Vətəndaş cəmiyyəti
azad vətəndaşların
özünümüdafiə sferasıdır
Bu cəmiyyət vətəndaşların
maraqlarını, tələbatlarını,
azadlığını, istəklərini birləşdirir
Vətəndaş cəmiyyəti – cəmiyyətin inkşafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.
Elmi ədəbiyyatda “vətəndaş cəmiyyəti” anlayışı öz xüsusi məzmununu müəyyən edib və müasir şərhində cəmiyyətin tipini, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkşaf və yetkinlik səviyyəsini ifadə edir. Başqa sözlə bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Bu, sosial cəmiyyətin inkşafında daha yüksək pillədir. Bu fenomenin mahiyyəti çoxtərəfli, müxtəlif mənalıdır və alimlər tərəfindən müxtəlif cür şərh edilir. Lakin bir şey aydındır ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil.
Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçmişdir. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkşafı intibah dövründə də davam etmiş və H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapmışdır.
Lakin “vətəndaş cəmiyyəti” termini yalnız 18-ci əsrdən indiki mənada istifadə edilməyə başladı. Buna baxmayaraq sonralar da cəmiyyətlə dövlət arasında prinsipial fərqlər göstərilmirdi. Onları ayırmaq elə də asan deyildi. Çünki dövlət cəmiyyətin təşkilat formasıdır. Amma bu o demək deyil ki, cəmiyyət və dövlət strukturları və mexanizimləri bütövlükdə və bütün hallarda üst-üstə düşrdü. Yeni dövr mütəfəkkirləri “şəxsiyyət” anlayışını yaratmaqla yanaşı şəxsiyyətlə cəmiyyət arasında qəti ziddiyət olduğunu da dərk edirdilər. Antik və orta əsrlər ideyası olan “şəxsi və ictimai”-nin eyniliyi fikri inkar edilir və dövlətə münasibətdə cəmiyyətin birinciliyi qəbul edilirdi. Artıq V.Humbolt, İ.Kant, G.Hegel, Karl Marks, M.Veber və b. mütəfəkkirlər bu təzahürləri hüdudlaşdırırdılar, lakin bu barədə dəqiq nəzəriyyələr yox idi. Filosoflara müəyyən qədər vaxt lazım idi ki, dövlətlə cəmiyyət arasındakı fərqləri görsünlər və anlasınlar ki, onlardan biri digərini tamamlayır.
Onu qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti burjua dövrünun məhsulu olub insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş-mülkiyyətçilərə çevrilməsinin nəticəsi kimi başlıca olaraq aşağıdan formalaşır. Vətəndaş cəmiyyəti adı altında münasibətlərin – başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi münasibətlərin xüsusi sferasını anlamağa başladılar ki, bunlar məlum dərəcədə dövlətdən ayrı, müstəqil olsunlar. Burada söhbət hakimiyyətin şəxsiyyətin “vətəndaş işinə”, insanların şəxsi həyatına qarışmamasından gedirdi.
Vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür. Vətəndaş cəmiyyətində dövlət strukturlarından fərqli olaraq vertikal (tabeçilik) əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edir. Horizontal əlqələr – hüquqca azad və bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləridir. Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti o, insanların demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Məsələn, istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə.
Beləliklə, vətəndaş cəmiyyəti məsələsi insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun quruluşu kimi qaldırılmışdır. Burada söhbət sivilizasiyanın inkşafının yeni mərhələsindən gedirdi. Bu məsələ barədə təklif edilən bütün model və konsepsiyalarda başlıca və ümumi müddəa – mülkiyyətin mövcudluğu və dövlətin yeganə “təşkilatcı və koordinator” rolundan imtina etməsidir.
Vətəndaş cəmiyyətinin ən başlıca elementi olan mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi çıxış edir. Mülkiyyətə hörmət olmayan yerdə şxsiyyətə də hörmət yoxdur.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil KİV. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyəti nin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi.
Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.
Vətəndaş cəmiyyətinin
formalaşması onun həyatının
və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi
nəzərdə tutur. Lakin
bu o demək deyil ki, onun
dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və
tutmalı, bütün problemlərin həllində
totalitar nəzarətdən və
cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun
iştrakı qaçılmaz olsun.
Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət,
büdcə, rabitə, nəqliyyat, vətəndaşların
hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi,
onun inamlı nümayəndəsi kimi çıxış edir.
Qısa desək cəmiyyət dövlət üçün
yox, dövlət cəmiyyət üçündür.
İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.
Üç nöqtə.-2014.- 18 yanvar.-
S. 10.