«Ailənə biganə
yanaşırsansa, bu dünyada yaşamırsan»
Əjdər
Həmidov: “Gənclərin bu sahəyə marağı, həvəsi
azalıb”
«Məni toylara dəvət etməsələr qocaldığımı və heç kimə lazım olmadığımı düşünərəm»
«Hər bir sənətkarın
taleyində bir şah əsəri olur. O rolu ilə sənətdə
tanınır. Mənim də sevilməyimdə “Kişi
sözü” filmində Qasım obrazının böyük
rolu oldu. Aktyor
var bir neçə filmə çəkilib, amma bir rol ilə
tanınıb.
Mən ilk dəfə Qasım rolu ilə filmə
çəkildim və tamaşaçılar tərəfindən
qəbul edildim». Bu sözləri Akademik
Milli Dram Teatrının əməkdar artisti Əjdər Həmidov
deyir. “Şənbə qonağı”mız
olan əməkdar artistin səmimi müsahibəsini sizlərə
təqdim edirik.
- Teatrda
yeni mövsüm başlayacaq. Hansı
tamaşalarda oynayacaqsınız?
–
Hazırda yeni tamaşaların məşqləri
başlayıb. İki tamaşada oynayıram.
İlyas Əfəndiyevin “Mənim
günahım” tamaşasında Almurad rolunda, Vaqif Səmədoğlunun
“Generalın son əmri”ndə serjant rolunu canlandırıram.
İndi məşqə gedəcəm.
– Seriallara
niyə çəkilmirsiz? Serialları necə
qiymətləndirirsiniz?
– Hələ
ki, heç bir serialdan dəvət almamışam. Bu gün seriallarda hər şeyin əla olduğunu
deyə bilmərəm. Bu səmimi
çıxmaz. Hər halda işləyirlər.
Nəzərə alsaq ki, rejissorların əksəriyyəti
cavanlardı. Sözsüz ki, bunlardan
peşəkarlığı o dərəcədə tələb
etmək də düzgün olmazdı. Çünki
hələ öyrənirlər, axtarırlar, gəncdirlər.
Amma ümüd var ki, bir neçə ildən
sonra peşəkarlaşacaqlar, yaxşı seriallar çəkəcəklər.
Bizim seriallarımız da dünya
standartlarına uyğun, yüksək səviyyədə
olacaq. Hələ ki, imkanlarımız
daxilində işləyirlər. Məni dəvət
etməməklərinə gəlincə, o suala cavab tapa bilmirəm.
Yəqin, o filmdə məni görmürlər.
Bəlkə də daha yaxşı aktyorlar dəvət
etmək istəyirlər. Özləri bilən
məsləhətdir. Bizim işimiz
rejissorlardan asılıdır. Rejissor dəvət
edirsə çəkilirik, etmirsə çəkilmirik,
gözləyirik. Qoy cavanlar da işləsinlər.
Mən də vaxtında çox çəkilmişəm.
Heç vaxt boş olmamışam, 22 filmə
çəkilmişəm. Bu gün
serialların çəkilməsi inkişafdır.
Müəyyən səbəblərdən durğunluq ola bilər. Türkiyədə əvvəlki
filmlərlə indiki filmlər arasında çoxlu fərq
var. Onların kinosunda böyük inkişaf gedir. Bizdə də yavaş-yavaş yaxşı olacaq.
- Gənc
aktyorların fəaliyyəti, peşəkarlığı
sizi qane edir?
– Qane
etmir. Gənclərin bu sahəyə
marağı, həvəsi azalıb. Məşq
etsinlər, tamaşa oynasınlar kimi
çalışqanlıq yoxdur. Öz
üzərlərində işləmirlər. Bu sənətə elə-belə gəlmək olmaz.
Gedim vaxtım keçsin, maaşımı
alım, yox. Bu sənət elə
adamaları bağışlamır. Zaman
getdikcə o adamlar səhnədən çıxır. Bu sənətin fanatı olmaq, sənəti dəlicəsinə
sevmək lazımdır. Maddi duruma
baxmamalısan. Düzdü yaşamaq üçün maaş da lazımdır. Aktyor
birinci növbədə yaxşı geyinməlidir,
yaxşı görsənməlidir, hər şəraiti
olmalıdır. Amma onlardan əvvəl sənət,
yaradıcılıq gəlir. Özünü
bu sənətə fəda etməlisən. Əgər bunu edə bilmirsənsə, onda sənətdə
qalmağın düz deyil. Ən
yaxşısı nə qədər gec deyil, başqa sənət
sahibi olmaq lazımdı. Bu sənətdə
fanatlar, həyatlarını sənətə qurban verənlər
işləyir.
- Hesab
edirsiniz ki, aktyor doğulandan aktyor olmaldır. Sonrada
aktyor olmur. İnsanın püxtələşməsində
təcrübələr təsir etmir?
– Ancaq
texniki tərəfdən təsir edir. Səhnədə
müəyyən texniki məsələlər olur. Aktyor var, böyük istedad sahibi deyil, amma səhnənin
qanunlarını, texnikasını elə məharətli bilir
ki, onların köməkliyi ilə hər şeyin öhdəsindən
gəlir. İstedadlı aktyor olmalısan.
Rejissor da obrazın xarakterinə uyğun
istedadlı aktyoru axtarır və seçir. Əgər obrazın xarakteri ilə aktyorun xarakteri
üst-üstə düşürsə, bu, rejissorun düzgün
ifaçını tapması deməkdir. Qasım
obrazını başqa aktyor məndən yaxşı oynaya
bilər, amma mənim oynadığım kimi canlandıra bilməz.
O obraz başqa Qasım olacaq. Qasım obrazı
sanki mənim yaşam tərzimdi. Rejissorun
90 faiz uğuru aktyorları rola düz tapmasından
asılıdır. Kinoda təbii oynamaq
lazımdı. “Kişi sözü” filmi
1987-ci ildə çəkilib. Artıq o
film 30 ilə yaxındır ki, hələ də televiziyada
göstərilir. Hələ də
tamaşaçılar filmi sevirlər. Tək
Azərbaycanda deyil, İranda, Türkiyədə, Rusiyada, bir
sözlə, harada azərbaycanlılar varsa orada izləyirlər.
Çəkilişlə əlaqədar
İsveçə getmişdim. Orada
bütün azərbaycanlıların evində bu film və
başqa yaxşı filmlərimiz vardı. O filmdən
sonra başqa filmlərə də dəvət aldım. “Gənc qadının kişisi”, “Hacı Qara”, “Hər
şey yaxşılığa doğru”,”Yoxlama” kimi bir
çox filmlərə çəkilmişəm.
Teatr da təbiiliyi sevir. Obrazlarını nə
qədər təbii oynasan o qədər yaxşı
alınır. Amma kinoda daha çox təbiilik
lazımdır. Bunun üçün
yalnız özün olmalısan. Özündən
kənara çıxsan o “farş”, yalan olacaq və sevilmiyəcəksən.
Teatrda bir hərəkəti on dəfə
böyütməlisən. Səsini
qaldırmalısan, yüksək tonla danışmalısan.
Tamaşaçı sənin səsini
yaxşı eşitməlidir. Teatrda bir
balaca kənara çıxa bilərsən, amma kinoda yox.
Kinoda səsini normal çıxarmalısan.
Burada əlini üzünə vurduğunu hər
kəs görür, amma tamaşada elə də hiss edilmir.
Rejissorun ən böyük uğuru
düzgün aktyor seçimindədir.
- Emosional
insan olduğunuzu, biganəliyi bacarmadığınızı
deyirsiniz. Bu xüsusiyyətlərin insan
üçün yaxşı və pis tərəfləri
hansılardır?
– Əgər insan həyatda yaşayırsa, cəmiyyətə
biganəlik göstərirsə, bu yaxşı hal deyil. Sən hər
şeyə biganə yanaşırsansa, deməli, cəmiyyətdə
yoxsan, yaşamırsan. Tənhasan, gəncsən,
öz maraqlarını güdürsən. Vətən, xalq, qohum-əqraba, düşmən
var. Bunların hamısına reaksiya bildirməlisən
axı. Biganəlik “robort” olmaq deməkdir.
Bir insanın faciəsinə, sevincinə
qatıla bilmirsənsə normal insan deyilsən. Sən əsl insansa hər hadisə sənə
toxunacaq və reaksiya verəcəksən. Pis
yaxud da yaxşı münasibət bildirəcəksən.
Biganə qalmaq yaxşı deyil. Mən elə halları qəbul edə bilmirəm.
Əgər ailənə, ətrafındakı
insanlara, dostuna biganə yanaşırsansa, bu dünyada
yaşamırsan deməkdir.
- Əjdər müəllim toylara tamada kimi də gedir. Bu
ehtiyacdanmı irəli gəldi?
– Cavan
vaxtlarımdan tamada kimi toylara getmişəm. Təbii
ki, ehtiyacdan yaranıb. Artıq bu ikinci
peşəmə çevrilib. Bu hər
adamın işi deyil. Bəzən aktyorun
toya getməsini qəbul etmirlər. Bütün
dünyada tanınmışlar toya gedirlər. Mən də bir insan olaraq pul qazanmaq istəyirəm.
Toy aparmaq hər adamın hünəri deyil.
Çox ağır bir işdi, amma bu
ağır işə qatlaşıram, əziyyət çəkirəm
və pul qazanıram. Sənətim də
öz yerindədir. Bu da əlavə
işimdir. Türkiyədə və
Rusiyada da belədir. Aktyorları toylara dəvət
edirlər, onlar iştirak edirlər. Toya gedib,
söz deyirik. Söz demək də bizə
aiddir. İnsanlara yazıçının
sözünü biz çatdırırıq. Məni məclislərə, toylara dəvət etməsələr
qocaldığımı və heç kimə lazım
olmadığımı düşünərəm. Amma məni indi də toylara dəvət edirlər,
60 yaşım var. Hələ yaşayıram, sağam, varam,
kinoda, tamaşada oynaya bilərəm. Yəni
mən varam.
- Ailəniz
haqqında məlumat verə bilərsiniz?
– İki qızım, nəvələrim var.
Böyük qızım Bakı Dövlət Universitetinin
biologiya fakültəsini bitirib, hazırda müəllimə
işləyir.
Kiçik qızım İncəsənət
Universitetini bitirib. Gimnaziyada musiqdən dərs
deyir, incəsənət sahəsindədir. Hər iki qızım müəllimədir. Bu sənətə gəlməyə onlarda həvəs
olmayıb. Həm də bu sənətə
gəlməklərini istəməzdim. Çünki
çətin sənətdir. Xüsusən
də aktrisa üçün.
- Əjdər Həmidov niyə hər zaman fikirli
görsənir?
– Məni
anam belə dünyaya gətirib. Bu sözü mənə
çoxları deyib. Əhval-ruhiyyəm
yaxşıdır, heç bir problemim yoxdur, heç nəyin
fikrini çəkmirəm, həyatımda hər şey
yaxşıdır, amma mən belə görsənirəm.
Həmişə mənə deyirlər ki,
Əjdər müəllim, probleminiz var? Deyirəm
ki, yox. Sadəcə olaraq elə
görünürəm. Adam var, səhərdən
axşama qədər gülür. Mənim gözümdə,
üzümdə qəm-kədər ola bilər.
Baxmayaraq ki, komik aktyoram və hər kəsi
güldürürəm. Bəzən deyirlər ki, həyatdan
küsən, qəmgin adam kimi
görünüşünüz var. Biri həkimə gedir. Həkim deyir, sənin dərdinin dərmanı
gülməkdir. O zaman sağalacaqsan. Pasient
bir həftədən sonra gəlir və deyir ki, gülə
bilmirəm. Həkim «şəhərdə
sirk var, oradakı kloun hamını güldürür, səni
də güldürəcək» deyir. Xəstə
cavab verir ki, kloun elə o özüdür. Hamını güldürür, ancaq özü
gülə bilmir.
- Bu həyatda
özünüzü tam xoşbəxt hiss edirsiniz?
– Demək
olar ki, hə. Həyatda tam xoşbəxt adam
yoxdur. Milyonların olsa belə. Həyatda xoşbəxtlik anlayışı əbədi
deyil, insanın anlarıdır. Hər bir
insan ya xəstə olur, ya canı ağrıyır, ya da
müəyyən problemləri olur. Həyatda tam xoşbəxt
adam yoxdur, bu, mümkün deyil. 90 faiz özümü xoşbəxt hiss edirəm nə
arzulamışamsa hamısına çatmışam. Bu həyatda hər şey etmişəm.
Rəqsanə.
Üç nöqtə.-2014.- 6 sentyabr.- S. 13.