«Sənətimin dəlisiyəm,
məni pul maraqlandırmır»- Müsahibə
Gülyanaq Məmmədova:
«Tükənməyən arzularım və edə bilmədiyim
işlər var»
- Bir sənətkar kimi istədiyiniz kimi sənətinizin zirvəsindəsinizmi?
- Əlbəttə ki, bir sənətçi üçün fəxri adlardan gözəl heç nə ola bilməz. Xalq artisti fəxri adına görə dövlət başçımıza təşəkkürümü bildirirəm. Təbii ki, sənətə ilk addım atanda ən böyük arzum fəxri ad almaq idi. Kəndimizdən oxumaq üçün gələndə bir əhdim olub ki, təmiz adımla, ləyaqətimlə bu zirvəyə çatım. Vaxtında bəyənmədiyim kəndimizi hazırda o qədər dəyərləndirirəm ki. Bəli, mən o torpaqda böyümüşəm. Mən oradan çıxanda əhd eləmişdim ki, kəndimizdə xalq artisti kimi konsert verəcəm. Əlbəttə ki, sənətin ən yüksək zirvəsində durmuşuq. Bizə dövlətimiz ad verib. Bizi xalqımız, millətimiz bu qədər sevirsə, ixtiyarım yoxdur deyim ki, sənətimin zirvəsinə gəlib çıxmamışam. Bu qədər sevgini, əməyi itirə bilmərəm. Amma özüm özlüyümdə düşünürəm ki, mən hələ o zirvəyə gedirəm. Hələ tükənməyən arzularım və edə bilmədiyim işlər var, qəlbim doludur. Düzdür, biz illərlə sənətimiz üzərində çalışmışıq, zəhmət çəkmişik. Hərdən baxırdıq ki, bizdən sonra sənətə gələnlər fəxri ad aldılar. Onda bəzən qəlbən sınırdıq. Amma yenə düşünürdük ki, biz öz işimizdə olaq, onsuz da insanın çəkdiyi əmək gec-tez qiymətləndirilir. Şükür Allaha, hər şeyə nail olduq. Amma dediyim kimi, arzularım bitmir, tükənmir. Xalq artisti adını aldıqdan sonra “Leyli və Məcnun” operasında “Leyli” obrazını oynadım. Bu yaşa qədər öyrənmişəm, amma hazırda oxuduğum bir ifaya ürək qoymağı hiss edir və həyatı dərk edə bilirəm. Həyatın enişli-yoxuşlu yollarından keçə-keçə gəlirik. Hələ bundan sonra bizi nələr gözləyir, onu bilmirik.
- Bu səviyyəyə gəlmək üçün bir çox çətinliklərdən keçmisiniz. İstərdik ki, bir az da o haqda danışasınız…
- Zəhmətkeş kənd qızı olmuşuq. Rayonlara ustad sənətkarlarımız gəlirdi və istedadlı uşaqları seçirdilər. Biz də ifamızla, istedadımızla o uşaqların içindən seçilən ifaçılar olmuşuq. Valideynlərimiz düşünürdülər ki, «uşağımız şəhərə gedər, nə olar, nə olmaz. Təmiz ad qalsın, ləyaqətimiz itməsin». Azərbaycanımızın milli mentaliteti var və bütün ailələrdə azərbaycançılığımızı qoruyub saxlanmalıyıq. Atam və anam bizim bu sənətə gəlməyimizi istəyirdililər, amma bir tərəfdən də qorxurdular. Tək qız uşağı şəhərdə necə olacaq? Amma qohumlarımdan Bakıda yaşayanlar olduğuna görə bir az rahat olurdular.
İnsan çətinliklə qarşılaşanda öz ayaqları üzərində durmağa çalışır. Beləliklə, kəndən gəldim və təhsil aldım, professional səhnəyə üz tutdum. Tələbəlik illərimiz torpaqlarımızın işğalı vaxtına düşdü. Acılı günlər idi. Çörək növbəsinə dururduq, pul tapmırdıq. Təhsilimlə yanaşı, ailəmin də qayğısına qalmağa çalışırdım, ata-anamı unutmurdum. Həmişə onlar üçün ürəyim əsirdi. Həyatda kövrək anlarım, zəhmətim çox olub. Amma nə qədər əziyyət çəksəm də, işimdən zövq ala-ala inamla addımlamışam.
- Görünür, Sizi bu gün sənətkar edən də məhz o zəhmətləriniz olub…
- Bəli. Zəhmət çəkməklə nəyəsə nail olmaq çox gözəl olur və onun qədir-qiymətini bilirsən. İnsan hər hansı bir şeyi zəhmət çəkib alırsa, onun qiymətini bilir. Asan olanda heç nəyin qədrini bilmirsən. Həyatıma nəzər salan zaman çətin anlarımı xatırlayanda Allahıma, o günümüzə də, bu günümüzə də şükr edirəm. Allah məni həmişə çətinliklərdən qurtarıb. Yaxşı insanlara, kirayə yaşayanda yaxşı ev sahibəsinə, yaxşı ustad, qayğıkeş sənətkarlara rast gətirib. Mühit də insanı dəyişdirə bilər. Bir pis adam əlinə düşə bilərsən, sənə yaxşı yol göstərməzlər. Bəzən gənclərimiz yollarını azırlar, bu yolda büdrəyirlər.
- Sizin həyatda və sənətdə ən böyük dəstəkçiniz kim olub?
- Rayondan şəhərə və professional səhnəyə gəlişimdə qardaşım Ataş kömək edib. O qarmon ifaçısı olub. Uşaqlıq illərimdə müəllimlərimin əməyi olub. Bizim ailəmiz digər ailələrə nisbətən müasir idi, qardaşım müasirliyi gözəl qəbul edirdi. Bakıya gələndən sonra Gülyazın dəstəyi çox olub. Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov kimi muğam ustadlarımız olub.
- Qeyd etdiniz ki, bizdən sonra sənətə gələnlər fəxri ad alanda inciyirdiniz. …
- Bəli. Amma bu haqda heç kimə heç nə demədik. Amma düşünürdük ki, axı, biz əziyyət çəkirik, niyə unudulmuşuq? Hara deyiblər, getmişik. Uman yerdən küsərlər kimi, təbii ki, pis mənada deyil.
- Hər iki bacı - Gülyaz xanım və Siz bir-birinizə dəstək olurdunuzmu?
- Əlbəttə. Bəzən elə tədbirlərdə iştirak etməli idik ki, tədbirin baş tutmasına iki-üç gün qalmış bizi oradan çıxarıb başqalarını dəvət edirdilər. Eləcə də, xarici ölkələrə səfər etməli olurduq, təxirə salınırdı. Hər zaman biz səhnəni önəmli tuturduq. Madiyyatımız toydan çıxır, amma biz onlardan imtina edirdik. Birinci arzumuz səhnədə parlamaq olub. Pul da önəmlidir, beş-üç manat qazanırsan ki, göz qabağındasan, özünü təmin edə biləsən, nəyəsə görə utanmayasan. O baxımdan, haqsızlıqlarla üzləşəndə sınırdıq. Amma yenə də Gülyazla bir-birimizə dəstək olurduq. Deyirdik ki, bəlkə Allah bizi sınağa çəkir. Şükr olsun, mənə elə gəlir ki, sənətimizə dəyər də, qiymət də vaxtında verildi.
- Necə düşünürsünüz, xaraktercə Gülyaz xanım daha güclüdür, yoxsa Siz?
- Mən deyərdim ki, Gülyaz.
- Amma kənardan Siz güclü görsənirsiniz…
- Hə, elə deyirlər. Amma Gülyazı həmişə özümə müəllim hesab etmişəm. Mənim muğam müəllimim Nəriman Əliyev səhnədə cəngavər deyildi. Amma muğam ustadı kimi əməkdar müəllim idi, Azərbaycanda 90 faiz xanəndələr ondan dərs alıb, ustad sənətkarlar ondan qaynaqlanıb. O, çox gözəl müəllim olub. Gülyaz da elə bir müəllimdir. Mən də müəllimə kimi fəaliyyət göstərirəm, amma Gülyaz kimi deyiləm. Sənətə gəlişimdən bu günə qədər Gülyazdan öyrənmişəm. Amma səhnədə danışmaqda, oxumaqda, tamaşaçını tez ələ almaqda mən daha fəalam. Onlarla da Gülyaz həmişə fəxr edir. İkimizdə eyni xarakterdə ola bilmərik. Gülyaz da səhnədə güclüdür, zərifdir, çox incədir, danışanda çəkinir, amma mən, yox. Mənə hər zaman səhnədə Gülyazın fikirləri önəmli olub. Başqası məni tərif edə bilər, amma o tərifdə bir uçurum ola bilər. Bilirdim ki, Gülyaz acı da olsa düzünü deyir. Əvvəl iradını bildirəndə bir az hirslənirdim, amma sonra düşünürdüm ki, Gülyaz düz deyir və həmin şeyi düzəltməyə çalışırdım.
- Hər ikiniz sənətdə eyni səviyyədəsiniz. Sənət aləmində zamanla sizin aranızı vurmağa çalışanlar olubmu?
- Biz heç vaxt elə insanları yaxınımıza buraxmamışıq. Düzdür, özümüzün aramız dəyir də, barışırıq da. İndiyə qədər də elədir, amma küsülü qalmırıq. Yaxşı mənada bir-birimizə iradlar tuturuq, yaxud da danlayırıq. Ailəmizdə nəinki Gülyazla, ümumiyyətlə bacı-qardaş arasında mehribanlıq var. Ailədə 10 övladıq. Hamımız bir-birimizi çox sevirik. Nə qədər sənət yoldaşımız, dostlarımız var. Hamısı ilə hörmətlə əlaqə yaratmışıq, amma hər zaman pərdə saxlamışıq. Dost bir yerə qədər var, özü də indiki zəmanədə..
- Sizin sənətinizi yoldaşınız da dəstəkləyir. Belə bir həyat yoldaşınızın olmasına özünüz qərar verdiniz?
- Mən
bilmirdim ki, yoldaşım belə insandır. Yoldaşımın
sənət aləmi ilə əlaqəsi yoxdur. Biz
Türkiyədə konsert zamanı tanış
olmuşuq. Məni səhnədə sevib. Türkiyədə Polad Bülbüloğlu ilə
gözəl bir tədbirimiz, 1500 nəfərlik salonda möhtəşəm
bir konsert proqramımız vardı. Onlar da
tamaşaçı kimi konsertə gəlmişdilər.
Həmyerli qəribçilkdə daha şirin
olur. Səhəri gün evlərinə dəvət
etdilər, onlarda qonaq olduq. Beləcə, mənə
vurulubmuş. Mənsə
açığını deyim ki, sənətdən başqa
heç nə görmürdüm, ancaq qarşıma məqsəd
qoymuşdum ki, sənətimdə irəliyəcəm.
- Yoldaşınız Azərbaycana Sizə görə gəldi?
-
Yoldaşımın ailəsi Türkiyədə
yaşayır. Ona görə, hamı elə bilir ki, mənim həyat
yoldaşım türkdür. Bu günə qədər
də demişəm ki, azərbaycanlıdırlar, Zəngilan
rayonundandırlar. Bakıda doğulub və
90-cı illərdə Türkiyəyə gediblər. Qaynanam həkimdir. Amma onu deyim ki,
yoldaşıma çox naz elədim, beş
il «yox» demişəm. Sonda o öz sevgisi ilə
qalib gəldi. Mən də
düşündüm ki, bir insan məni bu qədər sevirsə,
dəyər verirsə, niyə də ailə qurmayım?
O dedi ki, mənə sənin təmiz qəlbin və inamın
lazımdır. Amma aramızda yalan olmasın.
Beləkilə, nişanlı olduqdan sonra
Bakıya gəldi. O Vətənə
bağlı insandır. Əvvəl bir az
fərqli idi, qısqanclığı vardı. Yavaş-yavaş
mən onun, o da mənim inamımı qazandı və bizdə
yalan olmadı. Bir yalan belə olsaydı bəlkə
də mənə inamı, etibarı itərdi. Mən də qarşıma məqsəd qoydum ki,
bizim ailəmizdə yalan olmasın. Nə
qədər acı olsa belə, həqiqəti deyəcəyik.
Şükürlər olsun, indi hər şey
yaxşıdır, inamı, güvəni, dəstəyi var.
Çox xoşbəxtəm ki, belə bir insanla ailəli
qurmuşam. Dəfələrlə şayiələr
çıxır ki, ayrılıblar. Mən
ailəmlə xoşbəxtəm. Allah ayırmasın, bizi yalnız
ölüm ayıra bilər ki, o da Allahın qismətidir.
- Yoldaşınız
hansı sahədə çalışır?
- Şəxsi bizneslə məşğul olur. Əvvəl
idmançı olub, ayağından zədə
aldığına görə idmanı tərk edib. Ürəyi, qəlbi ancaq idmanla bağlıdır.
Bizim evdə yalnız idman proqramlarına
baxılır. Şükr Allaha, gözəl ailəmiz,
üç övladımız var. Qızımın 8
yaşı, oğlumun 7, kiçik oğlumun isə 3
yaşı var. Əvvəllər arzum olub ki, 4 övladım,
iki qız, iki oğlum olsun. Allahın qismətidir.
Mən uşaqlarıma çox zaman ayıra
bilmirəm, bacılarım dəstək olurlar. Çox sağ olsunlar. Qapıdan içəri
daxil olan kimi uşaqlarım boynuma sarılırlar, məni
öpürlər. Hər gün bu hal bizim ailədə beş dəfə baş verir. Bütöv
ailə olanda uşaq da xoşbəxt olur. İşimə
də, ailəmə də vaxt ayırmağa
çalşıram. Xarici səfərlərim
də çox olur. Bu yaxınlarda Amerikada
konsert proqramı ilə çıxış etdik. Hər şeyə səsimlə, sənətimlə
nail olmuşam. Ailəm və sənətim
mənim üçün əzizdir və heç birini digərindən
üstün tuta bilmərəm. Ailəmə də bu səslə
nail olmuşam. Səhnədə oxuyanda məni
sevib bəyəniblər.
- Gülyanaq
xanım, Sizi bir çox nüfuzlu tədbirlərdə
görürük. Hətta Türkmənistan prezidentinin
doğum günündə də iştirak etdiniz…
-
Türkmənistana dəvət aldım və Azərbaycan
musiqisinin möhtəşəmliyi ilə hörmət
qazandım. Türkmənistanın ölkə
başçısı məni qızıl medalla təltif
etdi. Mən səhnədə, sənətdə
məbləği önəmli tutmuram. Məgər
prezidentin mənə olan sevgisi, diqqəti, hədiyyə etdiyi
qızıl medalın qiyməti var? Mən
Amerikaya səfərə getdim, amma bir qəpiksiz iştirak
etdim. Çünki sənətimi daha
önəmli tuturam. Pulu toy ilə
qazanmışıq, o da ehtiyacımız olduğu
üçün. Sənətimin dəlisiyəm,
məni pul maraqlandırmır. Pul sadəcə
geyimimi, səs yazılarımı əhatə etsin, bəsimdir.
Pul yığmaq kimi halalları
xoşlamıram. Sabah toy olmayan kimi ac qalan
müğənnilərdən biri mən olacam. Düzdür,
şükürlər olsun, işləyirik, maaş
alırıq. Amma onunla dolanmaq çətindir.
- Toylara bir neçə
saatlığa gedirsiniz?
- Yox. Bütöv toylara gedirik. Amma
çətindir. Mən toyu da səhnə
kimi bilirəm və orada da həmin
tamaşaçıdır. Yalnız fərqi odur ki, toy
repertuarı bir az fərqlidir. Toyu da hər
adam apara bilmir. Müğənillər
var, deyirlər ki, toya ancaq yarım saatlıq gedə bilirik.
Çünki, bötöv toy aparmaq çox
çətindir. Mən toyda fonoqram
oxumuram, 6 saat canlı toy aparıram. Orada
da əmək sərf edib, halal pul qazanmaq istəyirəm.
- Şou-biznes nümayəndələrindən
kiminlə dostluq edirisiniz?
-
Hamısı ilə münasibətim yaxşıdır, amma
yaxın deyilik.
- Daha hansı ölkələrdə
konsert proqramı ilə çıxış edəcəksiniz?
- Nyu-York,
Los-Anceles şəhərlərində, Türkiyədə
konsert nəzərdə tutulub. Çünki
konsertim çox bəyənilib. Amerikada
çox gözəl konsertimiz oldu. Onlara
xalq musiqilərimizi, klassik musiqilərimizi və bəstəkar
əsərlərini səsləndirdim.
Rəqsanə
Üç
nöqtə.- 2015.-25 aprel.- S.-1
3