Sərbəst hərəkət hüququ azadlıq hüququnun tərkib hissəsidir

 

                                                                  Bu, digər hüquqlardan da yetərincə istifadə edilməsinə və yararlanmasına imkan verir

 

Azadlıq hüququnun tərkib hissəsi olan sərbəst hərəkət etmək hüququnun təmin edilməsi insanın digər hüquqlardan da yetərincə istifadə etməsinə və yararlanmasına imkan verir. Vətəndaşın şəxsiyyət vəsiqəsinə malik olması onun maneəsiz hərəkətini təmin eməklə yanaşı, həm də dövlət orqanlarına, müəssisə, idarə və təşkilatlara, habelə xidmət sahələrinə müraciəti zamanı məhdudiyyətlərin qarşısını alır. Lakin şəxsiyyət vəsiqəsinin olmaması vətəndaşların bir çox digər hüquqlarının da həyata keçirilməsinə maneçilik törədir, onların çətinliklərlə üzləşməsinə səbəb olur. Odur ki, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi Müvəkkilin daimi olaraq nəzarətində olmuşdur.

Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyətinin monitorinqi məqsədilə Müvəkkil tərəfindən ölkənin şəhər və rayonlarında keçirilən, polis orqanlarının vəzifəli şəxslərinin də iştirak etdikləri silsilə ictimai dinləmələr çərçivəsində vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəziyyətinin monitorinqi aparılmış və nəticələr göstərmişdir ki, əsas etibarilə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər. Bu hüququn pozulmasına səbəb olan əsas maneələrdən biri vətəndaşların müraciət etdikləri aidiyyəti daxili işlər orqanları tərəfindən vaxtında tədbir görülməməsi olmuşdur.

Yeri gəlmişkən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN xidmət» mərkəzlərində şəxsiyyət vəsiqəsinin verilməsi istiqamətində müvafıq prosedurlar operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməkdədir.

Ən müxtəlif səbəblərdən daimi yaşayış yeri olmadığından qeydiyyata düşə bilməyən vətəndaşların daimi qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55-s saylı Sərəncamının tələblərinə əsasən, bir çox vətəndaşların bu sahədə pozulmuş hüquqlarının bərpasına nail olunmuşdur.

Daimi qeydiyyatdan çıxarılmış şəxslərin bundan əvvəl qeydiyyatda olduqları evin yerləşdiyi polis orqanının inzibati binasına məcburi qeydiyyata alınmasına dair məhkəmələr tərəfindən müvafiq polis orqanının üzərinə öhdəliyin qoyulması ilə bağlı müddəanın “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi zəruridir.

Ünvan verilməyən yaşayış massivlərinin ünvanlaşdırılması, vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması sahəsindəki mövcud vəziyyətin araşdırılması və məsələlərin həllinin sürətləndirilməsi məqsədəuyğundur.

Ölkəmizdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, lakin əslində Azərbaycan Respublikasının vətəndaşı sayılmayan şəxslər də olur. Buna səbəb isə vaxtilə müvafiq səlahiyyətli qurumlar tərəfindən aidiyyəti sənədləşmə işlərinin düzgün aparılmaması olmuşdur.

Sovet dövlətinin süqutu ərəfəsində və ya ondan sonra, xüsusilə də ölkəmizin müstəqilliyinin ilk illərində məlum etnik münaqişələrlə və buna bənzər digər xarakterik hadisələrlə bağlı respublikamıza gəlmiş və milliyyətcə azərbaycanlı olan, yaşayış yeri üzrə qeydiyyata düşən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu sahəsində hələ də müəyyən problemlər qalmaqdadır.

Bu qəbildən olan insanlar tərəfindən Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsinin daha da sadələşdirilməsi məqsədilə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi zəruridir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Miqrasiya Məcəlləsinin qəbul edilməsinin sürətləndirilməsi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi bir sıra, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə imkan yaradardı.

Kənd və qəsəbələrdə nikahların qeydiyyatı və uşaqlara doğum haqqında şəhadətnamələrin vaxtında verilməsi, bu sahədə problemlərin aradan qaldırılması məqsədilə şəhər və rayon icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin, habelə yerli tibb müəssisələrinin işinin fəallaşdırılmasına, əhali arasında zəruri maarifləndirmə işinin aparılmasına ehtiyac vardır.

Müvəkkil və aparatın əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlama yerlərinə, Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, QeydiyyatMiqrasiya Baş İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama yerlərinə, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, həmçinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanalarına müntəzəm olaraq çoxsaylı baxışlar keçirilir. Müvəkkilin «qaynar xətt»inin telefon nömrəsi göstərildiyi elanlar ölkənin bütün şəhər və rayonlarının polis idarə, şöbə və bölmələrində asılmışdır.

Müvəqqəti saxlanılma yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərlə görüşərək təkbətək söhbət zamanı onların saxlanma şəraiti və rəftar araşdırılmış, hüquqları izah edilmiş, saxlanılması ilə bağlı ailəsinə xəbər verilməsi, vəkillə təmin olunması, şübhəli şəxs qismində saxlanılarkən insan hüquqlarının izah edilməsi, polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin aparılması vəziyyəti, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olunmuşdur.

Həbs yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, hauptvaxtlarda saxlanılan şəxslərin hüquqlarının səmərəli müdafiəsi məqsədilə onların vaxtında vəkillə görüşünün təmin olunması vacibdir.

Baxışlar zamanı aşkar edilmiş qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə müvafiq polis orqanlarının rəislərinə, zəruri hallarda isə Azərbaycan Respublikasının Baş prokuroruna, habelə daxili işlər və ya ədliyyə nazirlərinə müraciətlər edilmişdir.

Peşə hüquq mədəniyyətinin artırılması baxımından «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, hauptvaxtların əməkdaşlarının məlumatlandırılması və maarifləndirilməsi üzrə treninqlərin təşkili davam etdiriləcəkdir.

Şərəf və ləyaqətin pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə Müvəkkil aidiyyəti qurumlara yoxlama tapşırıqları vermiş, bir sıra hallarda şikayətlər yerində araşdırılmış, müvafiq tədbirlər görülmüş, günahkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.

Müvəkkil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü («İşgəncə vermə») maddəsinin BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə» Konvensiyasının 1-ci maddəsinə uyğunlaşdırılmasını təklif etmişdir.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD saylı Qanununa müvafiq olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi yeni redaksiyada verilmişbu dəyişikliyə görə “Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakterya məqsəd daşıya bilməz”. Beləliklə, bu maddənin əvvəlki redaksiyasında öz əksini tapmış “cismani cəza vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi” sözləri “işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakterya məqsəd” sözləri ilə əvəz edilmişdir.

 

Üç nöqtə.-2014.- 25 yanvar.- S.9.