İnsan hüquqlarının müdafiəsinə diqqət artırılır

 

                                                                                          Bu sahədə milli fəaliyyət planları böyük əhəmiyyət kəsb edir

 

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm hadisədir. Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində dövlət proqramlarının, strategiyaların və milli fəaliyyət planları böyük əhəmiyyət kəsb edir. Bu sahədə milli fəaliyyət planlarının konsepsiyası hələ 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində verilmişdir. Həmin konfransda hər bir dövlətə insan hüquqlarının müdafiəsi və təşviq olunmasını daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən fəaliyyət planının hazırlanmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək tövsiyə olunmuşdur.

Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində mühüm sənədlər qəbul olunmuşdur. İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nı xüsusilə qeyd etmək lazımdır. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının insan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuş, daha sonralar həmin aktlarda təsbit olunmuş məsələlərin həlli istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.

Bu islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir.

Bu plan insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bir çox təklifləri də nəzərə alınmaqla qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı son dövrlərdə insan hüquqları sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri olaraq ölkəmizdə insan hüquqlarının müdafiəsinin yeni mərhələsini özündə əks etdirmişdir.

Eyni zamanda qeyd etmək istərdim ki, MFP-nın həyata keçirilməsinin əlaqələndirilməsi funksiyasını daşıyan İşçi Qrupu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin rəhbərliyi ilə fəaliyyət göstərmişdir.

Müvəkkilin təşəbbüsü ilə ilkin olaraq Milli Fəaliyyət Planının cəmiyyətə təqdim edilməsi, bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, Müvəkkilin aparatında 31 yanvar 2007-ci ildə dövlət qurumları ilə, 9 və 19 fevral 2007-ci il tarixlərində QHT və hüquq klinikaları ilə, 23 fevral 2007-ci il tarixində isə KİV ilə Milli Fəaliyyət Planının həyata keçirilməsinə dair məsləhətləşmələr aparılmışdır.

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası və nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ölkəmizin bütün rayon və şəhərlərində ictimai dinləmələr keçirilmişdir. Bu tədbirlərdə həmin bölgə üzrə seçilmiş millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxslərinin, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən, qaçqın və məcburi köçkünlərin, milli azlıqların və başqa icmaların nümayəndələrinin, habelə seçki hüququ ilə bağlı təbliğatın aparılması, seçkiyə hazırlıq vəziyyətinin müzakirəsi məqsədi ilə Dairə Seçki Komissiyalarının sədrlərinin iştirak etməsi tədbirin effektivliyini daha da artırmışdır.

İctimai dinləmələrdə MFP-nin mahiyyəti, qarşıya qoyulmuş vəzifələr, bu vəzifələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunmuş, iştirakçıların çıxışlarına geniş yer verilmiş, təkliflər dinlənilərək ümumiləşdirilmiş, interaktiv müzakirələr aparılmış, MFP-nın hamılıqla mütəşəkkilliklə icra edilməsinin vacibliyi qeyd edilmiş, o cümlədən, hər bir rayonda belə dinləmələrin həyata keçirilməsinin əhəmiyyəti və zəruriliyi vurğulanmışdır.

Demək olar bu prosesdə bütün bölgələrdə ümumi ictimai fəallıq müşahidə olunmuşdur. İctimai dinləmələrdə Milli Fəaliyyət Planı sürətlə inkişaf etməkdə olan müasir Azərbaycan dövlətinin öz insanlarına qayğısının təzahürü, ölkəmizin beynəlxalq imicinin artmasının ifadəsi, insan hüquqlarının qorunmasına diqqətinin nümunəsi kimi qiymətləndirilmişdir.

Ötən müddət ərzində hər il MFP-nın icrasına məsul olan dövlət qurumları tərəfindən planın icrası istiqamətində müvafiq işlər görülmüş, bununla bağlı məlumatlar Müvəkkilə təqdim edilmişdaha sonra ümumiləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.

MFP-nın icrası sahəsində tərtib olunmuş məlumatlar, bununla bağlı yaradılmış xüsusi internet səhifəsində (mfp.ombudsman.gov.az) yerləşdirilmiş, həmçinin, kitab şəklində nəşr olunaraq MFP-nin icrasına məsul dövlət qurumlarına göndərilmişdir.

Hər il həyata keçirilən ictimai dinləmələrin sonunda Bakı şəhərində Yekun konfrans keçirilmiş, ictimai dinləmələrin nəticələri təhlil edilmiş, qaldırılan problemlər və onların həlli istiqamətində irəli sürülən təkliflər müzakirə edilərək ümumiləşdirilmişdir. Eyni zamanda konfransın materialları kitab şəkilində çap olunaraq dövlət qurumları və ictimaiyyət arasında geniş yayılmış, bu nəşrlər təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmuşdur.

Eyni zamanda KİV-lər vasitəsilə görülmüş işlər və gələcək vəzifələr haqqında davamlı ictimaiyyətə geniş məlumat verilir.

MFP-nın I hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası sahəsində qanun layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulmuş, ölkəmizin tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi, eyni zamanda respublikamızın tərəfdar çıxmadığı insan hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli beynəlxalq və regional konvensiyaların ratifikasiyası ilə bağlı təkliflər irəli sürülmüş, bir sıra qanun layihələri hazırlanmışdır.

MFP-nin adı çəkilən hissəsində həyata keçirilməsi üçün konkret müddət nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı qeyd etmək istərdik ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Azərbaycan Respublikasının cinayət və seçki məcəllələrinə əlavələr və dəyişikliklər edilmişbu dəyişikliklər Avropa Şurasının ekspertləri tərəfindən qiymətləndirilmişdir.

 

Üç nöqtə.-2014.- 28 yanvar.- S.9.