Məhkəmə
baxışı zamanı insan
hüquqları necə qorunur?
Bu hüquqların pozulmasının
qarşısının alınması üçün
məhkəmələr tərəfindən qanunamüvafiq
tədbirlər görülməlidir
Vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üzrə respublikamızda müasir məhkəmə infrastrukturu yaradılmışdır. «Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi» çərçivəsində Yasamal, eləcə də Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları açılmışdır. İstifadəyə verilmiş, habelə tikilməkdə olan yeni bina və komplekslər hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün ictimai və inzibati zonalara bölünməklə, ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunmaqla vətəndaşlara lazım olan informasiyanı asanlıqla əldə etməyə, məhkəmə iclaslarında audio-video yazılışları, habelə videokonfranslar aparmağa imkan verir.
Məhkəmələrə daxil olan iddia ərizələrinin sayının getdikcə artması nəzərə alınaraq, məqsədyönlü addım kimi hakimlərin sayının artırılması da onların iş yükünün azalması ilə yanaşı, işlərə obyektiv baxılmasında və vətəndaşların məhkəmələrə müraciətlərinin səmərəsinin artırılmasında böyük əhəmiyyət kəsb edir.
Cinayət işlərinin məhkəmə baxışı zamanı insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkar olunmuş faktlar üzrə bu hüquqların pozulmasının qarşısının alınması üçün məhkəmələr tərəfindən qanunamüvafıq tədbirlər görülmüşdür. Belə ki, insan hüquq və azadlıqlarını pozduqlarına görə bir sıra dövlət orqanı, müəssisə və təşkilatlarının vəzifəli şəxsləri barəsində xüsusi qərarlar çıxarılaraq zəruri tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Qeyd olunanlar bir daha göstərir ki, ibtidai istintaq və əməliyyat-axtarış orqanlarının əməkdaşlarına insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi məqsədilə maarifləndirmə təlim və məşğələlərin keçirilməsi genişləndirilməlidir.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində şəffaf prosedurlar əsasında hakim vəzifəsinə 77 namizəd seçilmiş və uzunmüddətli tədris kurslarına cəlb edilmişdir.
Bəzi şikayətlərdə əks etdirilmiş halların araşdırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciətlər edilmişdir.
Rəsmi məlumatlara əsasən, məhkəmə sistemində korrupsiya, süründürməçilik və digər qanun pozuntularına qarşı qəti mübarizə aparılaraq, təkcə son 3 il ərzində 52 hakim barədə intizam icraatları başlanılmış, 5 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir.
Ötən il fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Xəzər Rayon Məhkəməsinin hakimi Ə.Qəhrəmanova, Qəbələ Rayon Məhkəməsinin hakimi T.Məmmədova və Göycay Rayon Məhkəməsinin hakimi E.Babayevə töhmət verilmiş, həmçinin qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə Hacıqabul Rayon məhkəməsinin hakimi H.Əzizova töhmət verilmiş, Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ağayevə irad tutulmuş, Bakı ağır cinayətlər məhkəməsinin hakimi A.Babayev barədə intizam icraatı başlanılmışdır.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri ötən il də davam etdirilmiş, Müvəkkil və aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin akademiyanın dinləyiciləri, o cümlədən hakimliyə namizədlər qarşısında məruzələrlə çıxışlar etmiş, onların suallarını cavablandırmışlar.
Təhlillərə görə, şikayətlər əsasən məhkəmələrdə süründürməçilik hallarından, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsindən, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın göndərilməməsindən və ya gec göndərilməsindən, apellyasiya və ya kassasiya şikayətlərinin aidiyyəti üzrə yuxarı instansiya məhkəməsinə göndərilməsi və ya qəbul edilməsindən imtina edilməsi haqqında tərəflərə məlumat verilməməsindən, təqdim edilmiş sənədlərin itirilməsi və ya işə əlavə edilməməsindən ibarət olmuşdur.
Bir sıra şikayətlərin və monitorinqlərin nəticələrinə əsasən qeyd edilməlidir ki, kifayət qədər əsaslar olmadığı və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, həmçinin törədilmiş cinayətin ictimai təhlükəliliyi nəzərə alınmadan həbs-qətimkan tədbirinin seçilməsi, habelə seçilmiş həbs-qətimkan tədbiri müddətinin lüzumsuz uzadılması halları müşahidə olunmuşdur. Şikayətlər üzrə aparılmış ardıcıl araşdırmalar nəticəsində bir sıra hallarda vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsinə nail olunmuşdur. Məhkəmələr tərəfindən vətəndaşların müraciətlərinin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması artıq bürokratik yazışmaların qarşısını ala bilərdi.
Məhkəmə prosesinin gedişi ilə bağlı tərəflərin qanunla müəyyən edilmiş qaydada vaxtında məlumatlandırılmaması onların hüquqlarının pozulmasına, ədalətli mühakimə hüququnun daha səmərəli həyata keçirilməsinə imkan vermir.
Məhkəmə qərarlarının vətəndaşa mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə göndərilməməsi, eyni zamanda vətəndaşda məlumatsızlığın yaranmasına da səbəb olur. Məhkəmə hakimləri üçün «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun, prosessual və digər qanunvericilik aktlarının, habelə Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə, eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin (presedentlərinin) öyrənilməsinə əsaslanan davamlı tədris kurslarının təşkili və davam etdirilməsi zəruridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən respublikanın bölgələrində 16 hüquqi məsləhət xidməti mərkəzi yaradılsa da, qayğıya daha çox ehtiyacı olan aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakı şəhərində, habelə respublikanın hər bir şəhər və rayonunda dövlət büdcəsindən maliyyələşən, ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması, bununla yanaşı, hüquqi yardım göstərilməsi mexanizmini özündə əks etdirən qanunvericilik aktının hazırlanması bütün vətəndaşların, xüsusilə də qayğıya daha çox ehtiyacı olan şəxslərin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun etibarlı təmin edilməsinə imkan yarada bilər.
Qeyd edilənlərlə yanaşı, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin milli qanunvericilikdə implementasiyası, icra mexanizmlərinin dəqiqləşdirilməsi, yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar fəaliyyət göstərən dövlət qurumlarının işinin təkmilləşdirilməsi məqsədəuyğundur.
Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl yuvenal ədliyyə sisteminin yaradılması prioritet məsələdir. Müvəkkil ölkəmizdə yuvenal ədliyyə sisteminin yaradılması istiqamətində əməli tədbirlər görülməsini, müvafiq qanunun qəbul edilməsinin sürətləndirilməsini zəruri hesab edir və bunun yetkinlik yaşına çatmayanların cinayət-mühakimə icraatı zamanı təcrübədə meydana çıxan problemləri aradan qaldırmaqla yanaşı, onların maraqlarının daha yaxşı təmin olunmasına xidmət edəcəyini bildirir.
Üç nöqtə.-2014.- 30 yanvar.-
S.9.