Azərbaycanda
sənayeleşmənin yeni mərhələsi başlayıb
Məlum olduğu kimi, ölkəmizin qarşıdakı illərdə yeni inkişaf paradiqmaları sırasında müasir sənaye quruculuğu mühüm yer tutur. Daha dəqiq desək, Prezident İlham Əliyev innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sənaye quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Sənaye quruculuğu istiqamətində dövlətin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq dövlət başçısının müvafiq Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Müasir sənaye quruculuğunun Azərbaycan iqtisadiyyatının əsas prioriteti olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda sənayeləşmənin uğurla həyata keçirildiyinə diqqət çəkərək vurğulayıb: “... Sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq”.
Son 12 ildə Azərbaycanda sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 38 faizdən 50 faizədək artıb
Davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir.
Ölkəmizdə 2014-cü ilin və cari ilin 9 ayının uğurlu göstəriciləri sırasında sənaye sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Ümumiyyətlə, respublikamızda “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Cari ilin 9 ayında isə ölkəmizdə sənaye istehsalı 2,1, o cümlədən də qeyri-neft sənayesi 10 faizdən çox artıb.
Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir.
Ölkədə
sənayenin yeni regional strukturu formalaşdırılır
Prezident
İlham Əliyevin təşəbbüsü ilə
regionlarda yeni sənaye məhəllələrinin yaradılmasına
start verilməsi ilə ölkədə sənayeləşmənin
yeni mərhələsi başlayıb. Dövlət
başçısının yeni sənayeləşmə
siyasəti ilə bağlı qarşıya qoyduğu
mühüm vəzifələrdən biri də ölkəmizdə
sənayenin regional strukturunun təkmilləşdirilməsi və
hər rayonda sənaye məhəllələrinin
yaradılması ilə bağlıdır. Ölkəmizdə dövlət sənayenin səmərəli
regional strukturunun formalaşdırılmasına güclü
siyasi iradə nümayiş etdirir. Son illərdə
ölkəmizdə Prezident İlham Əliyevin nümayiş
etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin
inkişafının və onun yeni regional strukturunun
formalaşdırılmasının hüquqi bazasını təmin
etmək üçün əməli addımlar
atılıb. Dövlət başçısı
iqtisadiyyatın və regionların inkişafı
üçün əlverişli şəraitin
yaradılması, investisiyaların təşviqi və
prioritet sahələrə yönəldilməsi, yeni iş
yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən
istifadə olunması, rəqabətqabiliyyətli mal və
xidmətlərin təqdim edilməsi kimi məsələlərin
həllinə nail olmaq məqsədilə hələ 2007-ci
ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi
zonaların yaradılması haqqında” müvafiq Fərman
imzalayıb. Ölkəmizdə “Xüsusi
iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib.
Bundan başqa, dövlət başçısının 24
aprel 2013-cü il tarixində
imzaladığı Fərmanla “Sənaye parkları haqqında
Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının
yaradılması, idarə edilməsi və onlarda
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı məsələləri tənzimləyən
çox mühüm baza sənədidir. Eyni zamanda
Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr
tarixində ölkədə sənaye məhəllələrinin
yaradılması ilə bağlı tədbirlərin həyata
keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye
məhəllələrinin yaradılması və fəaliyyətinin
təşkili haqqında” Fərman imzalayıb. Prezident
İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi
haqqında müvafiq Sərəncamına uyğun olaraq
ölkəmizdə 2015-2020-ci illərdə sənayenin
inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Proqramda “Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin
uzunmüddətli inkişaf istiqamətləri əsas
götürülüb.
Göründüyü kimi, ölkəmizdə son illərdə
sənaye inkişafı və sənayenin yeni, səmərəli
regional strukturunun formalaşması güclü şəkildə
təşviq olunur və bu məqsədlə möhkəm
hüquqi bazanın yaradılması təmin edilir. Prezident İlham Əliyev
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına
həsr olunan konfransdakı nitqində ölkəmizdə sənaye
quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə
edərək deyib: “Mənim göstərişimlə indi hər
bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq
yaxın zamanlarda bu proses də başlayacaq. Burada
yerli icra orqanlarının nümayəndələrinin də
böyük dəstəyinə ehtiyac vardır”.
Regionlarda
ilk sənaye məhəllələrinin yaradılmasına
start verilib
Respublikamızda
sənayenin regional strukturunun formalaşdırılması, sənaye
quruculuğunda regionların potensialından səmərəli
istifadə edilməsi baxımından dövlət
başçısının cari il 2 fevral tarixində
imzaladığı “Neftçala Sənaye Məhəlləsinin
yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət
daşıyır.
Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsinin
yaradılması ilə əlaqədar ayrı-ayrı mərkəzi
icra orqanlarına müvafiq tapşırıqlar verilib. Dövlət
başçısının imzaladığı Sərəncamda
bildirilir ki, kiçik və orta sahibkarlığa dəstək
məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin
ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul
istehsalı və emalı müəssisələri, habelə
xidmət müəssisələri yaradılacaq. Yeni sənaye məhəlləsinin fəaliyyətinin
təşkili və tənzimlənməsi “Azərbaycan
İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə
(ASC) həvalə olunub. İqtisadiyyat və Sənaye
Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin
təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə
gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və
istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat,
yanğından mühafizə, istehsal təyinatlı, inzibati,
sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi
və sahibkarlıq fəaliyyətinin səmərəli həyata
keçirilməsi üçün digər xidmətlərin
göstərilməsini təmin edəcək. Neftçala
Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili,
tənzimlənməsi, inkişafı, istehsal və emal olunan
sənaye məhsulları üzrə prioritet istiqamətlərin
müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin
həyata keçirilməsi də dövlət
başçısının imzaladığı Sərəncamla
İqtisadiyyat və Sənaye Nazirliyinə
tapşırılıb.
Artıq bəhs olunan Sərəncama uyğun olaraq
Neftçalada respublikada ilk dəfə salınacaq Sənaye Məhəlləsinin
tikintisinə başlanılıb. Sənaye Məhəlləsinin
yaradılması üçün 10 hektar torpaq sahəsi
ayrılıb. Yeni Sənaye Məhəlləsi
rayon mərkəzindən təxminən 5 kilometr aralıda,
Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir.
Burada qeyri-neft sənaye sahələri üzrə
məhsul istehsalı və emalı müəssisələri
tikilir. Əsas diqqət isə region
üçün prioritet olan sənaye məhsullarının
istehsalına yönəldiləcək.
Sənaye
Məhəlləsinin fəaliyyətə başlaması ilə
yeni iş yerləri açılacaq, bunun sayəsində də
rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək.
Həmçinin investisiyaların qoyulması və
istehsalın artması nəticəsində rayonun iqtisadi
imkanları yüksələcək.
Ərazidə eyni vaxtda yardımçı binalarla
birlikdə 17 tikilinin inşasına da başlanılıb. Paralel olaraq
kommunikasiya xətlərinin çəkilişi ilə
bağlı işlər də görülür. İş icraçısı Valeh Nəcəfovun
sözlərinə görə, hazırda tikintidə 180-200 nəfər
çalışır, işlər artdıqca işçilərin
sayı 500 nəfərə çatacaq.
Sənaye Məhəlləsində 8
modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə
onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə
alınmaqla sonradan tikiləcək.
Burada sahibkarlara bütün lazımi şərait
yaradılacaq.
Layihəyə əsasən sənaye obyektində
atmosferə atılacaq tullantılar minimuma endiriləcək, həmçinin
suya qənaət olunacaq.
Neftçala Sənaye Məhəlləsində Qafqazda
balıq yemi istehsal edəcək yeganə müəssisə də
fəaliyyət göstərəcək.
Sənayenin
regional strukturunun formalaşdırılması uğurlu nəticələr
verir
Azərbaycanda sənayenin yeni regional strukturunun
formalaşdırılması siyasəti uğurlu nəticələr
verir. Regionlarda yaradılan yeni sənaye müəssisələri
böyük müvəffəqiyyətlə fəaliyyət
göstərir və ölkənin iqtisadi potensialının
artmasına sanballı töhfələr verir. Bu sırada Qazax sement zavodunu da nümunə göstərmək
mümkündür. Yeni müəssisənin
tikintisi çərçivəsində Qazax-Gürcüstan sərhədi
avtomagistralından Daş Salahlı kəndinə asfalt yol və
bu yolun kənarı ilə zavoda dəmir yolu, həmçinin
110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib.
Bundan başqa, su xətti, suvarma kanalı, seldən
mühafizə bəndi və digər qurğular inşa
olunub. Layihəyə əsasən, müəssisənin
gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1
milyon ton sementdir. Zavodda bir neçə
markada sement istehsal olunur. Bununla əlaqədar
uyğunluq sertifikatları alınıb. Sement
istehsalında istifadə olunan xammalın və hazır məhsulun
keyfiyyətinin müntəzəm yoxlanılması
üçün zavodda kimyəvi və fiziki laboratoriya
quraşdırılıb. Laboratoriyada gips, əhəng
daşı, mergel, gil, vulkan külü,
klinker və sementin növlərinin kimyəvi, fiziki və
mexaniki sınaqları həyata keçirilir. Zavodun
avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının
mütəxəssisləri tərəfindən
proqramlaşdırılıb və ən müasir avadanlıqla
təchiz edilib. Müəssisənin idarə
edilməsi mərkəzi nəzarət otağından həyata
keçirilir. Bütövlükdə
zavodun ümumi tikinti kompleksinə 49 bina və qurğu
daxildir. Bunların 34-ü əsas, 15-i isə
yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı
ödəmək üçün 452 hektar torpaq sahəsi
ayrılıb. Bu layihənin
reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi
inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyevin iştirakı ilə
2013-cü ilin sentyabrında Gədəbəydə istifadəyə
verilən “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin
yeni zavodu da ən müasir standartlar səviyyəsində
qurulub. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz
qızıl alınırdısa, yeni müəssisədə
bu göstərici 85 faiz təşkil edir. Yeni
müəssisənin fəaliyyəti nəticəsində ətraf
mühitə kimyəvi maddələrin yayılmasının
təsiri azalıb. Bu məqsədlə
anbar tikilib və tullantıların oraya axıdılması
üçün xüsusi mühafizə olunan boru xətti
çəkilib.
Zavodda istifadə olunan avadanlıqlar xaricdən gətirilib. Emal prosesində
istifadə olunan aşındırma sistemi Avstraliya,
çökdürmə sistemi isə Cənubi Afrika
Respublikasının istehsalıdır. Köhnə
zavodda çökdürmə prosesi açıq havada
aparılırdısa, yeni müəssisədə bu əməliyyat
qapalı çənlərdə həyata keçirilir.
Yeni müəssisənin tikinti sahəsi 14,4
min kvadratmetrdir. Burada 32 min unsiya qızıl
istehsalı nəzərdə tutulub.
Naxçıvanda
müasir Sənaye Kompleksi işə salınıb
Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın əsas
qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata
keçirilən tədbirlər və mövcud şərait
bu sahə üzrə sahibkarlığın inkişafına,
iri sənaye komplekslərinin və istehsal sahələrinin
yaranmasına imkan verir. Bütün bunlar
isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə
və ixrac potensialının artmasına şərait
yaradır.
Bu günlərdə isə Naxçıvanda Prezident
İlham Əliyevin iştirakı ilə yeni Sənaye Kompleksi
işə salınıb. Kompleksin ümumi sahəsi
9 hektardır və özündə 4 zavodu birləşdirir.
Bunlar gips, gips lövhələr, əhəng və məsaməli
beton istehsal edən zavodlardır. Müasir
avadanlıqların quraşdırıldığı
zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə
videonəzarət sistemləri yaradılıb. Kompleks tam istifadəyə verildikdən sonra muxtar
respublikada müvafiq tikinti materiallarına tələbatın
yerli istehsal hesabına ödənilməsi təmin olunacaq.
Bu müəssisənin fəaliyyətə
başlaması daxili tələbatın ödənilməsi
ilə yanaşı, yerli inşaat materiallarının
ixracına da imkan verəcək. Yeni layihənin
reallaşması üçün Sahibkarlığa Kömək
Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.
Məsaməli beton istehsal edən zavodda xammal kimi daş
qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə
olunacaq. İnşaat sektorunda ən çox istifadə edilən
bu tikinti materialları istənilən ölçüdə
asanlıqla kəsilir, yüksək səviyyədə səs
və istilik izolyasiyasına malikdir. Bundan əlavə,
yüngül və zəlzələyə davamlı olan bu
materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur.
Müasir avadanlığın
quraşdırıldığı zavodda il
ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.
Kompleksə daxil olan digər zavodlarda da yüksək
şərait yaradılıb. Məsələn, əhəng
zavodunda istifadə olunacaq yerli xammal muxtar respublikanın
Qarabağlar mədənindən gətiriləcək. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd
təsərrüfatında, kağız və şüşə
istehsalında istifadə ediləcək. Sahəsi
4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng
istehsalı nəzərdə tutulur.
Gips zavodunda istifadə olunacaq xammal isə Çalxanqala,
Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından
gətiriləcək. Burada istehsal olunan məhsullar məsaməli beton
blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin
hazırlanmasında istifadə ediləcək. Zavodun
illik istehsal gücü 40 min ton gipsdir.
Gips lövhə zavodunda da yüksək şərait
yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə
kağızı və yapışqandan istifadə olunacaq.
Müəssisədə istehsal olunan məhsullara
inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə
alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin
hazırlanması həyata keçiriləcək.
Zəyəm
Texnologiyalar Parkında yeni müəssisələr istifadəyə
veriləcək
Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı ilə məşğul olan sahələrin də uğurlu inkişafına daha bir nümunədir. Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasirtipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir. Müəssisənin 7 hektar ərazisi var. Parkda 3 müəssisə fəaliyyət göstərir. Bunlar mexaniki, rəngləmə və hazırlıq müəssisələridir. Yaxın zamanlarda isə daha üç müəssisə istifadəyə veriləcək.
Zəyəm Texnologiyalar Parkı Avropanın və Asiyanın tanınmış müəssisələrində istehsal edilmiş ən yeni texnoloji avadanlıqlarla təchiz olunub. Müəssisədə presləmə, boru əymə, çən və boruları qaynaq edən, metal konstruksiyaları bucaq altında kəsən müasir avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, ötən dövrdə Zəyəm Texnologiyalar Parkı ASC-də istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara - Türkiyə və Polşaya ixrac edilib.
Hazırda Zəyəm Texnologiyalar Parkının istehsalat sahələrində 106 nəfər çalışır. Tikilməkdə olan yeni müəssisələr istifadəyə verildikdən sonra işçilərin sayı 250 nəfərə çatdırılacaq. Bu da, öz növbəsində, yerli sakinlərin sosial yaşayış standartlarının xeyli yaxşılaşmasına səbəb olacaq.Mingəçevirdə Yüksək Texnologiyalar Parkı yaradılır
Mingəçevir şəhəri respublikanın dördüncü iri sənaye mərkəzidir. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahələrindən biri hesab olunur. XX əsrin ortalarında su elektrik stansiyasının tikilməsi ilə əlaqədar yaradılan Mingəçevir şəhəri sonralar xalqımızın Ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsü və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızın energetika mərkəzi olmaqla yanaşı, həm də iri sənaye şəhərinə çevrilib. Burada ölkənin enerji təminatında müstəsna əhəmiyyət kəsb edən istilik elektrik stansiyası, habelə elektroenergetika, maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları sənayesi müəssisələri tikilib. 1981-ci ildə istifadəyə verilən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsindən biri kimi uğurla fəaliyyət göstərir. Burada 966 nəfər çalışır. 1955-ci ildə yaradılan “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC-də isə 107 nəfər işləyir. Şəhərin digər sənaye müəssisələrindən biri də 2005-ci ildən fəaliyyət göstərən “Kür” Elektron Avadanlıqları İstehsalı” MMC-dir. Kompüter avadanlıqları istehsalı sahəsində ixtisaslaşan müəssisə tam gücü ilə işlədikdə 7 milyon manatlıq məhsul istehsal etmək imkanı var.
Şəhərdə şüşə-plastik və polietilen borular istehsal edən “Mingəçevir İzolit” ASC, maşınqayırma və neft avadanlıqları istehsalı üzrə ixtisaslaşan “Azneftmaş” ASC, “Akkord” Şirkətlər Qrupunun Mingəçevir Maşınqayırma Zavodu, “Azərkabel” ASC və Bakı Dəmir-Beton Məmulatları Zavodunun filialı fəaliyyət göstərir.
Hazırda isə Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.
Tikintinin aparılması məqsədilə sənədləşmə işləri görülür. Parkın tikintisi üçün ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri aparılır, habelə infrastrukturun qurulması məqsədilə baş plan hazırlanır. İlkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və layihə əsasında yaxın müddətdə tikinti işlərinə başlanılması nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2015.- 9 dekabr.- S. 8