Heydər Əliyev – Milli Neft Strategiyasının banisi

 

Müstəqilliyinin ilk illərində müharibə, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan digər ölkələrə nisbətən daha ağır vəziyyətdə idi. Ölkənin suverenliyinin başı üzərini təhlükə almışdı. Belə bir şəraitdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə vəziyyətdən çıxış yolu tapmaq üçün neft amilindən istifadə əsas götürülməklə Azərbaycanın neft strategiyası işlənib hazırlandı. Bu strategiya özündə xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsini birləşdirirdi. Həmin strategiya işlənib hazırlanarkən həm indiki, həm də gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas şərt kimi qoyuldu. Bu barədə Heydər Əliyev deyib: «Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəsillərə deyil, həm də gələcək nəsillərə mənsubdur».

Lakin həmin dövrdə Azərbaycan neft hasilatı sahəsində zəngin təcrübəyə, neft sənayesi infrastrukturuna və güclü kadr potensialına malik olmasına baxmayaraq, öz gücü ilə iri neft yataqlarını istismar etmək iqtidarında deyildi. Çünki bu işləri görmək üçün pul yox idi. Azərbaycan isə dünya bazarına neft çıxarmalı və neftdən gələn böyük gəlirləri makroiqtisadi sabitliyi təmin etmək və iqtisadiyyatı tənəzzüldən çıxartmağa yönəltməli idi. Bu məqsədlə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş («Əsrin müqaviləsi») imzalandı. Bu, Azərbaycana investisiya axınını təmin etdi. Yataqlardan çıxarılan qaz isə Azərbaycana məxsus idi.

Çoxvariantlı boru nəqliyyat infrastrukturu

1997-ci ildə “Çıraq” platformasından çıxarılan ilk neft xarici bazara Bakı-Novorossiysk neft kəmərləri ilə çatdırıldı. Sonradan Bakı-Supsa kəməri gündəmə gəldi. Bunun da öz səbəbləri vardı. İstisna edilmirdi ki, gələcəkdə Rusiya Bakı-Novorossiysk kəmərindən Azərbaycana təzyiq kimi istifadə edə bilər. İkincisi, şimal marşrutu ilə Azərbaycan neftinin nəqli zamanı ona daha keyfiyyətsiz Rusiya nefti qarışırdı. Neft marşrutlarının alternativliyi isə Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi asılılığına son qoymaqla yanaşı ölkəmizin milli mənafeyinə cavab verirdi. Bakı-Supsa kəmərinin ən böyük üstünlüyü həm də Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması və neft nəqlinin ucuz başa gəlməsi idi. Neftin Novorossiyskə nəqlinin tonu 15,67, Supsaya nəqli 13,14 ABŞ dolları təşkil edirdi.

1999-cu il aprelin 17-də Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının iştirakı ilə Bakı-Supsa neft kəməri və terminalının təntənəli açılışı oldu. Bu, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verdi

Qarşıda isə “Azəri”, “Günəşli” yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Məsələn, 1997-ci ildə ölkədə 9 mln. ton neft hasil edilmişdisə, 2010-cu ildə 50,7 mln. ton neft hasil edildi. Hazırda bu göstərici 43 ton ətrafında dəyişir. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan neft həcmləri üçün kifayət deyildi. Bununla bağlı Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyasını gündəmə gətirdi. Kəmərin tikintisinə ciddi maneələr oldu. Onun doldurulması üçün neftin az olduğu barədə Rusiya və İrandan müxtəlif fikirlər səsləndirildi. Kəmərin keçəcəyi ərazilərin ekoloji vəziyyəti qabardıldı. Bu azmış kimi 1998-ci ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə qarşı sui-qəsd törədildi, sonra isə qiyam qaldırıldı. «Artıq təsdiq olundu ki, Xəzər dənizində külli miqdarda neft və qaz ehtiyatları var. Türkiyə maraqlı idi ki, bu ehtiyatlar Avropaya Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə çıxsın. Eyni zamanda Rusiya maraqlı idi ki, bu ehtiyatların ötürülməsi üçün şimal marşrutu təsdiq olunsun. Svanetiyada tədbir keçirirdim. Bir də dedilər ki, Boris Yeltsin məni telefonla arayır. O, məni sağ qalmağım münasibətilə təbrik etdi və dedi: « Siz Xəzər dənizinin neft və qaz məsələlərindən əl çəkməlisiniz». Yeltsinə cavabımda dedim: «Təəssüflər olsun ki, Gürcüstanın nə nefti var, nə də qazı. Neft də, qaz da Azərbaycanındır. Neftin hansı istiqamətdə axıdılması məsələsi də onun işidir… Mən əminəm ki, Heydər Əliyevə dəfələrlə belə zənglər olmuşdu ki, neft və qaz şimal marşrutu ilə nəql olunsun. Amma o, əlindən gələni etdi, məhz Qərb marşrutu qələbə çaldı»,- Eduard Şevardnadze «Üç nöqtə»yə verdiyi müsahibədə deyib.

Bu göstərir ki, Rusiya böyük gəlir mənbəyini və gələcək təzyiq vasitəsini heç cür itirmək istəmir. Məhz Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti sayəsində layihə uğurla reallaşdı. «Qərb neft kəməri (BTC) bütün dünyaya göstərdi ki, müstəqil dövlətlər kimi Azərbaycan heç nəyə baxmayaraq, öz problemlərini müstəqil həll edir və öz məqsədlərinə çatır. Bu, çox böyük siyasi əhəmiyyət kəsb edir, imkanları nümayiş etdirir və bunu təsdiqləyir ki, hərbi münaqişələrlə əlaqədar Azərbaycanda, bütövlükdə Qafqazda vəziyyətin ağır olmasına baxmayaraq, o müstəqil dövlətdi, yaşayıb yaradır, uğurlar qazanır, planlarını həyata keçirir. Bu, ən başlıcasıdır,-Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Tikintisinə 2002-ci ildə başlanan BTC 2006-cı ilin yayında istismara verildi. Həmin vaxtdan 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 mln. ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 mln. ton, Bakı-Supsa boru kəməri ilə 68 mln. ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 mln. dəmir yolu ilə 20,3 mln. ton neft ixrac edildi. « 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti bazarlara çıxarılıb»,- ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. Onun sözlərinə görə, dünya bazarlarında Azərbaycanın payına düşən 179 mln. tona qədər mənfəət nefti satılıb.

Qeyd edək ki, bu gün «İnam», «Dan ulduzu», «Atəşgah» yataqları üzrə də xarici şirkətlərlə birgə neft hasilatı həyata keçirilir.

Milli Neft Strategiyasının uğurla həyata keçirilməsi, geniş sərmayə qoyuluşu, müasir texnika və texnologiyanın tətbiqi nəticəsində isə 1999-cu ildə nəhəng «Şahdəniz» qaz-kondensat yatağı aşkar edildi. «Əsrin müqaviləsi» Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, “Şahdəniz” yatağının kəşfi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyada böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdı. Təbii qazın xarici bazara çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. İndiyədək yataqdan 13,5 mln. ton kondensat, 52 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

Hazırda isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin həyata keçirilməsinə başlanıb. 3500 km. məsafədə nəql olunacaq qaz (TANAP və TAP layihələri) Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək.

Ümumiyyətlə, 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 mlrd. dollar məbləğində sərmayə qoyulub.

Uğurlu nəticə

Heydər Əliyev enerji faktorunu xarici siyasətin aktual məsələsinə çevirməklə Azərbaycanın təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirdi. Azərbaycan beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı, öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı. Bu, Azərbaycanın geosiyasi mövqeyini möhkəmlənləndirməklə yanaşı çoxmilyardlı xarici investisiyaların axınına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaratdı. «1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun xarici sərmayə qoyulmamışdı. Bu gün isə Azərbaycan iqtisadiyyatına qoyulan yerli və xarici sərmayənin həcmi 170 milyard dollardı. Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyard dollar yaxınlaşıb»,-iqtisadçı Əli Məsimov deyib.

Neft gəlirlərindən istifadə etməklə Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirdi. Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanan (1999-cu ilin dekabrında yaradılıb) vəsaitin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldildi. Məhz bunun nəticəsidir ki, qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olundu. Milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının (BTC,BTG, BTQ) icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi həyata keçirildi. Strategiyanın nəticəsidir ki, Azərbaycanda sənaye istehsalının həcmi 2,7 dəfə artdı, müstəqilliyin ilk illərində tənəzzülə uğramış ölkə iqtisadiyyatının yerini, yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli yüksək inkişaf etmiş iqtisadiyyat tutdu. Milli Neft Strategiyasının uğurlu həyata keçirilməsi yeni iş yerləri yaratdı, yoxsulluğun və işsizliyin səviyyəsini minimuma endirdi. Əhalinin həyat şəraitinin yaxşılaşmasına, əmək haqqı və pensiyaların dəfələrlə artırılmasına imkan verdi. Milli Neft Strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycan dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışını təmin etdi. «Dünya bazarına birbaşa çıxışı olmayan Azərbaycan üçün neft və qaz potensialının şaxələndirilməsinin tam şəkildə həll edilməsi Türkiyə, Gürcüstan, Azərbaycan və Qərb arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, bir-birinə iqtisadi cəhətdən sıx şəkildə bağlanmasına imkan verdi. Avropa enerji təhlükəsizliyi baxımından yenı mənbə, Azərbaycan isə etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar əldə etdi»,-iqtisadçı Vahid Əhmədov deyib.

Bundan başqa, Azərbaycan öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi. Neft strategiyasının uğurlu həyata kesirilməsi iştirakçı ölkələrə həm sabitlik, sülh, həm də iqtisadi artım gətirdi. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edərək, sonradan Gürcüstan və Avropanın enerji təhlükəsizliyində etibarlı bir tərəfdaş kimi çıxış etməyə başladı. Milli Neft Strategiyası sayəsində yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanıldı, onun 2009-cu ildə baş vermiş qlobal böhranın mənfi xarici təsirlərinə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxdı.

Qloballaşma prosesinin yüksək templə inkişaf etdiyi bir dövrdə Azərbaycanın tranzit ölkə kimi xüsusi çəkisi artdı. Azərbaycan üzərindən Türkmənistan və Qazaxıstanın neft və neft məhsulları xarici bazara çıxır. Azərbaycan iri regional layihələrin təkcə iştirakçısı deyil, həm də əsas təşəbbüskarı, dünyada gedən siyasi proseslərdə önəmli söz sahibi kimi çıxış edir. Dünyanın nüfuzlu təşkilatları da Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Milli Neft Strategiyası Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin, əmtəə, kapital dövriyyəsinə və iqtisadi əlaqələrin inkişafına da təkan verir. Bir sözlə, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə töhfə verən, xaricdə sərmayə qoyan, özünü təmin edən ölkəyə çevirdi. Bunlar Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional, həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğunu təsdiq edir. Budur Heydər Əliyevin neft strategiyasının nəticəsi.

 

Pünhan Əfəndiyev

Üç nöqtə.-2014.- 6 sentyabr.- S. 7.