnağarası cövlan edənlər
var. Amma bədii qiraətdə aparatla nə isə etmək
olmur. Qiraətin yaradıcılarından
Kazım Ziya, Müxlis Cənizadə, Mikayıl Mirzə, Həsən
Əbluc rəhmətə gedib. Qalanlar
Əminə Yusifqızı, İlham Təvəkküloğlu,
Nadir Hüseynov və mən. Bu sahədə
tanınmışlar rəhmətə gedənlərlə bir
yerdə 8 nəfəri keçmir. Bu sənət
üçün bəlağətli, sözə dad-duz gətirən
səs, sevgi, ədəbi materialı seçmək
bacarığı, yaddaş, fantaziya, ən əsası
böyük ürək lazımdır.
- Qalaq-qalaq kitablardan şeir
seçmək də məharət tələb edir. Seçimi necə edirsiz?
- Gözəl şeir tapanda sevincimin
həddi-hüdudu olmur. Şairin qalaq-qalaq
kitablarına yox, nə yazdığına baxıram. Şairin şəxsiyyəti ilə yazdıqları
arasında uçurum yoxdursa, o mənə məlhəm olur.
Mən Ramiz Rövşən, Musa Yaqub, Məmməd Araz, Ramiz
Qusarçaylı, Əjdər Ol, Sabir Sarvan, Zəlimxan Yaqub
kimi şairləri necə dana bilərəm axı? Yazdıqları ilə əqidələri, dili ilə
ürəkləri arasında uçurum yoxdur. Rasim Kərimlinin sözləri mənə təsir
edir. Qismət adlı gənc var,
sözünün vurğunuyam. Mənim
üçün əsas meyar şeirin gözəlliyidir.
- Əməkdar artist adına
2002-ci ildə layiq görülmüsüz. Ötən il isə 60 yaşınızı qeyd etdiniz.
Amma hələ də xalq artisti deyilsiz...
- Səngərdə, cəbhədə,
bir sözlə, harada tədbir varsa, iştirak edirəm. Tullanıb-düşməklə məşğul
olan dırnaqarası sənətçilər birdən-birə
xalq artisti olur. Amma ömrünü
sözün, sənətin, vətənin, dövlətin
yolunda çürüdən Ağalar Bayramov yox. Bundan təbii ki, dövlət
başçısının xəbəri olmur. Xırda məmurlar özlərini görməməzliyə
qoyurlar. Bəlkə xalq artisti adı almaq
üçün başqa meyar lazımdır? Yəqin, o meyarlara uyğun deyiləm. Yüz il fərhad kimi külüng çalan da, on
gün qastrolda qalan da eyni mükafata layiq görüldü. Nə
isə... Fəxri ad almaq naminə qapı arxasında
dayanıb, quyruq bulamaq kimi iyrənc işlər
nə boyuma yaraşır, nə buxunuma, nə də xarakterimə...
Bu işlər mənlik deyil. Ulu öndər
Heydər Əliyev sənətimi dəyərləndirib,
2002-ci ilin dekabrın 24-də cənab Prezidentimizin ad
günündə mənə əməkdar artist fəxri
adını verdi. Mənimlə o vaxt ad
alanlar indi xalq artisti olublar... Bu sənətin
yolçusuyamsa, əziyyətimə niyə dəyər verilməsin?
O vaxt Hüseyn Arif gözləyirmiş ki, buna xalq şairi
adı verəcəklər. Siyahı oxunur və
adı çıxmır. Şairlərdən
biri deyir ki, ay qağa narahat olma verərlər. H.Arif deyir ki, “lazım döyül, zəhləm elə
xalqdan gedir. Bu avaralarla bir yerdə adım
çıxmasa yaxşıdır”. Amma
gizlindən yenə çalışır ki, növbəti dəfə
ad verilsin. Bu dəfə də siyahıda
adı olmur. Həmin şair yenə deyir
ki, ay qağa narahat olma verərlər. H.Arif
deyir ki, “lazım döyül istəmirəm. Osman Sarıvəlliyə o vaxt ad verdilər ki, Nəsimiyə
Yesenin deyirdi, Natavana Qrupskaya”. Lazım
döyül. O.Sarıvəlli xalq şairi
olanda çox qocalıbmış. Gözləri
görməyib, Yeseninin şəklinə baxanda elə bilib ki,
Nəsimidir, Natavan da Nadejda Konstantinovna Qrupskaya. Bu gün mənim üçün önəmli olan
ölkəmizin müstəqillidir. İnanıram
ki, Qarabağımızı da geri qaytaracağıq.
- Bu qədər şeirlər
oxuyursuz, bəs şeir yazmaq həvəsiniz olmayıb?
- Mənə çox adam
şair deyir. Onları qınamalı deyil.
Çox adam bədii qiraətin
aktyorluğun bir qolu olduğunu bilmir. Bu
sevindiricidir ki, mən şeirin ikinci müəllifi oluram.
Fikrət Qoca qeyd edir ki, Ağalar müəllim mənim “Cənnətdən
qovulanlar” poemamı efirdə dedi. Səhəri gün
qonşusu Bilal kişi deyib ki, verilişdə
hündürboylu oğlan var idi, nə gözəl şeir
dedi. F.Qoca da deyib ki, o mənim şeirim idi.
Deyib ay kişi, nə sənin şeirin,
özü yazıb, özü də deyir. Fikrət müəllim
efirdə dedi ki, Bilal kişi bəli, o
Ağaların şeiri idi. Ağalar onu
bişirib, araya-ərəsəyə gətirməmiş
mikrofon qarşısında dayanmır. Mən
şeirə öz ədəbi materialım kimi baxıram.
Mənə şair desələr də,
ömrümdə bir bənd də olsa şeir
yazmamışam, heç könlümdən də keçməyib.
- Səhnə
danışığı kafedrasının dosentisiz. Səhnə danışığı ölkəmizdə
hansı səviyyədədir?
- Mədəniyyət və İncəsənət
Universiteti 90 ildir fəaliyyət göstərir. Bu ilin may
ayından universitetə Fərəh xanım Əliyeva rektor təyin
olundu. Həmin vaxtdan bəri təmirindən
tutmuş, şəffalığa qədər böyük
işlər görüldü. Evin
bünövrəsi gərək düz olsun ki, üstündə
mərtəbə ucalda biləsən. Veriliş
aparanlar, veriliş aparmaq istəyənlər müraciət
edirlər ki, onlara səhnə danışığı ilə
bağlı ayrıca dərs keçim. Bacardığım
qədər onlara vaxt ayırmağa çalışıram.
Bu il Fərəh xanımın göstərişi
ilə universitetdə bədii qiraət müsabiqəsi
keçiriləcək. Burada digər universitetlərin
də tələbələri iştirak edəcəklər.
Mən tələbəyə dediyim dərs
praktikada həllini tapmırsa, onun nə önəmi var?
O müsabiqələrdə, tədbirlərdə
çıxış etməsə, əhəmiyyəti olmur. Səhnə danışığı, diksiya,
söz ehtiyatı baxımından çətinliklər var.
- Bəs aparıcıların
danışıq səviyyəsi sizi nə dərəcədə
qane edir?
- Rus sözləri işlədirlər,
mübtəda ilə xəbər bir-birinə
qarışıb. Verilişlərin səviyyəsi
çox bərbad haldadır. Aparıcıların
çoxu elə danışır ki, elə bil fabrikdən gəliblər
və səhnə danışığı haqqında
heç nə bilmirlər.
- Toylara da gedirsiz...
- Pişiyin ağzı ətə
çatmayanda deyir mundardır. Bacara bilməyənlər
kinayə ilə “hə toy falan” deyirlər. Habil Əliyev, Arif Babayev, Mikayıl Mirzə,
Yaşar Nuri, Mələkxanım Əyyubova toylarda olmayıb?
Olublar. Amma dəvət
olunublar. Mən 1991-ci ildən
toylu-düyünlü günlərə dəvət
alıram. Özümü restoranlara
dürtmürəm.
- Palatka toylarına necə gedirsiz?
- Kənd toylarının
abu-havası bir başqa olur. Orada poeziyaya
çox fikir verirlər. 2005-ci ildə Türkiyənin
millət vəkili Atilla Kayanın qardaşının toyunu idarə
elədim. İki ay bundan öncə Alma-ata
şəhərində toy idarə etdim. Palatka
toyuna da gedirəm. Hansı toya dəvət
alıramsa, öz əzizimin toyu kimi baxıram. 5 manat aldığım toyla, 5000 manat
aldığım toya eyni nəzərlə baxıram. Elə dəvətlər olur ki,
razılaşmıram. O yerlərə qədəm
basıram ki, orada qədir-qiymətim bilinəcək. Pul ikinci dərəcəyə keçir. Pul da lazımdır. Oğurluq
etmirəm, rüşvət almıram. İnsanlara
zövq verirəm, balasına xoşbəxtlik arzulayıram.
O da əvəzində pul verir. Bunun nəyi
pisdir ki? Bununla fəxr edirəm.
Aygün Asimqızı
Üç nöqtə.-2014.- 15 noyabr.- S.10.