Məhəbbət Kazımov
dünyasını dəyişdi
Baloğlan Əşrəfov:
“Yaxşı dostumu, əziz insanımı itirdim”
Ötən gün sənət aləmi üçün ağır itki üz verdi. Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Məhəbbət Kazımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Müğənni epilepsiyadan (sudurğa) vəfat etdi. Məhəbbət Kazımovun itkisi ilə sənət yoldaşları barışa bilmir. Onlar sənət dostları ilə bağlı xatirələrini “Üç nöqtə”ylə bölüşdülər. Əməkdar artist Baloğlan Əşrəfov bu itkini heç cürə gözləmədiyini dedi: “Məhəbbət Kazımovla mən 10-15 il Azərbaycanın rayonlarını qarış-qarış gəzmişik. Çox gözəl sənətkar olmaqla yanaşı, yaxşı dostumu, əziz bir insanımı itirdim. Onun ölümü mənə pis təsir elədi. Ən son 5-6 gün öncə olar ki görüşmüşdük. Tez-tez görüşürdük, tədbirlərdə qarşılaşırdıq. Mən Türkiyədə xəstə olanda zəng vurub “can” dedi və ağladı. Həyatdı da… Hamımız öləcəyik. Allah rəhmət eləsin”.
Əməkdar artist Aybəniz Haşımova Məhəbbət Kazımovu sənət aləmi üçün böyük itki hesab etdiyini dedi: “Biz onunla “Dan ulduzu” ansamblından tanış idik. Mən uzun illər həmin ansamblın solisti olmuşam. Mən onun səsini ilk eşitdiyim vaxtlardan səsinin vurğunu olmuşam. Onun ansamblda çox gözəl ifaları var idi. Xüsusilə “Ey mənim məhəbbətim” adlı segah təsnifini çox sevirdim. İnanılmaz gözəl oxuyurdu. Onun ifası, səsi məni heyran edirdi. Bu günə qədər onun səsinin gözəlliyi hər birimizin qəlbini fəth edirdi. Mən Məhəbbət Kazımovu Azərbaycanın İbrahim Tatlısəsi adlandırırdım. Təəssüf ki, vaxtından öncə xəstəlik onu bizdən aldı. Əslində o qədər də çox yaşı yox idi. Çox dəyərli ifaçı idi. Qəlbim qan ağlayır. Sənətkarlarımızın dünyasını dəyişməyi mənə çox pis təsir edir. Bununla da sənət uduzur. Əsl sənət ağacından nəhəng bir budaq düşdü”.
Bildirək ki, Məhəbbət Kazımovla vida mərasimi bu gün evində olacaq. Bu barədə Bakupost.az saytına mərhumun dostu Natiq Dağlaroğlu məlumat verib: “Onu son mənzilə yola salmaq üçün yaxından-uzaqdan çox insanın gələcəyi gözlənilir. Ona görə də vida mərasimi saat 12.00-dan başlayacaq. Mərhum Bakıda dəfn olunacaq”.
Allah rəhmət eləsin!
Aygün Asimqızı
Üç nöqtə.-2014.- 28 yanvar.-
S.10.