İnsan hüquqlarının
müdafiəsi sahəsində əməkdaşlıq zəruridi
Vətəndaşların müraciətlərinə
baxılması və onların qəbuluna diqqət daha da
artırılmalıdır
Ölkəmizdə prokurorluq orqanları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə cinayətkarlığa qarşı kəsərli mübarizə, sağlam iş mühitinin yaradılması, müasir tələblər səviyyəsində işləməyə qadir gənc kadrların bu orqanlara işə qəbul edilməsi, habelə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qurulması istiqamətində zəruri işlər görülmüşdür. Məhz ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən bəzi yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə zəif nəzarətin nəticəsidir ki, bir sıra hallarda toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında əsassız qərarlar qəbul edilmişdir.
İnsan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsi, o cümlədən vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu, prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqının gedişi ilə bağlı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxslərin, onların qanuni nümayəndələrinin, müdafiəçinin, mülki cavabdehin məlumatlandırılması işinə diqqət daha da artırılmalıdır.
İnsan hüquqlarının təmin edilməsinə görə birbaşa məsuliyyət daşıyan təhqiqatçı və müstəntiqlərin yol verdikləri ciddi pozuntulara görə cəzasız qalması pozulmuş insan hüquqlarının bərpasında da problemlər yaradır. Odur ki, hər bir belə hal diqqətdən yayınmamalı, öz qiymətini almalıdır.
Şikayətlərin araşdırılması prosesində Müvəkkilin prokurorluq orqanlarına müraciətlərindən sonra bir sıra cinayət işlərinə xitam verilməsi haqqında qərarlar ləğv edilərək təkrar istintaqa göndərilmiş, bəzi əməkdaşlar intizam məsuliyyətinə cəlb edilmişdir. Təhlillər göstərir ki, bir sıra təhqiqat və ya cinayət işləri üzrə materiallar təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən həm Müvəkkilin, həm də hüququ pozulmuş ayrı-ayrı vətəndaşların şikayətləri əsasında nəinki bir dəfə, hətta dəfələrlə öyrənilmişdir.
Bununla yanaşı, bəzən cinayət hadisələrinin qeydiyyata alınmaması, polis əməkdaşları tərəfindən vətəndaşlara qanunazidd fiziki güc tətbiq edilməsi, vətəndaşların müraciətlərinə baxılmasında süründürməçilik halları da müəyyən edilmişdir. Belə ki, polisdə vətəndaşların müraciətlərinə və göstərdiyi xüsusatlara əhəmiyyət verilməməsi onların hüquqlarının pozulmasına və şikayətlərinə səbəb olduqdan sonra material yenidən öyrənilməklə fakt üzrə gecikmiş cinayət işi başlanılmışdır.
Bəzi təhqiqatçıların və müstəntiqlərin qeyri-peşəkarlığı və ya hətta bir sıra hallarda cinayətin üstünü bilərəkdən ört-basdır etmək cəhdləri, habelə toplanmış materiallar üzrə yoxlamaları natamam aparması, prosessual pozuntulara yol verməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında tələsik qərar qəbul etməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur.
Polis orqanlarında cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şübhəli şəxsin müəyyən edilməsi məqsədi ilə zəruri əməliyyat-axtarış tədbirlərinin aparılması əvəzinə, bir sıra hallarda cinayət işləri üzrə icraat dayandırılmış, nəticədə cinayətlərin üstünün vaxtında açılması mümkün olmamışdır.
Vəzifəsinə qeyri-peşəkarcasına yanaşan, bununla da vətəndaşların konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına və onların səlahiyyətli dövlət orqanlarına ardıcıl şikayətlərinə səbəb olan polis əməkdaşlarının hərəkətləri heç də həmişə törədilmiş əmələ uyğun olmaqla qanun çərçivəsində öz lazımi qiymətini və cəzasını almır. Belə hallara qarşı mübarizə vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində ciddi profilaktik tədbir hesab edilməlidir.
Respublikamızın, xüsusilə də Bakı şəhəri ərazisində avtomobil yollarında qəzalar əsasən, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramının olmaması, avtomobillərin sayının artması, yüksək sürət və ötmə qaydalarının pozulması, avtomobillərin sərxoş vəziyyətdə idarə edilməsi, ictimai nəqliyyatda olan avtobusların bir çox hallarda sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən idarə edilməsi, bəzi yol ayrıclarında işıqforların olmaması, bir sıra DYP əməkdaşlarının vəzifə səhlənkarlığı və rüşvət tələb etməsi səbəbindən baş verir.
Bütün ölkə üzrə baş vermiş yol qəzalarının və artmaqda olan ölüm hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, habelə aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmalar da cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsi və ictimai nəzarətin tətbiq olunması məqsədəuyğundur.
Əmək haqqının ödənilməməsi, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək müqaviləsinin bağlanılması və ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, işçilərlə əmək müqaviləsinin bağlanılmaması, əmək müqaviləsində əmək haqqının məbləğinin faktiki ödənilən məbləğdən az göstərilməsi, istifadə edilməmiş məzuniyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzləndirilməməsi, işdən azad edilərkən əmək kitabçasının, əmrin surətinin və son haqq-hesabın verilməsinin gecikdirilməsi bu hüququn pozulması ilə bağlı daxil olmuş 887 müraciətdə öz əksini tapmışdır.
Əmək hüquqlarının pozulmasının bəzi aspektləri, o cümlədən əmək haqqı və son haqq-hesabın ödənilməməsi, işdən azadetmə, 3 yaşına çatmamış uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsi, əmək kitabçasının və əmrin surətinin verilməməsi halları üzrə araşdırmalar aparılmış və bir sıra hallarda pozulmuş hüquqların bərpasına nail olunmuşdur. Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində, habelə mülkiyyətçilərin dəyişməsi nəticəsində hər biri bir insan taleyi ilə bağlı olmaqla yanaşı, 50-70 il saxlanılmalı olan arxiv sənədləri əksər hallarda məsuliyyətsiz münasibət, habelə ləğvetmə nəticəsində məhv edilməsi əmək pensiyasının təyini üzrə sənədləşmədə ciddi problemlər yaratmışdır.
Bir çox hallarda müəssisə rəhbərliyinin həmin xəsarətə görə ödənci verməməsi və ya gecikdirməsi vətəndaşların qanunvericiliklə müəyyən edilmiş təminatlardan məhrum edir. İstehsalat xəsarətinə görə ödənclərin verilməməsi ilə bağlı şikayətlər üzrə araşdırmalar çox vaxt nəticə vermir. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır işlərdə çalışan insanların əməyinin mühafizəsinə yönəlmiş tədbirlərin davam etdirilməsinə, nəzərdə tutulan əlavələrin artırılmasına da ehtiyac vardır.
İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu daha səmərəli təmin etmək məqsədilə qanunvericilikdə, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri və normaları sistemi də davamlı şəkildə təkmilləşdirilməlidir.
Müvəkkil Milli Fəaliyyət Proqramında işçilərin əmək hüquqlarının təmin edilməsi, sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri də nəzərdə saxlamışdır. O, sahibkarların hüquqlarının təmin olunmasına, məhdudlaşdırılmasının qarşısının alınmasına, o cümlədən işçilərin əmək hüquqlarına riayət etmələrinə dövlət nəzarətinin gücləndirilməsinin, eyni zamanda uşaqların sağlamlığına, fiziki imkanlarına, əqli inkişafına, təhsilinə, bacarıq və istedadının inkişaf etdirilməsinə mənfi təsiri, habelə qanunun tələbləri nəzərə alınaraq, onların erkən yaşdan əmək fəaliyyətinə cəlb olunmalarına yol verilməməsinin zəruriliyini göstərmişdir.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı monitorinqlərin aparılması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsinə və vətəndaşların hüquqi biliklərinin artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin keçirilməsi, bu istiqamətdə əlaqələndirilmiş, sistemli və davamlı işin aparılması, bələdiyyələrə maliyyə dəstəyinin artırılması, bu qurumların imkanlarının səfərbər edilməsi tələb olunur.
Bələdiyyələr tərəfindən qanunvericiliyin öyrənilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi, habelə layiqli idarəetmə sahəsində nailiyyətlərin əldə olunmasına yönəlmiş işlərin görülməsinə hələ də böyük ehtiyac vardır. Bu baxımdan, respublikanın şəhər və rayonlarında yeni seçilmiş bələdiyyə üzvlərinnin hüquqi maarifləndirilməsi üzrə treninq-seminarların keçirilməsi əhəmiyyətlidir.
Üç nöqtə.-2014.- 31 yanvar.-
S.9.