Azərbaycanlılar Suriyada nədən mücahidə çevrilir?
Elşad Miri: «Həmin şəxslər
özləri bu yolu seçir»
elsad miriSon bir həftədə Suriyada üç azərbaycanlı mücahid öldürülüb. Bu isə ilk fakt deyildir. Bundan əvvəl də bir neçə dəfə mücahidlərə məxsus saytlarda azərbaycanlıların da ölümü ilə bağlı məlumat yayılıb. Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Suriyada döyüşən azərbaycanlılar isə yaydıqları video müraciətdə oraya cihad üçün gəldiklərini bildiriblər. Hazırda Azərbaycanın 20 faizdən artıq ərazisi işğal altındadır. Belə olan şəraitdə soydaşlarımızın Suriyada cihada quşulması nə qədər düzgündür və həmin insanlar oraya hansı yollarla gedib çıxır?
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, böyük ehtimalla azərbaycanlı mücahidlər Suriyaya fərdi qaydada gedir: «İndiyədək dəfələrlə Suriyada azərbaycanlı mücahidlərin ölümü ilə bağlı məlumat yayılıb. Həmçinin, əvvəlki illərdə Rusiyada, Əfqanıstanda da azərbaycanlı mücahidlərin döyüşməsi faktları var idi. Amma bunlar da fərdi təşəbbüslərlə edilən hərəkətlərdir. Həmin şəxslər o ölkələrə muzdlu döyüşçü kimi getdiklərinə görə, orada qarşılarına qoyulan hərəkətləri yerinə yetirirlər. Bu gün Azərbaycan torpaqları işğal altındadır. Həmin döyüşkən adamlar Azərbaycan torpaqlarının azad olunması uğrunda da döyüşməlidir. Həmçinin, müvafiq qurumlar müəyyən maarifləndirmə işləri aparmalıdır. Həmin döyüşkən şəxslərin öz silahlı qüvvələrimizdə istifadəsinə diqqət yönəldilməlidir. Çünki hazırda həmin şəxslərin hansı şəraitdə öldürülməsini bilmirik. Onların öz döyüşçü yoldaşları tərəfindən öldürülməsi, yaxud başqa şəraitdə ölümü bilinmir. Bizim gənclərimiz faktiki olaraq müəyyən məqsədləri və maddi vəziyyətlərini düzəltmək üçün bu yolu seçib. Daha yaxşı olar ki, bu insanların gücündən öz ölkəmizdə istifadə olunsun. Həmin şəxslər sabah Qarabağda döyüş olacaqsa, 10-20 nəfər təcrübəsiz əsgəri əvəz edə bilər».
İSTƏNİLƏN HALDA GƏNCLƏRİ BU YOLA VADAR EDƏN SƏBƏBLƏR ARADAN QALDIRILMALIDIR
Azərbaycanlıların Suriyaya hansı yollarla getməsinə münasibət bildirən Ü.Cəfərov deyir ki, bunun ən əsas səbəbi həmin şəxslərin müəyyən qrupların təsiri altına düşməsidir: «Burada maddi amil də mühüm rol oynayır. Radikal dini qruplar daha çox dini və ideoloji istiqamətli şəxslərin nəzarəti altında olduğuna görə, həmin şəxslər də öz ölkəsində özünün narazılığı və ehtiyacı olanları təsir altına alırlar. Hazırda Bakının özündə də bəzi dini cərəyanlar var ki, onlar iradəsi zəif olan gəncləri öz təsir dairəsinə salır, maddi cəhətdən şirnikləndirib istədiyi kmimi istifadə edirlər. İstənilən halda gəncləri bu yola vadar edən səbəblər aradan qaldırılmalıdır. Cəmiyyətdə gəncləri bu yoldan çəkindirmək üçün marifləndirmə işləri aparılmalıdır. Həmin şəxslər artıq həyatlarını itiriblər və dövlət onlara hər hansı yardım edə bilməyəcək. Heç qəbirləri belə olmayacaq. Yad torpaqda qəbrləri də naməlum bir qəbir kimi qalacaq, var ikən yox olacaqlar. Buna görə də, gənclərin bu hallarla qarşılaşmaması üçün geniş maarifləndirmə işləri aparılmalıdır».
Dini ekspert Elşad Miri isə deyir ki, bu məsələyə birtərəfli yanaşmaq olmaz: «Azərbaycanda atəşkəs rejimidir və faktiki olaraq bu gün müharibə yoxdur. Suriyada isə müharibə davam edir. Digər tərəfdən sabah Azərbaycanda belə bir məsələ olsa, həmin insanların niyə Azərbaycanda yox, Suriyada döyüşməsi qınaq obyekti ola bilərdi. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, həmin insanlar inanclı şəxslərdir. Onlar düşünür ki, islamda peyğəmbərlikdən sonra ən yüksək mərtəbə sayılan şəhidlik anlayışı var. Onların qənaətinə görə, Suriyada döyüşmək cihaddır və orda ölmək şəhidlik sayılır. Həmin şəxslərin özləri bu yolu seçir və düşünmürəm ki, onlar kimlərinsə təkidi ilə bu yolu seçib. Bu da insanlara dinin düzgün çatdırılmaması və ya Suriyadakı hadisələrin cihad olub-olmaması anlayışını düzgün qavramaması ilə bağlıdır. Bəlkə də onların Suriyada baş verənlərin siyasi amillərlə bağlı olmasından xəbərsizdir».
«O İNSANLAR DÜŞÜNMÜR Kİ, MƏNİM ORA GETMƏYİMƏ EHTİYAC VAR VƏ YOX?»
E.Mirinin sözlərinə görə, həmin insanların bilgili olmaması ilə bağlı məsuliyyət hər birimizin üzərinə düşür: «Çünki bu gün Azərbaycanda orta məktəblərdə və ali məktəblərdə dini biliklər verilmir. Dini maarifləndirmə ilə bağlı fənn tədris edilmir. İkinci tərəfdən bu gün Azərbaycanda müsəlmanlar, mollaları çıxmaq şərti ilə Qafqaz Müsəlmanları İdarəsindən narazıdır və onları qəbul etmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işini dini icmalarla iş aparmaqla bitmiş saymalıdır. Bu gün əhmin insanlarla işləyə biləcək, onların özlərinə bir lider görə biləcəyi şəxs yoxdur. Bir insan dinə gəlir və fikirləşir ki, din adamıdırsa, dinin bütün rituallarına riayət etməlidir. Əgər dünyanın hansısa yerində müsəlmanlara qarşı döyüş gedirsə, onlara qarşı müqavimət cihaddır və mən ora getməliyəm. Amma o insanlar düşünmür ki, mənim ora getməyimə ehtiyac var və yox?».
Mətbuata açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevi bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: «Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığı hələ də qüvvədə qalır. Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir».
Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli vətəndaşların maarifləndirilməsi istiqamətində kifayət qədər iş aparıldığını vurğuladı: «Həmin insanların Suriyaya hansı yollarla getməsi ilə bağlı heç nə deyə bilmərəm. Amma insanların radikal dini quruplara qoşulmaması üçün kifayət qədər maarifləndirmə işləri aparılır. Son il yarım ərzində Dövlət Komitəsi əksər rayonları əhatə edən konfranslar keçirib. Həmin konfranslarda da insanların radikal dini quruplara üzv olmaması üçün tövsiyyələr verilir. Bu istiqamətdə tədbirlər gələcəkdə davam etdiriləcək».
Xalid
Üç nöqtə.-2014.- 11 yanvar.- S.6.